Главная > Siyasət, İqtisadiyyat > Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...

Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...


5 05 2018. Разместил: azerbaycan

Tikintisi 10 il çəkən Bakı-Tbilisi-Qars dəmiryolu ötən il istifadəyə verilsə də, 2018-ci ildə bu layihəyə Azərbaycan Dövlət Neft Fondu tərəfindən yenidən vəsait ayrılıb. Virtualaz.org xatırladır ki, bu, Neft Fondunun 2018-ci il üçün nəzərdə tutulan xərclər və gəlirlərinə dair dekabrın sonunda açıqladığı məlumatda əksini tapmışdı. Neft Fondunun 2018-ci il üçün büdcəsi dekabrın 28-də prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Bəs Bakı-Tiflis-Qars dəmir yolu ötən ilin oktyabrında istifadəyə verildiyi halda 2018-ci ildə bu layihəyə daha 176 milyon manat (101 milyon dollar) ayrılmasının səbəbi nədir? Dövlət Neft Fondu BBC Azərbaycanca-nın bu barədə sorğusuna cavab verib. Fond bildirir ki, bu vəsait Gürcüstana ayrılmalı olan kreditin qalığı və qonşu ölkə ərazisində dəmiryolu boyu bəzi yarımçıq tikinti işlərinin tamamlanması ilə bağlıdır.

Fond xatırladır ki, bu layihə çərçivəsində Azərbaycanın Gürcüstana 775 milyon dollarlıq kredit xətti açıb. "Layihənin əvvəlindən bu günə qədər Dövlət Neft Fondu tərəfindən ümumilikdə 642.3 milyon dollar ödənilib, kredit xətti üzrə qalıq məbləğ 132,7 milyon dollardır"-fond bildirir.

Habelə Dövlət Neft Fondu bildirir ki, dəmiryolu xəttinin istifadəyə verilməsinə baxmayaraq, Gürcüstanın yeni dəmiryolu boyu inşa edilən ərazisində layihəyə aid köməkçi və bəzi infrastruktur obyektlərin, o cümlədən yeni dəmiryolu stansiyasının tikintisi ilə bağlı işlərin tamamlanması nəzərdə tutulur.

"Kreditor tərəfindən verilmiş proqnoza əsasən, bu işlərin həyata keçirilməsi üçün Neft Fondunun 2018-ci il üçün büdcəsində 102,4 milyon ABŞ dolları və yaxud 176.1 milyon manat məbləğində vəsait nəzərdə tutulub"-açıqlamada bildirilir.

Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti ötən il oktyabrın 30-da Azərbaycan, Gürcüstan və Türkiyə prezdientlərinin iştirakı ilə işə salınıb.
Вернуться назад