Azərbaycan İnformasiya Agentliyi (AİA)


Erməni tarixçisi Bakıdan Ermənistan hakimiyyətinə zərbə endirdi


Artur Ağacanov: “Qarabağ Azərbaycanın tərkibinə qayıtmalıdır”

Azərbaycanın sabiq xarici işlər naziri Bakıda ermənilərə tribuna verilməsini dəstəklədi: “Azərbaycan xalqı ənənəsinə uyğun olaraq mövqe göstərir ki, ölkəmizin düşmənləri sadə ermənilər deyil, ərazilərimizə iddialı olan canilərdir”

Tarixçi, “Ermənistan-Azərbaycan vətəndaş platforması” İdarə Heyətinin üzvü, etnik erməni Artur Ağacanov və həmin təşkilatın İdarə Heyətinin başqa üzvü, ictimai xadim Rima Sarkisova Bakıya gəlib. Onların gəlişində məqsəd “Multikulturalizmin Azərbaycan modeli: etnomədəniyyət fərqi” adlı beynəlxalq konfransda iştirak etməkdir.

Bundan başqa, Bakıdakı konfransa məşhur beynəlxalq ekspertlər: siyasi analitik Piter Teys, London İqtisadiyyat məktəbinin tədqiqatçısı Mikaela Nikoletta və Qərbin digər intellektual mərkəzlərinin nümayəndələri də gəlib. Konfransın təşkilatçısı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdır. Multikulturalizmin Azərbaycan modelini müzakirə etmək üçün Bakıya Qərbin və İsrailin beyin mərkəzlərinin məşhur nümayəndələri gəlib. Konfransın işində həmçinin Azərbaycan Prezident Administrasiyasının, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları və Milli Məclisin deputatları iştirak edir. Konfransda multikulturalizmin uğurlu Azərbaycan modeli ilə yanaşı, Ermənistanın Qafqazda ekspansiya siyasətinin nəticələri müzakirə edilir.

Noyabrın 28-də erməni tədqiqatçıları və ictimai xadimləri - Artur Ağacanov və Rima Sarkisovanın da iştirakı ilə öz işinə başlayan elmi-praktiki konfrans zamanı bir sıra maraqlı fikirlər səsləndirilib. Qeyd edək ki, A.Ağacanov və R.Sarkisova Ermənistan-Azərbaycan Sülh Platformasının fəal iştirakçılarıdır. Onlar Bakıda Ermənistanın işğalına etiraz mövqeyindən çıxış ediblər.

“Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır”.

APA-nın məlumatına görə, bunu Ermənistan Azərbaycan Sülh Platformasının idarə heyətinin üzvü Artur Ağacanov deyib. O bildirib ki, 27 ildir münaqişənin həlli ilə bağlı bütün variantlar irəli sürülüb: “Yeganə müsbət cəhət odur ki, geniş şəkildə hərbi əməliyyatlar başlamayıb. Heç bir maddə üzrə həll olunmayıb. Bizim fəaliyyətimizlə bağlı yanaşmalar fərqlidir, kimsə neqativ, kimsə pozitiv yanaşıb. Lakin tədricən insanlar bizə qoşulur. Bu, bizi sevindirir. Zamanla hər şey düzələcək”.

Bakıya gələn amerikalı analitik və jurnalist Piter Tas da Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasını qəbuledilməz sayıb. Onun fikrincə, müasir dünyada dövlətlərin ərazi bütövlüyü maraqlarını bulanıq və qeyri-müəyyən xalqların öz müqəddəratını təyin etmək prinsipinə qurban vermək olmaz. “Necə ola bilər ki, eyni xalq müxtəlif dövlətlərin tərkibində öz müqəddəratını təyin etsin? Bu xaotik proses nəyə gətirib çıxarar? Müasir beynəlxalq təhlükəsizlik sistemi təşəkkül tapmış müasir dövlət sərhədlərini dağıdan bu qarışıqlığın qarşısını necə alacaq? Özü də Qafqazda öz müqəddəratını təyin etmə cəhdləri millətlərarası ədavəti qızışdırır, qanlı müharibələrə gətirib çıxarır, ayrıca götürülmüş bir ölkədə - Ermənistanda faşizm ideologiyasının bərqərar olmasına aparır”, - deyə amerikalı analitik çıxışında bildirib. Onun sözlərinə görə, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün qətiyyətli təmin edilməsində vahid mövqe nümayiş etdirməsə, Qərb cəmiyyətində sabit və zəmanətli gələcək haqqında danışmaq olmaz.

“Qarabağ erməniləri Azərbaycanın siyasi müstəvisinə qayıtmalıdır. Yüz illərlə ermənilər və azərbaycanlılar birgə yaşayıblar. Bizim ənənələrimiz, tarixi irsimiz birdir, vahid mentalitetimiz var. Niyə seçim hüququnu əlimizdən alıblar? İnanın, bir çox Qarabağ erməniləri Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının lehinə çıxış ediblər”, - bunu isə öz çıxışında erməni tarixçisi Artur Ağacanov deyib. Natiq Ermənistanın hazırkı rəhbərliyinin hərb siyasətini qınayıb və hərbi ritorikadan əl çəkməyə çağırıb. A.Ağacanov eyni zamanda Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin lokallaşmasındakı rolunu qeyd edib. Erməni ictimai xadim Qarabağ ermənilərini Ermənistanın işğalçı rejiminin təsirindən qurtarmağa və tarixi Vətənlə - Azərbaycanla yenidən inteqrasiyaya çağırıb.

“Ermənistanda faşizm və antisemitizm dalğası baş qaldırıb. Bu kampaniyanın kulminasiyası alman nasizminin xidmətçilərindən biri olan Qaregin Njde kimi erməni faşistinin obrazının bütləşdirilməsi oldu. Bu nasist canisi Ermənistanda hakim Respublika Partiyasının ideoloji kultu elan olunub”. Bunu isə çıxışında israilli politoloq Arye Qut bildirib.

Daha sonra söz Prezident Administrasiyasının nümayəndəsi Etibar Nəcəfova verilib. Onun sözlərinə görə, bir sıra aparıcı Qərb ölkələrində multikulturalizmin kollapsına baxmayaraq Azərbaycan multikulturalizmi özünün dövlət siyasətinin məhək daşı elan edib. E.Nəcəfov əminlik ifadə edib ki, multikulturalizm modeli özünü çoxmillətli Azərbaycanda tamamilə doğruldub və bu model hakimiyyətin xarici və daxili siyasəti ilə harmoniyalaşır. Azərbaycan sülh siyasətinə can atır və İlham Əliyev tərəfindən 2008-ci ildə elan edilmiş Bakı prosesinin prinsiplərindən çıxış edir.

Konfransda giriş sözü ilə Dövlət komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edib. Xarici və yerli ekspertlərə, erməni tədqiqatçılara konfransda iştiraklarına görə minnətdarlığını bildirərək, natiq prezident İlham Əliyevin yürütdüyü multikulturalizm və xalqların birgə yaşayışı siyasəti barədə danışıb.

“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə heyətinin Ermənistandan olan üzvü, ictimai fəal Rima Sarkisova konfransda çıxışı zamanı Bakıdan ayrıldığı üçün millətçi erməniləri lənətləyib. Emosiyalarını saxlaya bilməyən Rima Sarkisova ağlayaraq “Azərbaycan mənim vətənimdir” deyib. Qeyd edək ki, konfransa Ermənistandan gəlmiş digər nümayəndələr də qatılıblar...

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında Sülh Platforması təşəbbüsünü dəstəklədiyini bildirdi: “Təbii, biz başa düşməliyik ki, Sülh Platforması xalq diplomatiyasının bir növüdür, ictimai təşəbbüsdür. Eyni zamanda bilməliyik ki, bu, prosesdə yardımçı vasitə ola bilər, lakin rəsmi diplomatiyanı tam əvəzləyə bilməz”. Diplomat Sülh Platforması ilə yanaşı, Bakıda multikultiralizmə həsr olunmuş tədbirə erməni ekspertlərin də dəvət olunmasını normal qiymətləndirdi: “Hesab edirəm ki, bu, əhəmiyyətli tədbirdir. Ermənistanın rəhbərliyi, həm Robert Köçəryan, həm də Serj Sərkisyan müxtəlif bəyanatlar veriblər ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməzlər. İşğalçı ölkənin rəhbərliyi daim bəyan edib ki, hətta sülh bərqərar olandan sonra da ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməz. Bu baxımdan onların belə rasist və faşist mövqeyinə cavab olaraq Azərbaycanın atdığı addımlar təbii ki, faydalıdır. Azərbaycan xalqı ənənəsinə uyğun olaraq mövqe göstərir ki, Azərbaycanın düşmənləri sadə ermənilər deyil, ərazilərimizə iddialı olan canilərdir. Proses genişlənərsə, daha çox insanları əhatə edərsə, daha da faydalı olar. İndiki halda danışıqlarda böhran hökm sürür. Bu təşəbbüs o zaman daha çox əhəmiyyətli olacaq ki, danışıqlarda da irəliləyiş əldə olunacaq”.

E.PAŞASOY


0 0



Şərhlər (Facebook)