Azərbaycan İnformasiya Agentliyi (AİA)


Eynulla Fətullayev: "Hüseyn Abdullayevdən 2-ci etiraf – Heydər Əliyev Quskanı Bakıdan niyə didərgin saldı?"


Araşdırmaçı - jurnalist Eynulla Fətullayev vaxtilə jurnalistlər, vətəndaş cəmiyyətinin üzvlərinə qarşı qoçu dəstələri ilə hücum çəkən “Quska” ləqəbli Hüseyn Abdullayev barədə daha bir sensasion yazı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Eynulla Fətullayev “Quska”nın ikinci cinayətini ifşa edib. Xatırladaq ki, bundan öncə, Eynulla Fətullayev Hüseyn Abdullayevin ADP sədri Sərdar Cəlaloğluya sui -qəsdin detallarını paylaşmışdı. Bu dəfə isə araşdırmaçı - jurnalist aşağıdakı yazını paylaşıb:

“Hüseyn Abdullayevdən 2-ci etiraf – Heydər Əliyev Quskanı Bakıdan niyə didərgin saldı?

Qədim torpağın Culfa rayonunda toyxanalarda postsovet erası üçün nou-xau sayıla biləcək ionika instrumenti ilə naxçıvanlıları təəccübləndirən kasıb bir şoferin oğlu “Quska” günlərin bir günü Bakının bütün yanacaq bazarında inhisar qurmaq iddiasına düşdü. Tale Quska Abdullayevin üzünə gülümsədi də. 90-cı illərin sonuna qədər Quska nəinki metal, həm də yanacaq üzərində inhisara nail oldu. Yəqin ki, 90-cı illərdəki acınacaqlı səhnələr hamının yadındadı – Bakı küçələrində Quskanın küçə uşaqları benzini və dizeli vedrələrlə satırdı. Sonra bu vedrənin biri də Sərdar Cəlaloğlunun başında partladı…

Ancaq kustar üsullarla, heç bir sərmayə qoymadan, sadəcə dizeli satıb pulu cibə qoymaq kimi primitiv mexanizmin dövrü bitmək üzrə idi. Həm də bazara yeni biznesmenlər – Quskadan daha savadlı və Qərb menecmentini əxz etmiş iş adamları indiki prezidentliyə namizədə rəqib çıxmaq istədilər.

Onlardan biri "Azərsun Holdinq"in rəhbəri, hamının tanıdığı Abdolbari Gözəl idi. Təxminən 2000-ci ildə Fərhad və Rafiq Əliyevlər qardaşları ilə bərabər, Gözəl də Quskanın inhisara götürdüyü biznesə əl uzatmaq istədi. Və uzatdı da. O da daşınma biznesində kvota aldı.

Sağlam rəqabətə davam gətirməyən Quska, öz cinayətkar dəstəsini Gözəlin ofisinə göndərdi. Təxminən 2001-ci ilin payızında, Quskanın qanunsuz silahlı dəstəsi Gözəlin ofisinə soxuldu, biznesmenə qarşı zorakılıq etdilər, həm də məqami-cəngdən istifadə edərək, iş adamının kabinetini qarət etdilər. Gözəlin seyfindən də 180 min dollar pul apardılar.

Məsələ şişdi. Bu haqda rəhmətlik Heydər Əliyevə məruzə etdilər. Qəzəblənmiş prezident faktiki olaraq Quskanı ev dustağına çevirdi. 2003-cü ilin oktyabrına qədər Quska Bilgəhdə bağında qaldı, Bakının həsrətini yaşadı… İndiki kimi… Yüngül cəza imiş deməli”.

Eynulla Fətullayev bildirib ki, ifşa prosesi davam edəcək.


0 0



Şərhlər (Facebook)