Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Korrupsiyanın kökünü kəsəcəyik"


Vergilər naziri Mikayıl Cabbarov sahibkarlarla görüşündə mühüm açıqlamalar verdi; nazir: “Nə qədər ki, gec deyil, bu işi dayandırın”
Fevralın 13-də Vergilər Nazirliyi Bakıda “Vergilər, şəffaflıq, inkişaf” mövzusunda sahibkarların, deputatların və digərlərinin iştirakı ilə konfrans keçirib. Konfrans Mikayıl Cabbarovun nazir təyin edilməsindən və Vergilər Nazirliyində aparılmış kütləvi kadr dəyişikliklərindən sonra yeni vergi siyasətinin müəyyənləşdirilməsi, vergiyığma sahəsində şəffaflığın artırılması yolları barədə müzakirələr aparmaq məqsədi daşıyıb. (“APA-Economics”)

Vergilər naziri çıxışı zamanı bildirib ki, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək: “Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal funksiyanın yerinə yetirilməsi asanlaşır. Və yaxud əksinə, iqtisadi böhran, durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmalarının təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birlikdə işləyərək Vergilər Nazirliyinin əli iqtisadiyyatın nəbzi üzərində olacaq”.

Nazir bildirib ki, vergi yoxlamalarının keyfiyyəti artmalıdır: “Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir”.

O, Vergilər Nazirliyinin fəaliyyətində mənfi məqamların olduğunu dilə gətirib: “Mənfi səhifələrə gəldikdə, bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodların olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir”.

M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsinə başlanılıb.

“Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”, deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: “Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq”.

Nazir çıxışında əhaliyə müraciət də edib:

“Marketlərdə kassa qəbzinin tələb edilməsi ayıb hesab edilməməlidir. Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur. Ondan aldığınız çörəyə görə ”çek" istəsəz, onun xətrinə dəyə bilərsiz. Amma fikirləşsəz ki, vergi nəyə xərclənir, onda tələb edərsiz. Vergi torpaqların qorunmasına, məktəblərin tikilməsinə, hər iki valideynlərini itirən gənclərin təhsilinə xərclənir. Belə bir məsəl var: nəyisə dəyişmək istəyirsənsə, ilk növbədə özündən başla. Biz də ilk olaraq vergi orqanlarındakı problemlərin həllinə, şəffaf vergi sisteminin təkmilləşdirilməsinə davam edəcəyik.

Peşəkar mühasiblər barədə ayrıca danışmaq istəyirəm. Bulanıq su o şəxslərə lazımdır ki, qanunsuz yolla pul qazanmaq istəyir. Vergi hesabatı dolduran mühasib səhv edə bilər, amma saxta məlumat daxil edən mühasib bilməlidir ki, illər keçsə də, o işlərə görə məsul şəxs odur. Nə qədər ki, gec deyil, bu işi dayandırın. Yoxsa biz bu işi dayandırmaq üçün fəaliyyətə başlayacağıq".

Konfransda çıxış edən deputat Ziyad Səmədzadə deyib ki, o, dünyada iki şeyə çarə olmadığına bir daha əmin olub: vergiyə və ölümə.

Deputatın sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: “Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.

Deputat Vahid Əhmədov isə bildirib ki, yeni vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. O, yeni Vergi Məcəlləsinin qəbul edilməsinə çağırıb. Vahid Əhmədov xatırladıb ki, yoxlamalar prezident tərəfindən dayandırılsa da, Vergilər Nazirliyinə yoxlama icazəsi verilib. Və yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gətirilməsin.

Deputat bildirib ki, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. “Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətəuyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm” - deyə, deputat bildirib.

“Yeni Müsavat”ın Xəbər Xidməti


0 0



Şərhlər (Facebook)