Azərbaycan İnformasiya Agentliyi (AİA)


Rusiya baş naziri gəlir bəyannaməsi təqdim etdi, bəs Azərbaycanda...


005-ci ildə qəbul edilən qanunun tətbiqi 12 ildir dalana dirənib - səbəb; ekspert: “Bu məlumatların açıqlanması ictimai nəzarətin daha yaxşı təşkilinə mühüm töhfə verə bilər...”

Rusiyanın baş naziri Dmitri Medvedyev və hökumət üzvləri 2016-cı il üzrə gəlir bəyannamələrini təqdim ediblər. Bu barədə Rusiya qaynaqları məlumat yayıb.

Azərbaycanda da vəzifəli şəxslərin gəlir bəyannaməsinin təqdim etməsini nəzərdə tutan, lakin hələ ki, ənənəyə çevrilməyən qanun var. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” adlı qanun 2005-ci ildə qəbul edilib.

12 il öncə Milli Məclisdə qəbul edilən qanun icra edilmir. Bu qanun hər ilin əvvəlində yüksək vəzifəli məmurların illik gəlir və əmlaklarını açıqlamasını nəzərdə tutur.

“Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” adlı qanun 2005-ci ildən qüvvəyə minib. Həmin ilin avqust ayında xüsusi fərmanla 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Amma bu günə qədər gəlir bəyannaməsinin rəsmi forması təsdiq edilməyib. Məsələyə cavabdeh olan nazirliklər də bəyannamə formasının çoxdan hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyini bildirirlər. Nazirlər Kabinetinin bu məsələni niyə gecikdirdiyini isə öyrənmək heç cür mümkün deyil.

2012-ci ildə məmurların gəlir bəyannamələrinin elektron formada tətbiq edilməsi üçün başqa bir fərman da verilib. Fərmandan sonra güman olunurdu ki, artıq 2014-cü ilin yanvar ayının 1-dən məmurlar elektron formada gəlir bəyyannamələri təqdim edəcəklər. Amma bununla belə, hələ də Azərbaycan məmurları gəlir bəyannamələri tətbiq etmirlər.

2005-ci ildə qəbul edilmiş qanunda nəzərdə tutulmuş qayda əksər inkişaf etmiş ölkələrdə, hətta Rusiyada tətbiq edilir. Postsovet məkanında bir sıra ölkələr bu qanunu tətbiq etməklə korrupsiyaya qarşı mübarizədə müəyyən irəliləmələr əldə ediblər. Azərbaycanda isə sözügedən qanunun icra mexanizminin olmaması bu istiqamətdə irəliləyişə mane olur. Bu məsələyə korrupsiya əleyhinə ölkələr qrupunun (GRECO) 2015-ci ildə Azərbaycan üzrə verdiyi hesabatında da toxunulurdu.
Ekspertlər bildirir ki, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ictimai nəzarətin təşkil edilməsi, məmurların hesabatlığının artırılması sahəsində çox mühüm alət olardı. QHT rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, əslində, bu məsələ 2015-ci ildə öz həllini tapmalı idi. Çünki məmurların gəlir bəyannaməsinin tətbiqi korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında da nəzərdə tutulmuşdu. Amma məsələ həllini tapmadı. Vəzifəli şəxslər hələ ki, bu işi gerçəkləşdirməyi mümkün saymırlar. Məsələn, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin əvvəlində bildirmişdi ki, bəzi ölkələrdə bu sənədin tətbiqi səmərə vermədiyindən Azərbaycanın hüquq sisteminə ən uyğun format öyrənilir. Vergilər naziri Fazil Məmmədov isə məmurlardan gəlir bəyannamələrini 2020-ci ildə tələb etməyin mümkün olacağını söyləmişdi.

Ekspert qanunun icrasına daha tez keçməyi vacib sayır. Çünki məmurlar şübhəli və qeydiyyata alınmayan böyük gəlirlərə malikdirlər: “Hər il bəyannamələr təqdim etsələr, həmin gəlirlərin səviyyəsi xeyli aşağı düşə bilər.

Gəlir bəyannamələrinin tətbiqi üçün Azərbaycanda maliyyə amnistiyası və korrupsiya faktları barədə məlumat verən vətəndaşların qorunması məsələsi də həll edilməlidir. Bunları etmədən qanunun tətbiqi çətin olacaq. Bu məlumatların açıqlanması öz növbəsində ictimai nəzarətin daha yaxşı təşkil olunmasına da əhəmiyyətli töhfə verə bilər. Çünki vətəndaş cəmiyyəti institutları məmurların cəmiyyət qarşısında hesabatlılığının təşkil olunması üçün zəruri məlumatlara çıxış əldə etmiş olardı. Əslində qanunun tətbiqinin bu qədər gecikdirilməsi anlaşılan deyil".


0 0



Şərhlər (Facebook)