Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ərdoğan-Baxçalı planına böyük zərbə - Sürpriz qərar


Bu hadisə bir siyasi mədəniyyət, siyasi uzlaşma örnəyidir və 24 iyun seçkilərinin nəticələrindən asılı olmayaraq, Türkiyənin gələcəyi baxımından ümidvericidir.

Azerbaycaninfo.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli CHP-dən 15 millət vəkilinin istefa verərək, İYİ Partiyasına keçməsi ilə bağlı məsələni şərh edərkən qeyd edib. O bildirib ki, bu fakt həm də onu göstərir ki, 70-ci illərdə qlobal geosiyasi durumun da təsiri ilə Türkiyədə yaranan ideoloji zəmində düşmənçilik, sağ-sol qarşıdurması geridə qalıb:

“İki təməl dəyər - Atatürk və demokratiya ideoloji sərhədləri silərək birləşdirici zəmin oldu. CHP-yə böyük təbrik düşür”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, necə ki, MHP lideri Dövlət Baxçalının erkən seçki qərarı çoxları üçün sürpriz oldu, eləcə də CHP-nin 15 millət vəkilini öz istəyi ilə İYİ Partiyasına transfer etməsi çoxlarının ağlına gəlməzdi:

“CHP ağıllı gediş etdi. Birincisi, AKP+MHP cütlüyünün İYİ Partiyasını seçkidən kənarda tutması strategiyasını pozdu. Çünki İYİ Partiyasının Məclisdə millət vəkili sayı artdı və seçkilərə yolu açıldı. Digər tərəfdən, CHP lideri Kamal Kılıçdaroğlu mümkündür ki, prezident seçkisində İYİ Partiyası lideri Maral Akşənəri dəstəkləsin”.

Politoloq vurğulayıb ki, bununla Kamal Kılıçdaroğlu özünü partiya liderliyindən istefadan sığortalamış oldu:

“Çünki özü seçkiyə qatılsa, açıq-aşkar Prezident Rəcəb Tayyib Ərdoğana məğlub olacaq. Eyni zamanda, İYİ Partiyası CHP-nin bu yaxşılığı əvəzində onunla istənilən koalisiyada yer almaq məcburiyyətindədir. Yəni Maral Akşənərin bundan sonra Kamal Kılıçdaroğluna vəfa borcu var”.

Qeyd edək ki, Türkiyədə yeni qurulmuş İYİ Partiyasının erkən seçkilərə qatılması ilə bağlı problemi bitirmək üçün CHP-dən 15 millət vəkili istefa verərək, İYİ Partiyasına keçib. Beləliklə, özünün 5 millət vəkili olan İYİ Partiyası parlamentdə 20 yerə sahib olaraq, qanuna əsasən, seçkilərdə iştirak haqqı qazanıb.


0 0



Şərhlər (Facebook)