Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qafar Çaxmaqlı: “Azərbaycan-Ermənistan savaşı başlasa, Türkiyə seyrçi qalmayacaq”


“Türkiyədə seçkilərdir və şübhəsiz ki, bütün ölkə bu tədbirin millətin iradəsinə uyğun aparılmasına köklənib. Amma bununla belə, dövlətin bəlli strateji xətti mövcuddur və Kandildə, Minbiçdə yaşanan hərbi siyasi proseslər də göstərir ki, Türkiyənin başı nə qədər qarışıq olsa da, milli və dövləti maraqlar hər şeyin fövqündədir. Qarabağ məsələsi də o cümlədən”.

Ermənişünas alim Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi şərhçinin sözlərinə görə, Türkiyənin illər uzunu sərgilədiyi Qarabağ siyasəti var və bu dəyişməyib: “Azərbaycanla Ermənistan arasında savaş başlasa, mən əminəm ki, Türkiyə buna seyrçi qalmayacaq. İşin içində Naxçıvan olarsa, heç seyrçi qalmayacaq. Afrin zəfərindən sonra Türkiyənin etdiklərini sorğu-suala çəkən də olmur. Bəlkə bu da bir tarixi şansdır ki, indi Türkiyə haqlı bildiyi məsələləri bildiyi kimi həll etməyə qadir qüvvəyə çevrilib və Qarabağ məsələsinin həllinə əsgəri yolla dəstək vermək imkanı əldə edib. Müharibə etmək üçün hazırlıq başlıca şərtdir. Son zamanlar Azərbaycan ordusunun bir çox strateji nöqtələri ələ keçirməsi, əldə etdiyi dağıdıcı silahlarla Laçın dəhlizini belə vurmaq imkanı əldə etməsi gələcək qələbəni təmin edəcək faktorlardır”.

Q.Çaxmaqlının sözlərinə görə, gələcək proseslərin gedişində Türkiyə Ermənistana açıq savaş açmaq imkanını da dəyərləndirə bilər: “Çünki Ermənistan Türkiyənin ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edən bir çox hərəkətlərə yol verməkdədir. Ermənistan hələ də Türkiyənin ərazi bütövlüyünü tanımır, Şərqi Anadolu vilayətlərinə iddialarından vaz keçmir. İkinci tərəfdən, Türkiyənin tələblərini qulaqardına vurur, yəni Qarabağdan işğalçı ordusunu çıxarmır. Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmələrlə Şimali İraqdakı, Afrindəki PKK-PYD və başqa terrorçu qruplaşmaların heç bir fərqi yoxdur. Onlar da Türkiyənin təhlükəsizliyinə təhdiddir, bunlar da”.

“Türkiyədəki prezident üsul-idarəsinin Rəcəb Tayyib Ərdoğanın Qarabağ probleminin həllinə indikindən daha aktiv mövqe sərgiləməsinə imkan verəcəyini düşünürəm. Ərdoğan xarakter adamıdır və prezident üsul-idarəsi ona xarakterini daha qabarıq şəkildə sərgiləməyə imkan verəcək. Bütün hallarda seçkidən güclü bir Türkiyənin çıxmasını arzulayıram və buna inanıram”.

Bu fikirləri isə qəzetimizə açıqlamasında politoloq Elçin Mirzəbəyli söylədi. Seçkilərdən sonra Türkiyənin Qarabağı xilas əməliyyatında hansısa formada iştirak edə biləcəyi barədə gözləntilərə gəldikdə, E.Mirzəbəyli dedi ki, belə bir proqnozla çıxış etmək həddən artıq maksimalist yanaşma olardı: “Bu gün Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi üçün başqa bir ölkənin hərbi əməliyyatlarda iştirakına ehtiyac yoxdur. Azərbaycan əsgəri də, zabiti də döyüşə bilir. Türkiyənin də hərbi əməliyyatlarda birbaşa iştirak edəcəyini düşünmürəm. Afrin, Minbic kimi ərazilərlə Qarabağı eyniləşdirmək olmaz. Digər tərəfdən, belə bir yanaşmanı da çox zərərli hesab edirəm. Gözləmək lazım deyil ki, kimsə gəlib bizim yerimizə döyüşəcək. Türkiyənin dəstəyinə hər zaman ehtiyacımız var. Amma bu dəstək hərbi əməliyyatlarda birbaşa iştirak formasında olmayacaq, olması mümkün də deyil”.

Amma maraqlısı budur ki, Ermənistan hakimiyyəti davamlı şəkildə öz xalqını Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ilə qorxudur, Naxçıvan istiqamətində zərbələr endiriləcəyi barədə həyəcanlı xəbərlər yayır. Bu, Rusiyadan əlavə dəstək alınmasına hesablanmış gediş də ola bilər. Amma ermənilər tarixi unutmayıb şübhəsiz ki. Azərbaycanı erməni daşnaklarından xilas edən Türk ordusunu onlar çətin ki, yaddan çıxaralar. Budur, Bakıdakı möhtəşəm hərbi paradda iştirak etməkdən ötrü Türkiyədən böyük bir qrup hərbçi gəlib. Bu da işğalçıya xəbərdarlıqdır...


0 0



Şərhlər (Facebook)