Azərbaycan İnformasiya Agentliyi (AİA)


YAP Milli Şuranı vətənə xəyanətdə ittiham etdi


YAP Milli Şuranı vətənə xəyanətdə ittiham etdi-Ötən il Azərbaycanda seçki prosesi dövründə Azərbaycanı istəməyən xarici qüvvələrlə yanaşı, Azərbaycanın daxilində həmin qüvvələrə xidmət edən, Azərbaycan xalqının maraqlarının, dövlətçiliyinin əleyhinə çıxış edən insanlar da öz simalarını Azərbaycan cəmiyyətinə göstərdilər. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Prezident İlham Əliyevin fevralın 5-də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunan konfransda müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. S.Novruzov qeyd edib ki, həmin qüvvələr bu və ya digər şəkildə Azərbaycanda təxribatların törədilməsi ilə məşğul olurdular: "Onların hansı qüvvələrin təsiri ilə Bakıda iğtişaşlar törətməyə, Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmağa, vətəndaş qarşıdurması yaratmağa, müxtəlif təxribatlar nəticəsində seçki prosesini pozmağa və seçkilərin üzərinə kölgə salmağa çalışmaları barədə onların elə öz yoldaşları sonradan mətbuata deyib. Həmin dediyim xüsusiyyətlərə məxsus olan qüvvələrin toplaşdığı "Milli Şura" adlandırılan bir qurum da Azərbaycanın əleyhinə iş apardı". Millət vəkili qeyd edib ki, Milli Şura seçki prosesi ilə ümumiyyətlə, məşğul olmadı: "Sadəcə olaraq ayrı-ayrı dövlətlərə, ayrı-ayrı beynəlxalq təşkilatlara, erməni lobbisi tərəfindən maraqlandırılan qüvvələrə Azərbaycandakı seçki prosesi haqqında mənfi informasiya verməyə çalışırdılar. O da bəlli idi ki, onlar hansı mərkəzlərdən qidalanırlar və hansı mərkəzlərin tapşırığını həyata keçirirlər". S.Novruzov əlavə edib ki, lakin Azərbaycan xalqının müdrikliyi, Prezidentlə xalqın birgə olması bu cür qüvvələrə imkan vermədi: "Ötən 20 ildə Heydər Əliyev siyasətinin davamlı olmasını və son on ildə görülən bütün işləri, həyata keçirilən islahatları nəzərə alaraq xalq öz müdrikliyini bir daha göstərdi, Azərbaycan Prezidentinə səs verdi və belə vətən xainlərini, Azərbaycana xəyanət edənləri bir daha tarixin arxivinə göndərdi". Qeyd edək ki, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycanın daxili vəziyyəti çox sabitdir: "Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi".


0 0



Şərhlər (Facebook)