Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xəzər dənizi uğrunda hərbi müharibəyə hazırlıq başlayır


Xəzər dənizi uğrunda hərbi müharibəyə hazırlıq başlayır

Məlum olduğu kimi, 2011-ci il sentyabrın 7-də Avropa Birliyi "Transxəzər" layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Yenə həmin il sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər "Transxəzər" layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla "Transxəzər" qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb. O vaxtdan, Rusiyanın etirazlarına baxmayaraq, Avropa "Transxəzər"in reallaşması üçün səylərini davam etdirib. Lakin Kremlin yaratdığı problemlər indiyə qədər "Transxəzər"in reallaşmasının qarşısını alan əsas vasitəyə çevrilib. Məhz belə bir vaxtda Avropa Birliyi növbəti maraqlı açıqlama ilə çıxış edib. Qurumun Türkmənistan üzrə səlahiyyətli təmsilçisi Denis Danilidis bildirib ki, AB hesab edir ki, "Transxəzər" qaz kəmərinin tikintisinə başlamaq üçün ən yaxşı vaxtdır. O, Aşqabadda keçirilən "Türkmənistanın neft və qazı" adlı beynəlxalq neft-qaz konfransında çıxışı zamanı deyib ki, Brüssel və Aşqabad "Transxəzər" qaz kəməri üzrə danışıqların bitməsinə və saziş bağlanmasına səy göstərir: "Transxəzər" qaz kəməri əsas məsələdir və Avropa Birliyi hesab edir ki, indi saziş bağlayıb qaz kəmərinin tikintisinə başlamaq üçün ən yaxşı vaxtdır. Danışıqlarda bir neçə qalan məsələni müzakirə etmək zəruridir. İlk qaz kəməri Cənub Qaz Dəhlizi yaradılana qədər tikilib başa çata bilər". Onun sözlərinə görə, "Transxəzər" qaz kəməri də daxil, Cənub Qaz Dəhlizi AB üçün prioritetdir. Danilidis deyib ki, AB Xəzərdən keçən kəmərin yüksək ekoloji standartlara uyğun olması barədə Azərbaycan və Türkmənistanla razılığa gəlib. Onun sözlərinə görə, bu barədə sənəd bu ilin sonunda təsdiq ediləcək. Azərbaycan və Türkmənistan hesab edir ki, Xəzərin dibi ilə qaz kəməri çəkmək üçün kəmərin ərazisindən keçdiyi ölkələrin razılığı yetər. Rusiya və İran isə bildirir ki, Xəzərin hüquqi statusu müəyyən edilmədiyi üçün bu layihə 5 Xəzəryanı ölkənin razılığı ilə çəkilə bilər. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Transxəzəri Bakı və Aşqabadın maraqlarına uyğun olmayan, amma AB tərəfindən Azərbaycan və Türkmənistana "sırınan layihə" kimi xarakterizə edib. Avropa isə bəyan edir ki, artıq "Transxəzər"in reallaşması üçün münasib şərait var və ilin sonuna kimi sazişlər imzalanacaq. Bütün bunlar isə, ekspertlərə görə, Moskvanın Xəzərdə yenidən aqressivləşməsinə səbəb olacaq. O da aydındır ki, Rusiya Avropada enerji sferasında hegemonluğundan və digər təsir vasitələrindən istifadə edərək "Transxəzər"layihəsinin reallaşmasına yeni maneələr yaradacaq. Moskva bildirir ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər. Rusiya XİN-in mövqeyi belədir: "Bu cür irimiqyaslı layihələrlə bağlı qərarlar bütün Xəzəryanı ölkələrin iştirakı ilə qəbul olunmalıdır. Ümid edirik ki, Avropa İttifaqı Şurası Rusiyanın və digər Xəzəryanı ölkələrin mövqeyinə diqqətlə yanaşacaq bu formatla razılaşdırılmayan addımlardan çəkinəcək".
Moskvanın "Transxəzər"ə qarşı ata biləcəyi növbəti addım isə, Xəzərin ekologiyasını qabartmaqla yanaşı, dənizdə hərbi vəziyyəti gərginləşdirməkdir. İstisna olunmur ki, Rusiya "Transxəzər"in reallaşması istiqamətində konkret addımlar atılanda Xəzərdə hərbi gərginlik mənbəyi yaratsın. Bundan öncə də rusiyalı ekspertlər analoji xəbərdarlıqlarla çıxış ediblər. Onu da bildirək ki, Azərbaycan Türkmənistan qazını Avropaya daşımaq üçün "Transxəzər" qaz kəmərinin tikintisində maraqlıdır. Energetika naziri Natiq Əliyev də bundan əvvəl bildirib ki, Bakı Avropaya qaz çatdırılması üçün təşkilatçıları bütün lazımi icazə və infrastrukturla təmin etməyə hazırdır: "Biz Türkmənistanla "Transxəzər" boru kəmərinin tikintisi barədə razılıq əldə edəcəyimiz halda Xəzər dənizinin statusu ilə bağlı problem yoxdur. Xəzərin statusu və "Transxəzər" kəmərinin tikilməsi arasında hər hansı bağlılıq və bir-birinə təsir imkanı yoxdur. Bu, iki dövlət arasında danışıqlar yolu ilə baş tuta bilər".""

Tahir TAĞIYEV


0 0



Şərhlər (Facebook)