Azərbaycan İnformasiya Agentliyi (AİA)


Fəzail Ağamalı nazir Elmar Məmmədyarovu istefaya çağırdı


Martın 30-da Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclası keçirildi. Milli Məclis sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə bir məsələ daxil edilib. O.Əsədov qeyd etdi ki, xüsusi iclasdakı müzakirələrin sonunda beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə müraciət qəbul ediləcək. Giriş nitqi zamanı spiker bildirdi ki, erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var. O.Əsədov xatırlatdı ki, 20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb: “Tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə ediblər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin ”böyük Ermənistan" xülyası Cənubi Qafqazda əhalisinin böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinləri təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi olub. Mart ayının cəmi 3 gün ərzində Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilib. Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. Tarix boyu soyqırımı aktlarına məruz qalmamızın əsas səbəblərindən biri düşmən qarşısında mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olub". O.Əsədov qeyd edib ki, Azərbaycan dövləti gündən-günə güclənir, inkişaf edir: “Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək. Xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, tarixi faktdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapacaq”.

Fəzail Ağamalı nazir Elmar Məmmədyarovu istefaya çağırdı


Deputatı Fəzail Ağamalı isə parlament gözlənilməz təşəbbüslə çıxış etdi. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımından danışmaqla yanaşı, xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırdı. F.Ağamalı bildirdi ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir. Əlavə etdi ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: “Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.
Parlamentin sədri O.Əsədov isə F.Ağamalının çağırışına reaksiyasında “Ana Vətən Partiyasının sədri niyə xarici işlər nazirindən yapışır? Prezidentliyə namizəd də, siz də xarici işlər nazirinin fəaliyyətini müzakirə edirsiniz”, - deyə sual etdi.


0 0



Şərhlər (Facebook)