Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Kim gedir, kim qalır?”


“Kim gedir, kim qalır?”

Yeni Hökumət komandası ilə bağlı şok iddialar var; Baş nazir postuna Fikrət Məmmədovun gətiriləcəyi söhbəti yayılıb; Hacıbala Abutalıbovu, Ramiz Mehdiyevi, Səfər Əbiyevi, Füzuli Ələkbərovu da “dəyişirlər”...
“Hakimiyyət dəyişmədisə, heç olmasa hökumət dəyişsin”
İndi hamı bu mövzudan danışır. Buraxılmış, prezidentin 21 oktyabr tarixli sərəncamı ilə öz səlahiyyətlərini müvəqqəti icra edən Azərbaycan hökumətinin - Nazirlər Kabinetinin yeni tərkibi necə olacaq? Hər kəsi bir sual maraqlandırır - kim gedəcək?
Artıq sayt və qəzetləri mülahizələr, ekspert rəyləri, şayiələr başına götürüb. Hər biri də fərqli içəriyə malikdir. Bu da o deməkdir ki, heç bir versiya, mülahizə, “mötəbər mənbə” nə olacağını dəqiq bilmir.
Bizim də əlimizdə müəyyən təxminlər, bəlkə də qəsdən sızdırılmış məlumatlar var. Yarış naminə yox - düşüncə materiallarının zənginləşməsi və ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan bir mövzuya töhfəmizi verə bilmək baxımından, əlimizdəki bilgilərin kiçik bir hissəsini paylaşmaq qərarına gəldik. Onu mütləq qeyd edək ki, yeni hökumətin tərkibinin indikindən çox fərqli olmayacağı barədə iddialar da üstünlük təşkil edir. Bu iddiaların sahibləri deyirlər ki, 2-3 nazirdən, komitə sədrindən başqa komandada kimsə dəyişməyəcək. Nazir Füzuli Ələkbərovun adı bütün gedəcəklər siyahısında öndə gəlir. Lakin təbii ki, əsas məsələ 78 yaşlı baş nazirin istirahətə gedib-getməyəcəyi ilə bağlıdır. Ölkə mediası düz 10 ildir ki, onun bu gün-sabah gedəcəyini, əvəzlənəcəyini yazır. Onun yerinə “təyin” etdiyimiz kadrlardan bir çoxu artıq komandada yoxdur; həbsdə olanlar da var... Lakin Artur Rəsizadənin müqəddəs yeri üçün iddiaçıların çeşidi bitib-tükənmir. Kəmaləddin Heydərov, Fazil Məmmədov, Rövnəq Abdullayev, Samir Şərifov...
Lakin indi, məhz 21 oktyabrda media və siyasət dəhlizlərində başqa bir nazirin adı gələcək Kabinet rəhbəri kimi dolaşır. Bu, indiki Ədliyyə naziri - komandanın ən sakit, problemsiz, iddiasız və nisbətən təmiz hesab olunan üzvü - Fikrət Məmmədovdur. Onun adı arada-bərədə də bu posta münasibətdə keçib - lakin indi elə mənbələr bunu israrla söyləyirlər ki, diqqətə almamaq qeyri-mümkündür. Bunu iddia edənlər deyirlər ki, 78 yaşlı baş nazir istefaya göndəriləcək və yaxın günlərdə onu F. Məmmədov əvəz edəcək. Siyasət və media dəhlizlərində gəzən söz-söhbətlərdə adı ən çox keçənlərdən biri də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Son günlər onun yerində qalacağı barədə söyləntilər artıb - görünən də budur ki, hakim komandanın “Boz Kardinalı” hələ kifayət qədər güclü və iddialıdır. Cənab Mehdiyevin Amerikaya, onun Bakıdakı səfirinə cavabları hələ də gündəmdən çıxmayıb və bu fiqurun hakimiyyət üçün əhəmiyyətinin göstəricisi də sayıla bilər. Lakin “müəyyən qaynaqlar” onun yerinə “təyinatı” artıq aparıblar. Bu, polis generalı Məhərrəm Əlyevdir. Bir müddət öncə Prezident Administrasiyasına vəzifəyə gətirilən M. Əliyevin yaxın ətrafından müxbirimizə deyiblər ki, general bu vəzifəyə təyinatını həm arzu edir; həm də gözləyir. Lakin sonuna qədər əmin deyil: “İndi elə bir vəziyyətdir ki, prezidentdən başqa kimsə dəqiq bilmir nə olacağını, kimin gedib-kimin qalacağını”, deyir Məhərrəm Əliyevin tərəfdarlarından biri. Digər bir məlumata görə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da yeni komandada olmayacaq. Onun yerini Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yaxın bir qohumunun (həmin şəxsin kimliyini tam dəqiqləşdirə bilmədik, ancaq məlumat bundan ibarətdir ki, Talıbov bu posta öz qohumunun təyin olunması üçün yuxarıların razılığını ala bilib - Red.) tutacaq. Abutalıbov da düz 10 ildir ki, “gedir”. Onun yerinə də iddiaçı kimi təqdim olunanların say-hesabı yoxdur. Son olaraq iki isimdə dayanmışdı media - Cavid Qurbanov və Xaləddin İsgəndərov. İndi son məlumat Talıbov soyadında birinin üzərində fokuslanıb. Bundan başqa, hələ seçkidən əvvəl yazmışdıq ki, təbliğat-təşviqat kampaniyası zamanı prezidentə xalqın daha çox narazılıq etdiyi, yerlərdə korrupsiyaya daha çox qurşanan nazirlər haqda məlumatlar verilib; bunlar müdafiə naziri Səfər Əbiyev, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri İsmət Abbasov və iqtisadi inkişaf naziri Şahin Mustafayevdir. Ancaq daha sonrakı xəbərlərdə F.Məmmədovun yaranmış situasiyadan çıxmaq üçün müxtəlif manevrlər etdiyi, hətta onun baş nazir təyin olunmaq üçün müəyyən addımlar atdığına dair də xəbərlər gəldi. Müdafiə nazirinin isə mütləq əvəzlənəcəyi iddiaları israr göstərməkdədir.


0 0



Şərhlər (Facebook)