Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nuru Paşanı azərbaycanlılar xilas etdi – Türkiyəli konsul


Şəmkirdəki Cümhuriyyət konfransından görünən Vətən

Konfransın vaxtı iki dəfə dəyişdirildi. Təşkilatçılar sıradan bir tədbir keçirmək istəmirdilər. Mötəbər tarixçilərin iştirakı və çıxışları nəzərdə tutulurdu. Cümhuriyyət ilində tarixçilərin qrafiki sıx olduğundan vaxt mütləq onların istəyinə uyğunlaşdırılmalıydı. Belə də oldu. İyunun 1-də Şəmkir Heydər Əliyev Mərkəzi qapılarını qonaqların üzünə açdı.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov və onun rəhbərlik etdiyi nümayəndə heyəti böyük həvəslə konfransa qatılmışdılar. Qonaqlar arasında Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Orxan İşıq, millət vəkili Sona Əliyeva, Yeni Azərbaycan Partiyasının ətraf rayon təşkilatlarının sədrləri, Bilik Fondunun nümayəndəsi, rayonun dövlət idarələri rəhbərləri, müəllimlər, tələbələr də vardı.

Konfransı Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov açaraq, cəmi bir neçə cümlə ilə unudulmaz təəssürat yarada bildi. Dedi ki, Azərbaycan tarixini yazan baş tarixçimiz akademik Yaqub Mahmudovu aramızda görməkdən çox məmnundur. Başçı akademiki tariximizin birinci mənbəsi adlandırdı, Yaqub müəllimin əsas istinad nöqtəsi olduğunu bildirdi.

Tarix İnstitutunun təmsilçiləri bir gün öncə gəlmişdilər. Onlar Mərkəzin foyesində Cümhuriyyətə həsr olunan sərgi qurmuşdular. İcra başçısı həmin sərginin tədbirdən əvvəl ziyarət olunduğunu xatırladaraq, vurğuladı: “Sanki o dövrə düşmüşdük, görmədiyimiz hadisələri canımızda və ruhumuzda yaşadıq. Cümhuriyyət tarixi qürurumuzdur. Cənab Prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etməklə və o şanlı tarixin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalamaqla bizləri kökümüzə bir daha qaytardı, kimliyimizi daha dərindən öyrənməyə şərait yaratdı. Bizlər o dövrə görkəmli tarixçilərimizın bilik çırağı ilə səyahət etdik və fəxarət hissi yaşadıq”.

Başçının çıxışı cəmi 3 dəqiqə çəkdi. Yaqub müəllimin daha çox danışmasını istəyirdi. Zarafat da elədi: "Hamı öz çıxış vaxtından kəsib hörmətli akademikimizə versə, daha çox öyrənərik, sovetlər zamanında yazılması yasaq olan faktları dinləyərik. Qoy gənclərimiz bu dövlətin qurbanlar bahasına yarandığını bilib, onu göz bəbəkləri kimi qorusunlar".

Akademik kürsüdə bir saatdan artıq danışdı, amma dinləyicilər nəfəslərini də dərmədilər ki, birdən ona mane olarlar. Cümhuriyyət tariximizi 3 mərhələdə izah edən Yaqub müəllim əvvəl müstəqilliyi yaradan tarixi şəraitdən söz açdı, sonra nəhəng azərbaycanlı mütəfəkkirlərin siyasi gedişlərindən, qərarvermə bacarıqlarından, inamla göstərdikləri fəaliyyətlərindən, müstəqilliyin süqutunun səbəblərindən danışdı. Üçüncü mərhələdə tarixdən ibrət götürməyin, dostu düşməndən ayırmağın, o dövrdə yol verilən səhvləri təkrarlamamağın vacibliyini önə çəkdi. Akademik iştirakçılara tövsiyələr də ünvanladı: "Cümhuriyyət qurucularını bir-birindən ayırmaq, onları üz-üzə qoymaq, kimsəni yaxşı, kimsəni pis qələmə vermək qəti olmaz. Cümhuriyyət siyasətçiləri şərəfli missiyanı öz üzərlərinə götürəndə şəxsi mənafelərini bir kənara qoydular. Onlar bu yolun məşəqqətli olacağını bilirdilər. Ucaltdıqları bayrağın bir daha enməyəcəyinə olan inamları onları qəhrəmana çevirdi. Bəli, Ulu öndər Heydər Əliyev müstəqillik bayrağımızı enməyə qoymadı. Cənab Prezident İlham Əliyev isə o bayrağı lap ucalara qaldırdı, Aprel döyüşləri nəticəsində işğaldan azad olan ərazilərimizdəki yüksəkliklərə sancdı. İndiki nəslin borcu Vətəni, dövləti, bayrağı qorumaqdır".

Yaqub müəllim danışırdı, biz də heyranlıqla dinləyib, Cümhuriyyət qurucularını ehtiramla yad edirdik. Akademik hadisələri gözlərimiz qarşısında film kimi canlandıra bilirdi. Düşünürdüm: indi onların ruhları şaddır. Arzularını gerçəkləşdirmişik.

Konfransda millət vəkili Sona Əliyeva Cümhuriyyət qurucularını əsl türk kişisinə xas olan qürur sahibləri kimi xarakterizə etdi. Məhz bu keyfiyyətləri ilə Şərqdə ilk demokratik respublika qura bildiklərini diqqətə çatdırdı.

Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq Azərbaycanın Cümhuriyyət modelinin, xüsusən Türkiyə üçün nümunə olduğunu dedi. İki ölkənin qardaşlıq münasibətindən danışan baş konsul Nuru Paşanın rəhbərliyi altında Bakının erməni daşnaklarından təmizləndiyini bildirdi. Bu prosesdə türk komandanına Azərbaycanın yeni yaranan ordusu da kömək edib. Təsadüfi deyil ki, Nuru Paşanın Batum həbsxanasından qurtulmasına azərbaycanlı qardaşları yardımçı olub.

Baş konsulun hər iki xalqın daim qardaş olacağını deməsi zalda alqışlarla qarşılandı.

Öncə bu alqışlar Yaqub müəllimə ünvanlamışdı. Akademik çıxışını bitirib, başçıya Cümhuriyyətə həsr olunan kitablar hədiyyə etdikdən sonra kürsüdən zaldakı yerinə qədər məsafə qət edən zaman iştirakçılar onu ayaq üstə alqışladılar.

Tədbirdə klipə də baxdıq, məktəblilərin ifasında şeirlər də dinlədik. Başçı bizi iki gün müşayiət etdi. Qeyri-iş günləri olmasına baxmayaraq, qonaqlardan heç ayrılmadı. Tarixçilər onun qonaqpərvərliyinə, sözün əsl mənasında, heyran qalmışdılar. Başçı onların Şəmkiri daha yaxından tanımalarını istəyirdi. Ertəsi gün bizi Tarix-Diyarşünaslıq Muzeyinə apardı. Bina və eksponatlar haqqında Alimpaşa müəllim şəxsən özü məlumat verirdi. Həm də tarixçilərdən əlavə məlumatlar öyrənirdi. Dahi Üzeyir Hacıbəyovun 130 illiyi şərəfinə muzeyin həyətində "O olmasın bu olsun" operettası qəhrəmanlarının heykəllərindən ibarət kompozisiya ilə tanışlıq unudulmaz xatirə yaratdı.

Alman Lüteran kilsəsində də olduq. Kilsənin tarixindən, bərpasından danışan başçı orqan musiqi alətini göstərəndə pəjmürdə halı ilə dedi ki, bu alətin əsli Gürcüstandadır. Əlbəttə, orqanın arxasınca dəfələrlə gediblər, danışıqlar aparıblar, təəssüf, nəticəsiz qalıb. Gürcülərin “qoruyardınız” kəlməsini Alimpaşa müəllim böyük təəssüf hissi ilə qeyd etdi, hər dəfə bu söz yadına düşəndə ağır hisslər keçirdiyini söylədi.

Həqiqətən də qorumaq yaratmaqdan daha vacibdir. Şəmkirdə tarix ciddi-cəhdlə qorunur. Başçı hər bir daşın qədrini bilir. "Bir ölkənin varlığı onun tarixindədir. Tarix isə hər şeydə var, yetər ki, onu görəsən, hiss edəsən və qoruyasan" - belə dedi və bizi bu abu-havayla, bu ruhla mərkəzdən 37 kilometr uzaqlıqda yaradılan möcüzə ilə tanış olmağa apardı.

Şəmkir Dəryaçay kompleksi. Ölkə başçısının sərəncamı ilə tikilib. 2014-cü ildə açılışı cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Dağlar arasında əsrarəngiz həyat mənbəyi – faydası və gözəlliyi heyrətamizdir. Su elektrik stansiyasının gücü 25 meqavatdır. Bu stansiya Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatını yaxşılaşdırıb. 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələri bu kanallardan gələn suyun nəticəsində yaşıllığa bürünüb. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılıb.

Şəmkir Dəryaçayı istifadəyə verilməsi ilə rayonda nəhəng balıqçılıq təsərrüfatı yaradılıb. "Azfarel" adlı müəssisədə olduq. Bu dəfə də Alimpaşa müəllim qabağa düşüb, bizi müəssisənin işləmə mexanizmi, istehsal gücü ilə tanış etdi. "Azfarel"in məhsulu dünya bazarına çıxarılacaq. Artıq indidən qonşu ölkələrdəki balıq bazarları "Azfarel"in məhsulunun alıcısı olmağa hazır olduqlarını bildirirlər. Müəssisənin rəhbərliyi dedi ki, məhsullarını Azərbaycan bazarında 50 faiz ucuz satacaqlar: "Bu məhsulu Azərbaycanın torpağı, suyu, adamları hasil edir. Əlbəttə ki, onlar öz ölkələrinin brendini daha sərfəli qiymətlərlə almalıdırlar".

Başçı bir xüsusi məqama da diqqət çəkdi. Ermənistanın dünya bazarlarındakı farel məhsulunu sıxışdırmaq niyyətindədirlər. Əsas məqsədlərdən biri də budur. Müəssisə rəhbərliyi belə olacağına əmindir. Burada becərilən balıq axar suda saxlanılır. Su Dəryaçaydan hovuzlara daxil olur və elə oradan da yenidən çaya qayıdır. Balıq dövr edən suda böyüyürsə, daha dadlı olur. Azərbaycan brendinin fərqi və üstünlüyü həm də bundadır.

Başçı nümayəndə heyətinə daha iki gün qonaq qalmağı təklif edir. Hələ gəzəcəyimiz çox yerlər var. Təbii ki, geriyə - Bakıya qayıtmalıyıq. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov həm başçının şəxsiyyətindən, həm də idarəçiliyindən olduqca razı qaldığımızı deyir. Akademik cənab Prezidentin "Cümhuriyyət qurucuları bizi görsəydilər, fəxr edərdilər" fikrini xatırladaraq, 1918-1920-ci il hadisələrinin yaşandığı ərazilərdən biri kimi Şəmkirin fəxr olunacaq səviyyədə inkişafından sevindiyini bildirir.

Cümhuriyyətin təməlini qoyduğu müstəqil ölkənin vətəndaşı olmaq ən böyük nemətdir. Tarix yaradan o böyük insanların ruhları şaddır. Azərbaycanlılar cümhuriyyətçi babalarının xarakterlərini əxz ediblər və onların vətən əmanətlərini göz bəbəyi kimi qoruyurlar. Təkcə Şəmkiri görmək, tanımaq, hiss etmək kifayətdir ki, bir daha yüksələn bayrağın bir daha enməyəcəyinə varlığımızla inanaq. Bu xalqın, bu dövlətin, bu cəmiyyətin ən yüksək məqamlara çatmağa haqqı var.


0 0



Şərhlər (Facebook)