Azərbaycan İnformasiya Agentliyi (AİA)


Təhsildə və səhiyyədə bitməyən rüşvət mərəzi... - Nə etməli?


Ölkə təhsili və səhiyyəsi rüşvət bataqlığında boğulur. Ayrı-ayrı təhsil və tibb müəssisələrində rüşvət faktları ilə bağlı vaxtaşırı üzə çıxan görüntülər böyük rezonans doğurur. Ölkə səhiyyəsinin vətəndaşa göstərdiyi xidmət də yarıtmaz və keyfiyyətsizdir.

“Dünya Bankı” "Dünya İnkişaf Hesabatı 2017-İdarəetmə və Qanun" adlı hesabatında Azərbaycanı təhsil və səhiyyə üçün qeyri-rəsmi ödənişlərin ən geniş yayıldığı ölkələrdən biri kimi təqdim edib. Bunun özü də rüşvət faktının olduğunu göstərən amildir.

Ölkə qanunvericiliyinə görə, rüşvət cinayət hesab olunsa da, bunun qarşısını almaq mümkün deyil. Mübarizə aparılır, müəyyən işlər görülür, ancaq fakt yenə də faktlığında qalır. Bu gün həkim qəbuluna düşmək üçün qeyri-rəsmi ödəniş etmək məcburiyyətindəyik. Uşaq oxutdurmaq üçün müəllimə “hörmət” etməliyik. Məsələn, ötən günlərdə mediada belə bir şikayət yayılmışdı. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alan Qarabağ qazisi Məlik Sadıqov şəkər xəstələri üçün ayrılan dərmanların onlara verilmədiyini, baş həkim tərəfindən satışa çıxarıldığını deyirdi. Yəni, dövlətin onlara havayı verdiyi dərmanları xəstəxana rəhbərləri xəstələrə pulla satır.
Digər tərəfdən, bir müddət öncə xəstədən rüşvət alan həkimin videogörüntüsü yayılmışdı. Qeyd edək ki, görüntünü Baş Prokurorluq yaymışdı. Belə ki, Baş Prokurorluğun Bakı şəhər Narkoloji Dispanserində keçirdiyi istintaq-əməliyyatı zamanı baş həkim rüşvət alarkən yaxalanmışdı.

Ekspertlər hesab edir ki, icbari tibbi sığortanın, vətəndaşların sosial müdafiəsinin olmadığı, həkim maaşlarının aşağı olduğu bir yerdə adminstrativ üsullarla rüşvətin qarşısını kəsmək mümkün deyil. Səhiyyə sistemində rüşvətin kökünü kəsmək üçün köklü islahatların aparılmasına ehtiyac var. Ancaq görünən odur ki, bu məsələ hələ də səhiyyə sisteminə rəhbərlik edənlərin maraq dairəsində deyil.

Təhsil sistemində isə vəziyyət bir az fərqlidir. Təhsil Nazirliyi hər dəfə “fond pulu”nu qadağan edir, buna əməl etməyən məktəb direktorlarının cəzalandırılacağını desə də, hələ də bir sıra məktəblərdə bu adla pul yığılır. Təhsil ocaqlarında xüsusilə özəl günlərdə “hədiyyə” adlı rüşvət tüğyan edir. Belə ki, 5 oktyabr Müəllimlər günü, 8 Mart Beynəlxalq Qadınlar günü, müəllimlərin ad günü və.s. bu kimi “özəl” günlərdə uşaqlardan müəyyən məbləğdə pul alınır. Ən acınacaqlısı isə orta məktəblərdə “süpürgə pulu”, “pərdə pulu” adı altında vəsaitlərin yığılmasıdır. Maraqlıdır ki, Təhsil Nazirliyi balansında olan məktəbləri bütün texniki avadanlıqlarla təmin edir. Məsələn, Hövsan məktəblərinin birində çalışan texniki işçi deyir ki, nazirliyin məktəbə göndərdiyi maye sabunlar, sulu salfetlər, əl-üz dəsmalları və digər avadanlıqlar müəllimlər tərəfindən evə aparılır. Heç biri məktəb daxilində istifadə olunmur. Əslində bu məsələdə məktəb rəhbərliyi ilə yanaşı, nazirlik rəhbərliyi də məsuliyyət daşıyır. Bir sistemdə rüşvət amili özünü qabarıq şəkildə göstərirsə, deməli nəzarət mexanizmi yoxdur və bu məsələdə hər iki tərəf maraqlıdır.
Rüşvəti yaradan səbəblərə gəlincə isə burada əsas səbəbkar vəzifəli şəxslər, məktəb direktorları və direktor müavinləridir. Ekspertlər hesab edir ki, rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır.

Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, ancaq əməkhaqqı hələ də artırılmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı artan müəllimlər ölkə Prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, Tibb Universitetinin müəllimi Əli Əliyev Cebhe.info-ya açıqlamasında rüşvəti yaradan amillərdən danışıb:

“Şəxsən şahidi olmuşam ki, bir neçə səhiyyə müəssisinə yeni təyin olunmuş rəhbər şəxslərə birbaşa tapşırıqlar verilib ki, rüşvət alınmasın. Məsələn, işlədiyim Tibb Universitetindən son 2 ildə rüşvətxorluğa qarşı çox sərt mübarizə aparılır. Amma bu ayrı –ayrı nazirliklərin, müəssisələrin, məmurların aldığı tapşırıq əsasında olmamalıdır. Ötən il hökumət söz vermişdi ki, bu ildən ölkə sığortalı səhiyyəyə keçəcək. 2017-ci ildə Mingəçevir və Yevlaxda pilot layihə həyata keçirdilər. Söz vermişdilər ki, sınaq müddətində görülən çatışmazlıqlar nəzərə alınaraq bütün ölkə sığorta səhiyyəsinə keçəcək. Amma göründüyü kimi, 2018-ci ilin ilk ayı yekunlaşıb, ikinci aya qədəm qoymuşuq, ancaq bu haqda heç bir söz-söhbət yoxdur. Görülən tədbirlər subyektivdir və kampaniya xarakteri daşıyır. Rüşvətin qarşısını almaq üçün ilk növbədə əmək haqqında artımlar olmalı, heç olmasa, bu sahədə çalışanlar minimum dolanışıq səviyyəsində maaş almalıdırlar. Məsələn, Tibb Universitetinin ən balaca fakültəsində ödənişli təhsil alan tələbə 4 min manatdan artıq pul ödəməlidir. Valideyni həkim və ya müəllim olan uşaq heç bir halda bu təhsil haqqını ödəmək qabiliyyətinə malik deyil. Bu anormallıq aradan qalxmalıdır. Bu gün təhsil və səhiyyə işçiləri ilə hüquq-mühafizə, ədliyyə orqanlarında çalışanların əmək haqqında 10 dəfələrlə fərq var. Ona görə də bu cür anormal maaş sistemi olan ölkədə rüşvətin qarşısını almaq mümkün deyil”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, təhsil sitemində rüşvət ilk pillədən başlayır:

“İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanda həqiqətən də təhsilin bütün pillələrində neqativ hallar istisna deyil. Elə ilk pillə olan məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı valideynlər rəsmən müəyyən olunmamış məbləğ ödəyirlər. Bu, sonrakı pillələrdə də davam edir. Belə ki, bir çox orta məktəblərin ibtidai siniflərinə qəbul zamanı məktəb direktoru tərəfindən müəyyən məbləğ tələb olunur. Bu xoşagəlməz hadisə yuxarı təhsil pillələrində də təkrarlanır. Hətta, zaman-zaman saxta diplomlarla bağlı müxtəlif rəqəmlər ortaya çıxıb. Belə ki, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məsələylə bağlı ciddi rəqəmlər açıqladı. M.Abbaszadə 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın "qara baza"sına düşdüyünü və hazırda həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini demişdi.

İşə qəbul olunmaq üçün mərkəzləşdirilmiş qaydadan kənar kifayət qədər böyük sayda müəllimlər işə qəbul edilmişdi. Haşiyə çıxım. E.ə 716 - cı ildə Manna dövlətində hakimiyyətə gələn Ulussunu hakimiyyətə gəlmək üçün Urartu hökmdarı I Rusaya 22 Manna qalasını vermişdi. Və ya 1382-cu ildə Teymur Azərbaycana hücum edəndə Şirvanşah hökmdarı I İbrahim hədiyyə verərək hakimiyyətdə qalmışdı. Bu tarixi ənənələr bu gün də davam edir. Lakin bu xoşagəlməz hadisələrin baş verməməsi üçün bütün sistemi elektronlaşdırmaq, insanların təsir imkanlarını minimuma endirmək lazımdır. Baş verən neqativ hallar xaricdə Azərbaycan təhsilinə qarşı inamsızlıq yaradır. Ali məktəblərə qəbul imtahanları sadələşdirilməli, kənar qüvvələrin təsiri imkanları aradan qaldırılmalıdır”.


0 0



Şərhlər (Facebook)