Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hüquqşünasdan çağırış: “Korrupsioner məmurlara ömürlük həbs verilsin”


Niyə problemlər məmurlar vəzifədə olarkən açıqlanmır?
Azərbaycanda vəzifədən uzaqlaşdırılan məmurların böyük əksəriyyəti barədə korrupsiya, mənimsəmə ilə bağlı məlumatlar yayılır. Bu məlumatların bir qismi rəsmi şəxslərin dilindən səsləndirilir, bir qismi yoxlayıcı qurumların hesabatlarında açıqlanır, daha bir qismi isə mətbuatda yayınlanır.

Məsələn, Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərlərinin kollektivə təqdimatı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hər iki qurumun əvvəlki rəhbərlərinin işini kəskin tənqid etdi. Onun dediklərindən aydın oldu ki, bu qurumlarda korrupsiya, dövlət vəsaitlərini təyinatından yayındırma halları baş verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qanunsuzluq hallarının olduğunu isə Hesablama Palatasının açıqladığı hesabatlardan öyrəndik. Məlum oldu ki, nazirliyin nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunda çox ciddi pozuntulara yol verilib. Eyni zamanda nazirliyin birbaşa nəzarətində olan əlilliyin təyinatı sistemində də qanunsuzluqlar baş alıb gedib. Bu məsələ barədə yeni nazir Sahil Babayev də bir neçə dəfə çıxışlarında kəskin fikirlər səsləndirib, sistemdəki qanunsuzluqlara son qoyulacağını bəyan edib.

Rəhbərliyi dəyişən Kənd Təsərrüfatı Nazirliyinin əvvəlki rəhbərliyi barədə ölkə mətbuatında kifayət qədər ciddi ittihamların olduğu məlumatlar yer almaqdadır.

Bütün bunların hamısı birmənalı olaraq vəzifəsini tərk edən sabiq məmurların ardınca baş verir. Yəni kimsə vəzifədə olarkən onun yol verdiyi qanunsuzluqlar dilə gətirilmir, xırda istisnalarla, açıq tənqid olunmur. Bütün korrupsiya halları, mənimsəmələr bir məmur vəzifəsini tərk edəndən sonra üzə çıxır. Burada istisna təşkil edən Hesablama Palatasının açıqladığı hesabatlardır. Yol verilən qanunsuzluqlardan yumşaq dillə yazılsa da, o hesabatlar baş verənlər barədə təsəvvür əldə etmək üçün xeyli qiymətli mənbə sayıla bilər. O halda ki, həmin məlumatlar əsasında qanunu pozanlar ciddi cəzalandırılmış olalar. Azərbaycanda hələ ki Hesablama Palatasının təqdimatları əsasında qaldırılan cinayət işləri üzrə orta və ya yüksək ranqlı bir məmurun, vəzifəli şəxsin məsuliyyətə cəlb olunması halına rast gəlinmir.

Halbuki ölkənin Cinayət Məcəlləsində korrupsiya, rüşvətalma, dövlət vəsaitlərini təyinatından yayındırma, mənimsəmə kimi cinayətlərə görə cəzalar nəzərdə tutulub.

Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, Cinayət Məcəlləsində mənimsəmə və ya israf edilmə(etibar edilmiş özgə əmlakını talamaq) külli miqdardadırsa, 5 ildən 10 ilədək, xüsusi külli miqdarda olduqda isə 10 ildən 14 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur: “Yəni ən yüksək cəza 14 ildir. Korrupsiya cinayətləri bir neçə maddədə nəzərdə tutulur. Bir var vəzifə səlahiyyətlərindən sui-istifadə - burada cəza müddəti maksimum yeddi ildir. Bir də var dövlət büdcəsinin və ya məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının vəsaitlərindən təyinatı üzrə istifadə etməmək. Burada maksimum cəza 6 illiyə azadlıqdan məhrum edilmədir. Daha bir hal satınalma prosedurlarını keçirmədən dövlət vəsaitlərini xərcləmə, yaxud dövlət satınalmalarını qanunsuz keçirmə ilə bağlıdır - 4 ilədək həbs cəzası nəzərdə tutulur. Vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini mənimsəmə - maksimum cəza 3 ildir. Rüşvətalma külli miqdarda olduqda 12 ilədək həbs cəzası nəzərdə tutulur”.

Maraqlıdır ki, “külli miqdarda” dedikdə, 5 min manatdan yuxarı məbləğ nəzərdə tutulur. Hüquqşünas hesab edir ki, yuxarıda qeyd olunan cəzalar daha sərt olmalıdır: “Korrupsiya cinayətlərinə görə cəzalar ağır olmalıdır. Xüsusilə ağır korrupsiya hallarında ömürlük həbs cəzası tətbiq olunmalıdır. Yoxsa kimsə oğurlayır, dövlətin vəsaitini talayır, sonra da 10 il iş alır. Həbsxanalarda da heç kimə sirr deyil ki, taladıqları pullarla özləri üçün rahat şərait yaradıb, sonra da çıxıb həyatlarına davam edirlər. Bu kimi halların qarşısının alınması üçün cəzaların sərtləşdirilməsinə ehtiyac var”.


0 0



Şərhlər (Facebook)