Azərbaycan İnformasiya Agentliyi (AİA)


ABŞ və Avropa Azərbaycan iqtisadiyyatına problem yaratmaqda davam edir


ABŞ və Avropa Azərbaycan iqtisadiyyatına problem yaratmaqda davam edir

Dünya iqtisadiyyatında diqqət yetirilən əsas məqam hələ də Qərb ölkələrinin üzləşdikləri iqtisadi böhrandan nə zaman xilas olacaqları ilə bağlıdır. Çünki bu böhran dünya iqtisadiyyatını tormozlayır və belə vəziyyət, digər dünya ölkələri kimi, Azərbaycana da təsirsiz ötüşmür. Belə bir vaxtda isə, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, bu ilin sonuna kimi dünya iqtisadiyyatındakı artım 2,9% təşkil edəcək. Bu, 2012-ci ilin göstəricilərinə uyğun olaraq 3,2% azdır. Lakin 2014-cü il üçün bu göstəricinin 3,6% təşkil edəcəyi proqnozlaşdırılır. BVF-nin digər proqnozlarına əsasən isə, bu artım gözlənilən nəticələri verməyə bilər. Belə ki, gözlənilən təbii soyuq hava, dünya iqtisadiyyatında baş verən iqtisadi tənəzzül, əmək bazarlarında mövcud şərtlər, infrastruktur problemləri, investisiya çatışmazlıqları və s. kimi amillər dünya iqtisadiyyatında baş verə biləcək artımın istənilən səviyyədə olmamasına təsir edəcək: "Bu da, öz növbəsində, keçid xarakterlidir və formalaşan bazar iqtisadiyyatı ölkələrində daha qabarıq şəkildə özünü biruzə verəcək. Bu, həmin ölkələrdə maliyyə bazarlarının neqativ səmtdə formalaşmasına səbəb ola bilər. Hətta inkişaf etmiş ölkələrin maliyyə bazarlarında bəzi məqamlar yaşanır ki, misal olaraq nəhənglərdən ABŞ-ı qeyd etmək olar. Belə ki, gözlənilməz hal olaraq ABŞ-da və digər inkişaf etmiş bazarlara məxsus ölkələrdə uzunmüddətli faiz dərəcələri artıb. Lakin Federal Ehtiyatlar Sistemi aktivlərin alınmasının hələ də dayandırılmaması qərarını verib. Eyni zamanda, inkişaf etmiş ölkələrdən kapital axınının azalması müşahidə olunur. Lakin ABŞ-dakı mövcud vəziyyətin aradan qaldırılması və ya qarşısının alınması üçün hökumət tərəfindən bəzi maliyyə risqləri, əməliyyatlar aparılır. İndi avrozonadaki siyasi meyarlar maliyyə sabitliyinə səbəb olur ki, bu da yaşanan iqtisadi böhranın minimuma endirilməsinə təsirini göstərir. Region böhrandan çıxmaqla 2014-cü il üçün iqtisadi artımın 1% təşkil edəcəyi proqnozlaşdırılır. Yaponiyada həyata keçirilən Abenomiks- pul-kredit siyasəti və stimullaşdırıcı fiskal siyasət ölkədəki mövcud maliyyə durumunu sabit saxlamaqdadır. Lakin maliyyə siyasətindəki bəzi ciddi addımların artırılması ilkin vaxtlarda hər hansı xoşagəlməz halların yaşanmasına səbəb ola bilər. Maliyyə bazarındakı əsas gözlənilən sərt addımlardan biri gələn ildən tələb vergisinin 5%-dən 8%-dək artırılması olacaq ki, bu da 2014-cü ilin aprelindən 2015-ci ilin sonunadək Yaponiya üçün 51 milyard dollar gəlir deməkdir. Çin iqtisadiyyatında 2014-cü il 7,25% artımla müşahidə oluna bilər. Bu da 2013-cü ildə mövcud olacaq 7,5%-lik iqtisadiyyatdan aşağıdır. Lakin hökumət iqtisadi siyasətinə sadiq qalaraq daha dayanıqlı və möhkəm iqtisadi siyasətin yeridilməsi tərəfdarıdır. Ümumilikdə, 2014-cü il dünya iqtisadiyyatında 4-5% artımla müşahidə olunacaq. Lakin bu amil Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan kimi ölkələrə şamil edilmir. Çünki bu ölkələr yaşanan bəzi çətinliklərlə hələ uzun müddət mübarizə aparmalı olacaq".
BVF regionun neft ixracatçısı olan ölkələrdə, o cümlədən Azərbaycanda cari əməliyyat hesabının profisitinin azalmasını proqnozlaşdırır. Bu şəraitdə region ölkələrində dəyişkən məzənnə siyasətinin həyata keçirilməsi tövsiyə olunur. Həmçinin, BVF-nin hesablamalarına görə, Azərbaycanın büdcəsinin tarazlaşdırılmış vəziyyətdə qalması üçün neftin qiyməti 90 dollar səviyyəsindədir. Xatırladaq ki, cari ilin və 2014-cü ilin dövlət büdcəsi 100 dollarlıq baza qiymətinə əsasən formalaşdırılıb. Bundan əlavə, hesabatda deyilir ki, Azərbaycanda son zamanlar kreditləşmə, o cümlədən istehlak kreditləşməsi sürətlənib və bu vəziyyətdə requlyator tərəfindən nəzarətin gücləndirilməsi zəruri hesab olunur. BVF region ölkələri üçün bir sıra tədbirlərin görülməsini tövsiyə edir. Buraya struktur islahatlarının sürətləndirilməsi, büdcə sistemlərinin möhkəmləndirilməsi, pul-kredit sisteminin səmərəliliyinin artırılması, maliyyə sektorunun inkişafının stimullaşdırılması kimi tədbirlər aid edilir. Ümumilikdə, BVF-in proqnozlarına görə, 2014-cü ildə Azərbaycanda iqtisadi artım 5,6%, bu il isə 3,5% təşkil edəcək. Müqayisə üçün bildirək ki, ölkə hökumətinin bu həftə açıqladığı proqnozlara əsasən, gələn il Azərbaycanda iqtisadi artım 5,2%, bu il isə 4,5% olacaq. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində ölkədə iqtisadi artım artıq 5,4% təşkil edib. Bundan əlavə, BFV-nin proqnozlarına görə, gələn il Azərbaycanda inflyasiya 6,3%, bu il isə 3,7% olacaq. Hökumətin proqnozlarında bu göstərici müvafiq olaraq 3,5% və 3,3% səviyyəsində gözlənir. Beləliklə, BVF hökumətdən fərqli olaraq gələn il üçün daha kəskin həddə inflyasiya gözləyir. Bu il üçün isə proqnozlar təxminən eyni səviyyədədir.

Tahir TAĞIYEV


0 0



Şərhlər (Facebook)