Azərbaycan İnformasiya Agentliyi (AİA)


Deputat kürdlərlə bağlı yazılanları təkzib etdi - Qalmaqal


Uzun illərdir Azərbaycan elminin və Azərbaycan dövlətçiliyinin xidmətində olan bir şəxsəm. Bu günlərdə mənim ümumiyyətlə söyləmədiyim ifadə sensasiya xatirinə bəzi saytlar tərəfindən səhifələrinə və xəbər başlığına çıxarılıb. Buna qəti etirazımı bildirmək istəyirəm.

Bunu Modern.az saytına açıqlamasında deputat, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib.

G. Baxşəliyeva qeyd edib ki, haqqın.az saytının müxbiri telefon vasitəsilə ona İraq Kürdüstanında referenduma dair suallar verib.

“Və imkanım daxilində onları cavablandırmışam. Həmin saytda 20 avqust tarixində yayımlanan xəbərdə isə mənim adımdan guya kürdlərin heç zaman Azərbaycan torpaqlarına iddialarının olmalarını gizlətmədiklərini söyləməyim qeyd edilib. Bu fikir yazının başlığına da çıxarılıb.

Bununla əlaqədar bildirirəm ki, mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm. Bu, sadəcə sensasiya axtaran sayt nümayəndəsinin öz təxəyyülünün məhsuludur. Belə sensasiyalı fikri dərhal köçürüb tirajlayan digər sayt nümayəndələri isə həmin fikrin həqiqətən deyilib-deyilmədiyini zəng edib məndən öyrənə bilərdilər. İkincisi də xəbərdə mənim söylədiklərimin əsasən vasitəsiz nitq formasında olduğu halda, başlığa çıxarılan fikrin nə üçün mətndə vasitəli nitq formasında təqdim olunması o yazıdan istifadə edənlərdə şübhə doğurmalı idi.

Əgər fikir başlığa çıxarılıbsa, nə üçün bu qədər əhəmiyyətli hesab edilən fikir birbaşa müsahibin sözləri ilə deyil, jurnalistin guya mənim sözlərimi dolayısı ifadəsi ilə təqdim olunub? Bütün bunlar yalnız təəssüf doğurur”-deyə deputat bildirib.

Onun sözlərinə görə, digər tərəfdən Azərbaycanla bağlı qeyd edilən həmin fikir dövlətçiliyimizə ziddir.

“Mən, tam məsuliyyəti ilə bəyan edirəm ki, Azərbaycanda kürdlərlə bağlı heç bir problem və ya ərazi iddiası məsələsi mövcud deyil və olmayıb da. Bu fikri ancaq Azərbaycan dövlətçiliyinə və Azərbaycanda millətlər arasındakı səmimi münasibətlərə zərər vurmaq istəyən insanlar ortaya ata bilərlər”.


0 0



Şərhlər (Facebook)