Azərbaycan İnformasiya Agentliyi (AİA)


Araz Əlizadə: Məhəmməd Əmin Rəsulzadə Azərbaycan üçün nə edib, nə yarada bilib? Heç nə!



“Məhəmməd Əmin Rəsulzadə Azərbaycan üçün nə edib, nə yarada bilib? Heç nə!”.

Azərbaycaninfo.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə Ölkə.Az-a müsahibəsində deyib.

ASDP sədri müsahibəsində Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətini tənqid edib.

O, Məhəmməd Əmin Rəsulzadə ilə Heydər Əliyevin müqayisə edilməsinin doğru olmadığını deyib:

“Hərənin tarixdə öz yeri var. Heç kəs heç kimin yerini tutmur. Bunları müqayisə edən şəxslərin özləri səfehdirlər. Ancaq Azərbaycan tarixində Heydər Əliyevin müstəsna rolu və yeri var. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan üçün nə edib, nə yarada bilib? Heç nə! Amma Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaradıb. Yenə də deyirəm ki, mən bu şəxsləri müqayisə etmirəm. Çünki zaman və məkan tamam ayrı-ayrıdır. Ümumiyyətlə, Məhəmməd Əmin Rəsulzadə ilə Heydər Əliyevi müqayisə etmək mümkün və düzgün deyil.

Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesində gözəl bir məqam var. Əsərdə deyilir ki, yaratdığını yaşatmırsansa, yaratma! Heydər Əliyev Azərbaycan dövlətini yaşatdı, Məhəmməd Əmin Rəsulzadə isə yaşada bilmədi. Amma yenə də mən buna görə Məhəmməd Əmin Rəsulzadəni qınamıram. Çünki zaman və məkan məsələsi var. Əgər Heydər Əliyev şəxsiyyəti olmasaydı, ikinci dəfə də Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaqdı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə 23 ayda 5-6 hökumət dəyişdi. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazananda da oxşar proseslər gedirdi. Vəzirov getdi, Mütəllibov gəldi, sonra da Əbülfəz Elçibəy prezident oldu və sairə. Ancaq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın müstəqilliyinə qarşı mövcud olan təhlükələri aradan qaldıra bildi. Bunun üçün təcrübə və bacarıq lazım idi. Nə Bağırov, nə Vəzirov, nə Mütəllibov, nə də Əbülfəz Elçibəyin dövləti idarə etmək təcrübəsi yox idi”.

Araz Əlizadə həmkarı Fazil Mustafanın bu yaxınlarda səsləndirdiyi “1992-ci il 14 mayda Ayaz Mütəllibovun hakimiyyətə qayıtması dövlət çevrilişi idi” fikri ilə qətiyyən razı olmadığını bildirib:

“Əksinə, ayın 14-15-də Ayaz Mütəllibova qarşı AXC tərəfindən dövlət çevrilişi olmuşdu. Yəni, Mütəllibov dövlət çevrilişi etməyib. AXC hakimiyyətə dövlət çevrilişi ilə gəlmişdi, Əbülfəz Elçibəy isə saxta seçkilərlə prezident olmuşdu. Həmin vaxt seçkilərdə rəhmətlik Nizami Süleymanov qalib gəlmişdi. Lakin seçkilər saxtalaşdırıldı və Əbülfəz Elçibəy prezident oldu. Bununla da Azərbaycanda hərc-mərclik və xaos başladı, ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Allaha şükürlər olsun ki, o dövrdə Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanda baş verən xaosun qarşısını aldı. Yoxsa Azərbaycan dövləti məhv olub gedəcəkdi”.


0 0



Şərhlər (Facebook)