Azərbaycan İnformasiya Agentliyi (AİA)


Prezident müxalifətin kitabını niyə bağlayıb?


Zahid Oruc: “Bu şəxslərin özləri ilk növbədə, öz kitablarını bağlayıblar”

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə bağlı çıxışında ölkə müxalifəti barədə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Çıxışının bir qismini müxalifətə sərf edən ölkə başçısının fikirlərində daha çox iki hissi diqqət çəkib.

İ.Əliyevin Azərbaycan müxalifətinin kitabının bağlandığını dilə gətirməklə yanaşı onların xaricdən idarə olunduğunu, onlara xaricdən komandalar verildiyini qeyd edib. Məhz bunun nəticəsində müxalifətin fəallaşdığını, aksiyalar təyin etdiyini, lakin mitinqlərə 1000 nəfərdən az adam gəldiyini deyib.

Qeyd edək ki, son illərdə ölkə rəhbəri müxalifət barədə çıxışlarında bu cür fikirlər tez-tez dilə gətirir.

İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, ölkə başçısı uzun illər öz siyasi kursunu müəyyən edərkən, iddiasını dövlət quruculuğu prosesinə apararkən, ölkənin həyatını dəyişərkən onun əleyhinə fəaliyyət göstərən xarici və daxili qüvvələrə əhəmiyyəti verməyib: “Əslində cənab prezidentin bu siyasəti realist bir siyasətdir, həm də liderlik səriştəsidir. Çünki sən özünə inanırsan və düşünürsən ki, idarə olunan deyil, idarə edənsən. Bilirsən ki, hansısa bir müqavimət gücü səni öz iradəndən çəkindirməyəcək. 2003-cü ildən bu yana müxalifət ölkə başçısını onlarla hesablaşmağa məcbur etmək gücündə olmadıqlarını yaxşı görürlər. Bəzən keçmişə gedərək olduqca gülməli arqumentlər, mövqelər irəli sürürlər. Cənab prezidentin milli məsələlərlə bağlı fəaliyyəti onu qiymətləndirən erməni dairələri və digərlərinə çox sərt görünür. Bu iqtidarın əleyhinə olan hal kimi səciyyələndirilə bilər, amma ölkə başçısı heç vaxt bundan çəkinməyib. Çünki milli məsələmizi daim öndə tutur. Amma bir meydana sıxacaq qüvvələr böyük-böyük iddialarla çıxış edir, bu istiqamətdə fəaliyyətlərini qururlar. Fəaliyyətləri isə bu zaman ölkənin, millətin mənafelərinin əleyhinə olur. Nəticədə isə onlar göstərilən münasibətə layiq olurlar. Burada bir misal çəkəcəm, Əli Kərimlinin ”Məhsul" stadionunda xitab etdiyi leksikon siyasi İŞİD nümunəsi sayıla bilər. O, Əl-Bağdadi üslubunda danışdığının fərqində deyil.
Prezident müxalifətin kitabını niyə bağlayıb?
Zahid Oruc


Yəqin ki, özü də sağ mərkəzçi mövqedən qatı dindar və ya ekstremizm təmayülünə yuvarlandığını görmür. Allah kəlamları ilə insanları ətrafına toplamağa çalışması bundan xəbər verir. Son statuslarının birini Əli Kərimli avtomobilində partladılan maltalı xanım jurnalistə həsr edib və orada qətllə bağlı beynəlxalq səviyyədə aparılan araşdırmada Azərbaycanın da günahının olub-olmadığının araşdırılacağını böyük sevinclə qeyd edib. Düşünmür ki, Azərbaycanın o qətllə nə əlaqəsi ola bilər? Mərhum xanım jurnalistin müxtəlif kəslərlə bağlı kriminal araşdırmaları mövcud idi. İndi məlum olur ki, onu hansı mafiya qətlə yetirib. Əli Kərimli indi Azərbaycan hakimiyyətindən və bu xalqdan üzr istəyəcəkmi ki, bu dövləti ona heç bir aidiyyatı olmayan qətlə görə ittiham edib? Açığını deyim ki, bəzən erməni mediasında belə bu cür düşmənçiliyi avantüranı görmürsən. Bu baxımdan hesab edirəm ki, bu şəxslərin özləri ilk növbədə, öz kitablarını bağlayıblar. Əgər meydanlar yüz minlərlə insandan ibarət olsa, onun qarşısını heç bir qüvvə, güc ala bilməz. Onların səsi, etiraz gücü, hakimiyyəti onlarla hesablaşmaq çağırışı bütün meydanı doldurardı, nəinki bir stadionu. Hakimiyyət orqanlarına təsir edilərdi, ölkə həm də müxalifətin iradəsi ilə idarə olunardı, amma normal müxalifət bu ölkədə yoxdur. Bir ovuc qüvvənin özünü ölkə miqyasında olmuş kimi göstərməsi, iddialara bölünməsi sadəcə gülməlidir. Bu baxımdan cənab prezidentin onlara göstərdiyi münasibətdən artığına layiq deyillər".

Deputat müxalifətin xaricdən təlimat almasına da toxundu: “Müxalifətin xaricdən idarə olunduğu heç kəsə sirr deyil. Azərbaycandan xaricə gedənlər orada təşkilatlandırılır. Bu tək ermənilərin əli ilə ola bilməz. Müxtəlif xarici qüvvələrin yardımı ilə o insanlar təşkilatlandırılır. Müxalifətin əsas hissəsini xaricdə qalmağa üstünlük verməsi də təsadüf deyil, baxın, xaricdə mühacir müxalifəti formalaşdırılır. Onlara yardım da xaricdən edilir. Ölkə daxilində onlara əvvəlki illər kimi maliyyə yardımı yoxdur. Çünki onların böyük qismi kəsilib. Amma fəaliyyət göstərməyə çatacaq səviyyədə də var. Bir də Əli Kərimli xalq adamı ola bilməz. Təsəvvür edin ki, o xüsusi bir maşında gəlir, ətrafında olan adamlarla onun özünün arasındakı fərq olduqca böyükdür. İndi onun nəyi xalq adamı oldu? Bu şəxslər axşamlar ziyafətlərə dəvət olunduqları səfirliklərdən də müəyyən yardımlarını alırlar. Həmin səfirliklərin ölkələrinin mətbuatına ötürülən məlumatlar da bir-iki şəxsin araşdırması ola bilməz. Düşünürəm ki, ölkə başçısının reaksiyaları onun işinə, milli strategiyasına mane olmağa çalışan qüvvələrlə bağlıdır. Cənab prezident 3-5 ildə bir dəfə bunu edib və o da yetərli olub”.

Cavanşir ABBASLI



0 0



Şərhlər (Facebook)