Azərbaycan İnformasiya Agentliyi (AİA)


Amerikalı yazıçı Ermənistanın Azərbaycana təcavüzü haqqında


“Baku Network” ekspert məkanında (http://bakunetwork.com) politoloq, fəlsəfə elmləri doktoru, “Baku Network”un rəhbəri Elxan Ələsgərovun ABŞ-dan olan məşhur yazıçı və siyasi analitik Raul Louri Kontrerasla görüşü keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub.

“Dağlarda qətl” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi R.L.Kontreras Azərbaycanın son 20 ildə olduğu vəziyyətlə bağlı fikirlərini bölüşüb: “Mən bir dəfə “New York Times” qəzetində “Dondurulmuş müharibə” adlı məqalə oxudum. Orada söhbət Xocalıdan gedirdi. Həmin ana qədər mən bu barədə heç nə eşitməmişdim və oxuduqlarım məni şoka salmışdı. Bir amerikalı və keçmiş zabit olaraq mən silahsız kişilərin, qadınların və uşaqların güllələnməsini, bir sözlə, Xocalıda baş verənləri qəbul edə bilmərəm”.

Vəziyyətlə tanış olduqdan sonra müəllif bəşəriyyətə qarşı bu cinayət barədə kitab yazmağı qərara alıb. O, erməni əsirliyində olmuş azərbaycanlı qadınlardan müsahibə götürüb. “Dağlarda qətl” kitabı bu qadınların dedikləri əsasında yazılıb.

E.Ələsgərov deyib: “Bu, əla işdir. Çünki ABŞ-da çoxlu sayda insana Azərbaycanın qarşılaşdığı reallıqlarla və ən əsası Qarabağ münaqişəsinin real səbəbləri və Ermənistanın işğalçı siyasətinin məğzi ilə tanış olmaq imkanı verir”.

“Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitabında erməni lobbisinin ABŞ-da nə qədər güclü olduğu təsvir edilir.

R.L.Kontreras deyib: “ABŞ-da 1,3 milyona yaxın erməni yaşayır. Amma say burada vacib deyil. Bir qrup erməni var ki, onların pulu çoxdur və ABŞ Konqresinə birbaşa çıxış əldə edə bilirlər. Onlar seçki kampaniyalarında əmanət olaraq çekləri imzalayır və öz maraqlarını Konqresdə təşviq etmək imkanı əldə edirlər. Azərbaycan heç vaxt ABŞ-dan bu cür dəstək almayıb”.

Yazıçı vurğulayıb ki, ermənilərin ABŞ-da iki əsas məqsədi var: "Birincisi, ermənilərin “soyqırım” adlandırdığı hadisənin ABŞ tərəfindən tanınması, ikincisi isə ehtiyacı olan ölkə kimi Ermənistana ABŞ-dan mümkün qədər çox maliyyə yardımı göndərmək".

Yazıçı yazmağı planlaşdırdığı üçüncü kitabında oxucularına Azərbaycanı gözəl mədəniyyəti olan bir ölkə kimi tanıdacaq: “Bu kitab müharibə haqqında olmayacaq, o Azərbaycan xalqına, mədəniyyətinə və onun gələcəyinə həsr olunacaq”.

Müəllif kitabında Azərbaycanın gələcəyini necə gördüyünü, postneft erasında ölkənin inkişafını necə təsəvvür etdiyini və gələcəkdə hansı istiqamətlərin inkişaf edə biləcəyi haqqında bəhs edəcək.


0 0



Şərhlər (Facebook)