Главная > Siyasət, Cəmiyyət, Müsahibə > “Yeyintilər, mənimsənilən vəsaitlər müharibə adı altında ört-basdır edilir” ALDP-nin sədri Fuad Əliyev

“Yeyintilər, mənimsənilən vəsaitlər müharibə adı altında ört-basdır edilir” ALDP-nin sədri Fuad Əliyev


15 15 2017. Разместил: Sara

“Yeyintilər, mənimsənilən vəsaitlər müharibə adı altında ört-basdır edilir” ALDP-nin sədri Fuad Əliyev

“Yeyintilər, mənimsənilən vəsaitlər müharibə adı altında ört-basdır edilir”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Fuad bəy, son vaxtlar siyasi ekspertlər təhlükəsizlik, torpaqların azad olunması, neftin qiymətinin düşməsi və sosial iqtisadi krizisin fonunda yaranan ağır durumun getdikcə daha da gərginləşəcəyini ifadə edərək, bu problemlərdən az itki ilə çıxmaq üçün yeni bir siyasi modelin yaradılmasını təklif edirlər. Sizcə bu yeni model öz aktuallığını hansı formada ortaya qoya bilər?

– Bu gün dünyanın böyük dövlətlər tərəfindən idarə olunduğu bir dönəmdə Azərbaycan kimi balaca dövlətlərin qlobal problemlərdən yaxa qurtarması üçün əlahiddə bir modelin ortaya qoyulması real görünmür. Azərbaycan neft ölkəsi olsa da, iqtisadi böhranın yaranması, neftin qiymətinin qalxması, yaxud enməsi bizim ortaya qoya biləcəyimiz hər hansı modeldən asılı deyil. Bundan əlavə, neft ölkəsi olmağımıza baxmayaraq, bizim düzgün strateji neft layihəmiz olmayıb. Bütövlükdə əgər bu gün rüşvət, korrupsiya, qiymətlərin süni şişirdilməsi faktları olmasa, əhalinin sosial problemlərinin həll edilməsi üçün müsbət addımlar atmaq olar. Dünyanın digər inkişaf etmiş ölkələrində də qiymətlərin qalxması prosesi baş verir. Amma dövlət bunu nizamlayır, ən azı əhalinin əmək haqqları da qaldırılmaqla balans yaradılır ki, nəticədə sosial çökmə baş vermir.

Neft ölkəsi olsaq da ciddi strateji layihələrimizin olmaması milyardlarla gələn pulların mənasız layihələrə xərclənməsi ilə sərf olunur – tutaq ki, Roma Papasının ofisinin təmirinə, Parisdə Luvr muzeyinə, hansısa yarışlara, oyunlara və sair. Bu pullar Azərbaycana divident gətirən iqtisadi layihələrə qoyularsa, büdcənin artımına səbəb olar və büdcəni doldurmaq üçün başqa qeyri-qanuni yollara əl atılmasına əsas olmazdı.

“Dövlətimizin – Qarabağın təhlükəsizliyi məsələsində yeni nə isə icad etməyə ehtiyac yoxdur”

Digər tərəfdən, bu yaxınlarda şəhərin mərkəzində baş verən silahlı atışma daxildə kriminogen vəziyətin gərginləşdiyini göstərdi. Hesab edirəm ki, belə hallardan qaçmaq, daxili təhlükəsizliyin təmini üçün icazəsiz silahlar yığılmalıdır. Biz partiya olaraq bu barədə bəyanat da verdik.

Dövlətin Qarabağla bağlı təhlükəsizliyinin təmin edilməsinə gəlincə, sirr deyil ki, ən böyük təhlükə Ermənistan tərəfindən yeridilən separatist siyasətdir. Biz dövlət olaraq torpaqlarımızı azad etməliyik və bunun üçün də hərbi gücə sahib olmalı, müharibə qaydalarına əsasən işğalçıya qarşı öz sözümüzü deməyi bacarmalıyıq. Dövlətimizin – Qarabağın təhlükəsizliyi məsələsində yeni nə isə icad etməyə ehtiyac yoxdur. Hər şey çox aydındır. Biz nə kimlərinsə təklif etdiyi sülh şərti ilə razılaşıb torpaqlarımızı düşmənin tapdağı altında qoyan deyilik, nə də işğalçı dövlət torpaqlarımızı xoşluqla geri qaytarmaq istəmir. Ona görə də torpaqlarımızı yalnız hərb gücü ilə azad edə bilərik. Başqa variant beynəlxalq təşkilatların beynəlxalq hüquqa söykənərək işğalçını geri çəkilməyə sövq etək üçün öz təsir imkanlarından istifadə etməsidir. Amma dünyanın bu istəyi də görünmür.

“Yanlış xarici siyasətimiz ona gətirib çıxardı ki…”

– Avropa, beynəlxalq aləm Kataloniyada, İraqda keçirilən referendumlara öz əks təsirini ortaya qoydu. Amma bu təcrübədən Azərbaycanda istifadə etmədi. Sanki başqa planetdir və bu ölkə üçün qaydalar tam fərqli biçimdə ölçülür. Bu cür yanaşmalara səbəb nədir?

– Birinci növbədə Azərbaycanın xarici siyasəti düzgün aparılmalıdır. Hakimiyyətdə olanlar Qarabağla bağlı ciddi strateji layihələr üzərində daim çalışmalı və belə bir pressidentlərin yarana biləcəyi ölkələrlə mütəmadi işləməlidir. Yanlış xarici siyasətimiz ona gətirib çıxardı ki, hətta Avropa Şurasının, BMT-nin Qarabağla bağlı rezalyusiyalarını üstün tutub torpaqlarımızı azad edə bilmirik. Yaxud, Avropadan tələb edə bilmirik ki, işğal faktı var və işğalçı ölkəmizdən çıxarılmalıdır. Səhv siyasət neçə illərdir ki, gedir və Avropa bizi eşitmir.

Hakimiyyət bundan qabaq “kürü siyasəti” deyilən bir proses başlatmışdı. Yəni Avropaya gedilir və lobbiçi şirkətlər tapılır, onlarla müqavilələr bağlanırdı. Amma bu, Qarabağ probleminə, hansısa sosial, iqtisadi problemin həllinə görə yox, məhz öz hakimiyyətlərinin qorunması üçün edilirdi. Bəzən də səsvermələrdə keçmiş Varşava müqaviləsinə daxil olan ölkələr hakimiyyətə dəstək verirdi. Amma çox yaxşı olardı ki, Qarabağla bağlı “kürü siyasəti” aparılsın. Kimlərinsə öz hakimiyyətini, vəzifəsini qorumaq üçün xərclədiyi milyonlar Qarabağ məsələsinin həllinə yönəlməlidir.

“Torpaqları işğalda qalan dövlətin televiziyaları daim bu istiqamətdə təbliğat işi aparmalıdır”

– Qarabağ, torpaqların işğalı ilə bağlı lobbiçilik necə qurulur və informasiya savaşı hansı səviyyədədir?

– Nəinki xaricdə lobbiçiliyin qurulması, heç daxildə də Qarabağla bağlı təbliğat düzgün aparılmır. Azərbaycan televiziyalarında Qarabağla bağlı hansı verilişləri izləyirsiniz? Yoxdur. Torpaqları işğalda qalan dövlətin televiziyaları daim bu istiqamətdə maarifləndirmə, təbliğat işini aparmalıdır. Bizi xaricdə izləyən hər hansı vətəndaş televiziyalarda gedən verilişlərdən nə anlayacaq? Dünya Azərbaycanın işğal altında qalan torpaqları üçün necə narahat olduğunu, onun azad olunması üçün hətta ölümə hazır olduğunu görə bilmir. Görünür ki, beynəlxalq təşkilatlar bizim bu davranışlarımıza adekvat addım atır.

Bu gün müəyyən ictimai təşkilatların, siyasi partiyaların bir məkana dəvət edilərək Qarabağla bağlı polemikalar açması da müşahidə olunmur. İqtidarlı müxalifətli Qarabağla bağlı müzakirələr aparmaqla ən azı bu məsələdə bir yerdə olduğumuzu dünyaya göstərə bilərik. Lakin bunun əvəzində ekranlarda yalnız əyləncəli verilişlər, şoular gedir. O ki, qaldı məsələnin dünyaya çatdırılmasına, bu işdə diasporalarla işləyən komitənin fəaliyyəti, eləcə də səfirliklərlə işlər gücləndirilməlidir. Amma görünən odur ki, buna 5-ci, 10-cu məsələ kimi yanaşılır. Sanki Qarabağ məsələsi həll olunarsa, cəmiyyətdə olan digər problemlər daha açıq görünər. Amma indiki halda yeyintilər, mənimsənilən vəsaitlər müharibə adı altında ört-basdır edilir. Düzdür, dövlət rəsmiləri hər iclasda Qarabağ məsələsini qabardır. Amma bu yetərli deyil. İstəsək çox şeylər edə bilərik. Aprel ayında başlayan hərbi əməliyyatlar da onu göstərdi ki, istənilən vaxt hərbi əməliyyatlara başlamaq olar. Sadəcə istəmək lazımıdır. Dünyada gedən prosesləri düzgün qiymətləndirib, düzgün addımlar atmaq lazımdır.

“Hər kəs beynindəkini masaya qoymalıdır”

– Bəzi siyasilər çıxış yolunu hakimiyyət, vətəndaş cəmiyyətlərinin dialoqu və əməkdaşlığında görür. Buna fikriniz?

– İqtidar istəsə istənilən bir problem ətrafında müzakirələr aparmaq olar. Hakimiyyətdən hərdən mesajlar gəlir ki, “müxlifətin proqramı varsa göndərsinlər baxaq”. Göndərməklə deyil. Biz partiya olaraq artıq neçə ildir ki, müəyyən sahələrə aid olan təkliflərimizi göndərmişik. Bu, nəticə vermir. Ancaq masa arxasında fikir mübadiləsi aparmaqla problemlər çözülə bilər. Hər kəs beynindəkini masaya qoymalıdır. Amma bizdə birinci şəxslər masa arxasında görünmək istəmirlər. Elə bilirlər ki, kimdənsə qarantiya alıb vəzifələri özələşdiriblər və həmişə də belə olacaq. Ona görə də belə addımlar atırlar. Bütün vəzifələrin xalq üçün işləməli olduğu unudulub. Bütün dünyada siyasi təşkilatlarla, QHT-lərlə, vətəndaş cəmiyyətlərilə müzakirələrə gedirlər. Amma bizdə belə bir ənənə yoxdur.

“Beləcə, nə siyasi təşkilatlar qaldı, nə də QHT-lər”

– Siyasi müxalifət bu gün QHT-lərin, vətəndaş cəmiyyətlərinin vaxtilə siyasi proseslərə cəlb olunması üzündən məhv edildiyini iddia edir.

– Bunu haqlı hesab etmək olar. Vaxtilə partiya liderləri QHT-ləri, vətəndaş cəmiyyətlərinin üzvlərini yaratdıqları birliklərə cəlb etməklə hər şeyi qarışdırdılar. Vətəndaş cəmiyyətləri ilə siyasi partiyalar ayrı-ayrılıqda fəaliyyət göstərməli idilər. Yəni hər bir təşkilat öz funksiyasını daşımalı idi. Amma bir neçə ilə bundan qabaq, bunlar birləşdilər koalisiyalar, mərkəzlər yaratdılar. QHT-lər öz funksiyalarını yerinə yetirmək əvəzinə siyasətlə məşğul olmağa başladılar. QHT üzvləri həbs olundu. Bu prosesdən sonra partiyalar QHT-lərin funksiyasını öz üzərinə götürüb onları müdafiə etməyə başladılar. Beləcə, nə siyasi təşkilatlar qaldı, nə də QHT-lər.

– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda beynəlxalq təşkilatların işğal altında olan torpaqlarla bağlı yeni münasibətin formalaşmasından söz açılır. Hansı yeni münasibətlərdən söz gedir?

– Sonuncu görüşlər də onu göstərdi ki, heç bir yenilik yoxdur. Minsk qrupunun verdiyi təkliflərin müəyyən qismi ilə razılaşmanın mümkünlüyünü illərdir eşidirik. Azərbaycanın maraqları tapdanır. Minsk qrupunun hansı şərtləri ilə razılaşmağın mümkün olmasını aydın şəkildə cəmiyyətə çatdırmırlar. Cəmiyyətin nəyə getdiyi ona açıqlanmalıdır.

“Kim budan çəkinirsə, demək onun hakimiyyətlə iş birliyi var”

– Son vaxtlar siyasi fəaliyyətsizlik ictimai-siyasi xadimlərin bir kompleks yaşamaları ilə əlaqələndirilir.

– Məncə əksinə olmalıdır. Əgər şəxs siyasətlə məşğul olursa, hər dəqiqə mübarizəyə hazır olmalıdır. Hətta fikirlərini vətəndaşlara çatdırmaq üçün özü buna şərait yaratmalıdır. Kim budan çəkinirsə, demək onun hakimiyyətlə iş birliyi var. Özünü lider görən siyasətçi heç nədən çəkinməməlidir və istənlən suala hazır olmalıdır. Nəticəsizlikdən qorxmamalıdır. Mən həmişə Berliskonini misal çəkirəm. O, dəfələrlə hakimiyətə gəlib, istefaya gedib, həbs olunub. İndi 90 yaşa çatıb, yenə də daim mübarizə aparır.

“Bizdə insana yox, “kostyum”a hörmət edirlər”

Bizdə anormal yanaşmalar çoxdur. Məsələn, kimisə çayxanaya dəvət etsəm, bu, qəribə reaksiya ilə qarşılanar. Tutaq ki, mənim çayxanaya getmək istəyim prezidentliyə namizəd olduğum üçün qeyri-adi qəbul olunub. Hesab edirəm ki, bu yanaşma yanlışdır. Axı nəyə görə belə olmalıdır? Bizdə düşüncə başqadır. Burda insanları geyiminə, vəzifəsınə görə qiymətləndirirlər. Sanki “kostyum” geyinmək haqq və ədalətdən daha önəmli hesab olunur. Bizdə insana yox, “kostyum”a hörmət edirlər. bunu “Baksovet”də işləyəndə də görmüşdüm. O vaxtlar “JEK”-dən sadə bir arayış almalıydım. Hər dəfə “JEK”-ə gedəndə məni müxtəlif bəhanələrlə əliboş geri qaytarırdılar. Çünki həmişə olduğu kimi, sərbəst geyimdə olurdum və harda işlədiyimi demirdim. Beləcə, arayış üçün “JEK”-ə bir neçə dəfə gedib gəldim. Axır dözmədim, icra hakimiyyətinin işçisi olduğumu deyib, vəsiqəni göstərdim və arayış sabaha hazır olmasa, işdən çıxarılacağını dedim. Arayış dərhal verildi. Deməli, adi vətəndaş kimi 2 manat verməsəydim arayış götürə bilməyəcəkdim. Bax, sadə camaat belə incidilir.

Yaxud, bir neçə il əvvəl orta məktəbdə pulsuz kitab verilməli olduğu halda, vermirdilər, deyirdilər yoxdur, gedin alın. Təsəvvür edin, hər kitab 7 manatdan 140 manat edirdi. Pulum var, yaxud yoxdur, məsələ bu deyil. Əgər məktəblərdə şagirdə kitabın pulsuz verilməsi ilə bağlı dövlət qərarı varsa, niyə buna əməl olunmur? Yaxud kasıb valideyn nə etməlidir? Mən Qaynar Xəttə zəng etdim, əslində anonimlik qorunur. Amma mən öz adımı, məktəbin nömrəsini, uşağın adını, sinifini açıq şəkildə dedim və niyə kitab verilmədiyini soruşdum. Mənə nömrə verdilər, ora zəng etdim. Dedilər qeyd etdik, araşdırıb cavab verəcəyik. Sabahı gün xəttə cavab verən xanım müxtəlif bəhanələr söyləyəndən sonra dedi ki, filan yerdə var. Sözündən belə çıxdı ki, gedib almalıyam. Bundan sonra mən prezidentliyə namizəd ALDP sədri Fuad Əliyev olduğumu və məsələ ilə bağlı izah vermələrini tələb etdim. Bayaqkı münasibət tamam dəyişdi, xanım başladı ki, “oy, Fuad müəllim, sizi səsinizdən tanıdım”, nə bilim nələr, nələr… 10 dəqiqə keçmədi kitabları uşağa verdilər. Bizdə adi vətəndaşa olan yanaşma budur. Vəzifə, “kostyum” insan haqlarından, ədalətdən üstün tutulduqca, problemlərimizin həlli ilə bağlı hansı model olur-olsun, heç birinin təsiri olmayacaq.

T.Qafarlı

Versus.Az
Вернуться назад