Azərbaycan İnformasiya Agentliyi (AİA)


BMT hesabatında "türk məsələsi" İranı silkələyib


BMT hesabatında "türk məsələsi" İranı silkələyib

İranda soydaşlarımızın hüquqları ətrafında məsələ getdikcə daha çox diqqəti öz üzərinə yönəltməkdədir. Hesab olunur ki, bu istiqamətdə aparılan müzakirələr İran azərbaycanlılarının hüquqlarının təmin olunmasını daha fəal şəkildə gündəmə gətirmələri ilə nəticələnəcək. Artıq azərbaycanlıların özlərinin də xüsusi fəallıq göstərməsinə dair çağırışlar səslənməkdədir. Azərbaycanlı fəal Şahin Xiyavlı bu xüsusda diqqəti BMT-nin İnsan Hüquqları üzrə xüsusi məruzəçisi Əhməd Şahidin İranda insan hüquqlarının sistemli şəkildə pozulmasına dair son hesabatına çəkir. Düzdür, hesabata tənqidi münasibət də sərgilənir. Məsələ burasındadır ki, Əhməd Şahid ötən ay İranla bağlı yayımladığı son hesabatında ölkənin qeyri-fars cəmiyyətləri, o cümlədən kürdlər, Əhvaz ərəbləri və bəluclar haqqında özəl bölmələr mövcuddur, ancaq İran Azərbaycanı, eləcə də İranın digər bölgələrində yaşayan türklərdən söz açılmayıb. Şahin Xiyavlı bunu belə şərh edir: "BMT-nin nümayəndəsi Əhməd Şahidin son hesabatında Azərbaycan türklərindən söz açılmaması ilə bağlı problemi Əhməd Şahiddə deyil, Güney Azərbaycan hərəkatının özündə axtarmalıyıq".
Onun fikrincə, bu problemin səbəbi güneyli fəalların yetərincə fəallıq göstərməməsidir: "Problemi Əhməd Şahiddə və onun komandasında deyil, özümüzdə, Güney Azərbaycan Milli Hərəkatında axtarmalıyıq. Demək ki, biz Əhməd Şahidə güneydəki insan haqları pozuntuları ilə bağlı yetərincə məlumat göndərməmişik, göndərmişiksə də onun rəyini dəyişdirməyi bacara bilməmişik". Güneyli fəal insan haqları fəaliyyətləri ilə bağlı digər qeyri-fars etnik qruplarla müqayisədə Azərbaycan təşkilatlarının daha zəif olduğu, habelə beynəlxalq insan haqları təşkilatları və BMT ilə əlaqə xüsusunda Azərbaycan türklərinin aparıcı mövqeyə sahib olmadığı fikrini irəli sürür.
Bəzi fəallar cənab Xiyavlının fikirlərini paylaşmır. Onlar ictimai şəbəkələrdə yazırlar ki, Güney Azərbaycan və İranda yaşayan türklərlə bağlı beynəlxalq insan haqları qrupları qərəzli davranır. Cənab Xiyavlı ötən aylarda İranın Rəcayi-şəhr zindanında saxlanan 9 il həbsə məhkum olunmuş Yeni GAMOH üzvləri üçün Avropa ölkələrində təşkil olunan kampaniyalarda fəal iştirak edib. O bu təcrübələrə əsaslanaraq, fəalların özlərini sadəcə Güney Azərbaycan hərəkatı çərçivəsində məhdudlaşdırmalarını düzgün saymır: "Öyrəndim ki, biz öz içimizdən çıxmalı və baxışımızı daha geniş götürməliyik, digər cəmiyyətlərlə əlaqələri çoxaltmalıyıq".
Onu da qeyd edək ki, Əhməd Şahid yekun hesabatı yayımladıqdan öncə hesabatın layihəsini İran rəsmilərinə göndərib. İran İslam Respublikasının hesabatla bağlı şərhlərindən ibarət olan BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına (OHCHR) ünvanlandığı cavabda İran etnik qruplarının hər hansı problem yaşamadığı qeyd edilib. İranın cavabında Əhməd Şahidin kürdlər, Əhvaz ərəbləri və bəluclarla bağlı bəyanatına şərhlər verilib. Əhməd Şəhidin hesabatında edilmədiyi kimi, İranın rəsmi cavabında da Azərbaycan türklərindən bəhs edilməyib. Ekspertlər isə məsələnin daha çox Tehrandan qaynaqlandığını bildirir. Çünki İranda mərkəzi hakimiyyətə təsir edə biləcək əsas qüvvə məhz azərbaycanlılardır. Bu səbəbdən İran hakimiyyəti soydaşlarımızın adının hansısa hesabatlarda çəkilməsini istəmir. Onu da qeyd edək ki, Əhməd Şahid İranda insan hüquqlarının sistemli şəkildə pozulduğunu bildirib. O, BMT Baş Assambleyasının insan hüquqları məsələlərilə məşğul olan komitəsinə İranın yeni prezidentinin vəziyyətin düzəlməsinə gətirib çıxara biləcək islahatlara başlayacağına ümid bəslədiyini deyib. BMT təmsilçisi İranın yeni prezidenti Həsən Ruhaninin təşəbbüsləri və onun ölkədə onlarla siyasi məhbusun azad edilməsinə dair sərəncamını müsbət qarşılasa da, İranda vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqların pozulması hallarının qarşısının alınması üçün çox işlərin görülməli olduğunu deyib. O, İran həbsxanalarında vəziyyətiə dair narahatlıqlarını ifadə edib: "Verilən ifadələrdə həbsxanalarda insanların sayının həddindən artıq çox olması, gigiyena-sanitariya imkanlarının aşağı səviyyəsi, eləcə də ərzaq, su və tibbi xidmət çatışmazlığı kimi problemlər göstərilir". İranda edam hallarının yüksək sayı ilə bağlı narahatlıq isə dəyişməz olaraq qalır. İranda 2012-ci ilin yanvarından başlayaraq 18 ay müddətində 724 edam hökmünün icra edildiyi bildirilir. Təkcə son üç ayda burada 135 edamın icra edildiyi məlumdur.

Tahir TAĞIYEV


0 0



Şərhlər (Facebook)