Azərbaycan İnformasiya Agentliyi (AİA)


Avroparlamentdən Azərbaycana böyük "Qarabağ dəstəyi"...


Mübariz Əhmədoğlu: "Qətnamənin ən vacib əhəmiyyəti ondan ibarətdir ki, Avropa artıq regionda kimin işğalçı olmasını başa düşür"

Avroparlamentdən Azərbaycana böyük "Qarabağ dəstəyi"...

Bir sıra beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etmələrinə rəğmən, bütün bunlar Ermənistanın işğala son qoymasına gətirib çıxarmır. Bəzi aparıcı dövlətlərin bu və ya digər dərəcədə Ermənistanı himayə etməsi buna imkan vermir.
Məlum olduğu kimi, oktyabrın 23-də Avropa Parlamentinin sessiyasında Dağlıq Qarabağ münaqişəsi barədə qətnamə qəbul olunub. Qətnamədə Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini Avropa Qonşuluq Siyasəti üzrə qəbul etdiyi qətnamənin 16-cı paraqrafında əks etdirib. Həmin paraqrafda vurğulanıb ki, "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən bir dövlətin digərinin ərazisini işğal etməsi "Şərq Tərəfdaşlığı"nın fundamental prinsip və məqsədlərinə ziddir. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli Akvil birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllini tapmalıdır.
Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, AP-nin qəbul etdiyi bu qətnamədə ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu bildirilib.
AP-nin bu qətnaməsi bir daha təsdiq edir ki, beynəlxalq aləm münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır.
Onu da qeyd edək ki, AP bundan əvvəl də Dağlıq Qarabağla bağlı bənzər qətnamələr qəbul edib. Ancaq bütün bunlar, yuxarıda deyildiyi kimi, işğalın aradan qaldırılmasına gətirib çıxarmayıb. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu cür qərarlar beynəlxalq müstəvidə hüquqi baxımdan Azərbaycanın mövqelərinin möhkəmlənməsinə müəyyən qədər kömək edir.
Maraqlıdır, ekspertlər AP-nin Dağlıq Qarabağla bağlı qətnaməsini necə dəyərləndirir?
Sözügedən məsələni dəyərləndirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ümumən AP-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməsini müsbət dəyərləndirdi: "Avropa elitasında Dağlıq Qarabağla bağlı obyektiv rəy formalaşdırmaq üçün AP çox mühüm strukturdur. O baxımdan sözügedən qətnamənin mühüm əhəmiyyəti var. Yəni, istər-istəməz, bunu hamı oxuyacaq. Bu baxımdan qətnamə ermənilərə də çox ciddi təsir etmək gücündə olan bir sənəddir. Çünki ermənilər hazırda daha çox Avropaya bel bağlayır. Fikirləşirlər ki, Avropaya inteqrasiya edəcəklər, bunun əvəzində Avropa ermənilərə maliyyə yardımı edəcək, Qarabağı Ermənistana birləşdirəcək və s. Bənzər qətnamələr qəbul olunanda və Avropada anti-erməni rəyi formalaşanda, o zaman Ermənistanın vəziyyəti mürəkkəbləşir. Necə deyərlər, bu kimi qətnamələr ermənilər üçün dözümsüz vəziyyət yaradır. Əvvəllər ermənilər öz lobbi imkanlarını işə salaraq bənzər qətnamələrin qarşısını alırdılarsa, artıq bu imkanı da itirməkdədirlər. Onu da nəzərə almaq lazımdır ki, bütün bunlar Azərbaycanın apardığı məqsədyönlü işin nəticəsidir. Məsələ ondadır ki, Azərbaycan mütəmadi olaraq Avropa strukturları ilə iş aparır. Onlara həqiqəti izah etməyə çalışır. Qətnamənin ən vacib əhəmiyyəti ondan ibarətdir ki, Avropa artıq regionda kimin işğalçı olmasını başa düşür. Avropa ermənilərin yalançılığını, riyakarlığını anlayır. Ona görə də məhz bu qərarı əsas götürərək AP-la işimizi qurmalıyıq".

Vidadi ORDAHALLI


0 0



Şərhlər (Facebook)