Azərbaycan İnformasiya Agentliyi (AİA)


MƏMURLARIN BARAMA PLANI “YANIR” - 30 manata alıb dövlətə 9 manata təhvil verirlər



Artıq bir neçə ildir ki, Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi barədə sərəncama uyğun olaraq, rayonlarımızda baramaçılığın inkişafı istiqamətində müəyyən addımlar atılmağa başlayıb. Sovet hakimiyyəti dövründə kənd təsərrüfatımızın önəmli sahələrindən olan barama istehsalının hazırkı səviyyəsi həcminə və miqyasına görə, sözsüz ki, həmin dövrlərlə müqayisə edilə bilməz. Elə baramanın dövlət tərəfindən alış qiyməti də SSRİ dövrü ilə müqayisədə əhalini qane etmir. Əgər belə olmasaydı, rayonlarımızda bu işlə məşğul olanların sayı və istehsalın həcmi qat-qat yüksək olardı.

Hazırda rayonlar üzrə barama istehsalı planı müəyyən edilib. Planın yerinə yetirilməsinə görə məsuliyyət isə yerli icra orqanlarının üzərinə qoyulub. Bunun bazar iqtisadiyyatı qanunları ilə necə uzlaşdığını demək çətindir. Ancaq onu deyə bilərik ki, həmin bu plan yerlərdəki məmurlara ciddi problemlər yaratmaqdadır.

Məsələ ondadır ki, rayonlar üzrə qoyulmuş plan kəndlər və qəsəbələr üzrə bölüşdürülüb.Onların icrası isə kənd icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və büdcədən maliyyələşən digər təşkilatların rəhbər işçilərinin boynuna qoyulub.
Əlbəttə ki, başı başqa işlərə qarışan yerlərdəki məmurların ipək qurdu saxlamağa nə vaxtı, nə həvəsi, nə də marağı var. Vəziyyətdən çıxmaq üçün isə bu şəxslər onlara yüklənmiş planı xahiş-minnətlə kənd camaatından özləri üçün yaxın olan insanların üzərinə atmağa məcbur qalırlar. Bu vaxt qabaqcadan ipək qurdunun çəkisinə uyğun olaraq, məmurlar tərəfindən bu işə razı sala bildikləri kəndçilərə müəyyən məbləğdə vəsait ödənilir.
Təqribən 1 aya yekunlaşan ipək qurdunun yetişdirilməsindən sonra əldə olunan barama isə “Azəripək” MMC-yə təhvil verilir.Baramanın 1 kiloqramı subsidiya ilə birgə 9 manata qəbul olunur. Deməli, barama istehsalı ilə məşğul olan kəndçi 300-500 manat onu bu işə razı salan məmurdan, hər kilosuna görə 9 manat da dövlətdən alır. Bu da hər ailəyə ortalama 800-1000 manat qazanc deməkdir. Lakin bu işin kifayət qədər əziyyətli olması, əsasən də ipək qurdu üçün yem bazasının lazımi səviyyədə olmaması kəndçilərin baramaçılığa həvəsini azaldır.
Basramaçılıqda son illərdə əsasən Zərdab, Füzuli, Zaqatala, Şəki, Ağcabədi, Ağdam, Bərdə, Qax, Balakən rayonları yüksək nəticələr göstərə bilirlər. Bu il də ümumilikdə ölkə üzrə götürülmüş 450-500 ton barama planı doldurulmaq üzrədir. Lakin bəzi hallarda yerli məmurlar qoyulan planı yerinə yetirməkdə çətinlik çəkirlər. Buna ipək qurdunun tələf olması, yetərincə yem bazasının olmaması və s. səbəb olur. Vəziyyətdən çıxmaq üçün isə məmurlar hazır barama alaraq, dövlətə təhvil verməyə məcbur qalırlar.
Əldə etdiyimiz məlumata görə, məsələn Ağdaş, Yevlax və Qax kimi rayonlardan olan bəzi məmurlar digər rayonlara səpələnərək, kilosu 30 manata barama toplayırlar ki, planları “yanmasın”. Və 30 manata aldıqları baramanı dövlətə 9 manata təhvil verirlər. Ancaq məsələ ondadır ki, artıq istehsalçıların böyük əksəriyyəti artıq məhsulu dövlətə təhvil veriblər. Ona görə də, satlıq barama tapmaq əsl müşkülə çevrilib. Bu isə yerdəki məmurların öz iş yerlərini itirməsilə nərticələnə bilər.
Göründüyü kimi, vəzifələrilə vidalaşma təhlükəsilə üz-üzə qalan yerli məmurlar pis-yaxşı planı “yerinə yetirirlər”. Ancaq bunun nə vaxta qədər davam edəcəyi və yerlərdəki məmurların ilbəil artırılan planın yükünü nə qədər daşıya biləcəyi məlum deyil.(azpolitika.info)


0 0



Şərhlər (Facebook)