Azərbaycan İnformasiya Agentliyi (AİA)


ABŞ Türkiyəni sanksiyalarla hədələdi


ABŞ Türkiyəni sanksiyalarla hədələdi

Son dövrlərə qədər ən sıx müttəfiqlərdən sayılan ABŞ və Türkiyə arasında yeni böhran başlanıb. Hətta iş o yerə çatıb ki, ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edir. Əsas səbəb isə odur ki, Türkiyə Çindən hava hücumundan müdafiə (HHM) sistemləri almaqda israrlıdır. Ankarada olan yüksək səviyyəli ABŞ diplomatlarından biri "Vətən" qəzetinə verdiyi açıqlamada bildirib: "Türkiyə ilə Çin arasında razılaşma baş tutarsa, layihədə iştirak edəcək türk şirkətlərinə qarşı sanksiya tətbiq ediləcək". Adı çəkilməyən diplomatın sözlərinə əsasən, Türkiyənin müqavilə bağladığı Çin şirkəti ABŞ-ın qara siyahısındadır və nəticə etibarilə bu şirkətlə çalışan türk firmaları müxtəlif sanksiyalarla üz-üzə qala bilərlər. Bu proqramda ABŞ texnologiyasının istifadəsinə icazə verməyəcəklərini açıq şəkildə bildirən diplomat qərarın bir daha nəzərdən keçirilməli olduğunu deyib.
Xatırladaq ki, Türkiyədə uzaqmənzilli raketlərin istehsalı ilə bağlı elan edilən tenderdə Çinin CPMIEC şirkəti qalib gəlib. Sonradan bu şirkətin ABŞ-ın qara siyahısında olduğu ortaya çıxıb. ABŞ və NATO bununla bağlı Türkiyəyə narazılıqlarını bildirib. Ankara və Pekin Türkiyənin Çindən hava hücumundan müdafiə sistemi almaq niyyəti haqqında ABŞ və NATO-nun digər dövlətlərinin narahatlığını əsassız hesab edir. Türkiyə tərəfinin sözlərinə görə, Çindən HHM sisteminin alınması haqqında qərar siyasi motiv daşımır və onun qiyməti Ankaranı təmin edir. Türkiyə Müdafiə Nazirliyi həmçinin bildirib ki, Türkiyə Çinin HHM sistemlərinə üstünlük verir. Çünki o, Rusiyanın, ABŞ-ın və digər Avropa ölkələrinin analoji vasitələrindən ucuzdur. Qeyd olunduğu kimi, aparıcı silah istehsalı ilə məşğul olan şirkətlərin rəqabət apardığı tenderin qalibi Çinin CPMIEC firmasıdır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, CPMIEC şirkətinin uzaqmənzilli raketlərin yaradılması üzrə təqdim etdiyi təkliflər iqtisadi cəhətdən Türkiyə üçün daha sərfəlidir. Onun sözlərinə görə, rəsmi Ankara bu sahədə bütün təklifləri dəyərləndirib. Ərdoğan o cümlədən vurğulayıb ki, uzaqmənzilli raketlərin yaradılması ölkə üçün prioritetdir. Baş nazirin sözlərinə görə, Türkiyənin bu tipli raket yaratmağı tamamilə qanunidir və ölkə NATO-nun bu barədə bəyanatını vacib hesab etmir. Qeyd edək ki, ilin sonunda Türkiyə Çinlə uzaqmənzilli raketlərin yaradılması ilə bağlı saziş imzalayacaq. Uzaqmənzilli raketlər Çin şirkəti ilə Türkiyə şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılacaq. Ümumiyyətlə, son vaxtlar Çin silah bazarında ABŞ-ı, Rusiyanı sıxışdırır. Bu hal Moskvanın da xoşuna gəlmir. Belə ki, silah sənayesi getdikcə güclənən Çin Rusiyadan idxal etdiyi texnologiyanı sürətlə investisiyaya çevirir. Məsələn, Rusiya, ən inkişaf etmiş döyüş təyyarələri olan "Su-27" reaktivləri başda olmaqla, silahların böyük bir hissəsini pula olan ehtiyacını ödəmək üçün Çinə satıb. Rusiyadan aldığı texnologiyanın detallarını deşifrə edən Çin "Su-27", eləcə də kosmik gəmi və çoxlu sayda inkişaf etmiş silah istehsal edəcək səviyyəyə çatıb. Çin yalnız "Su-27" döyüş reaktivlərinin elektron və radar sisteminin surətini götürməklə kifayətlənməyib, təyyarəyə öz istehsalı olan mühərrikləri əlavə etməyi də bacarıb. Bunun nəticəsidir ki, Pekin son iki ildə Rusiyadan etdiyi silah idxalatını çox aşağı səviyyəyə endirə bilib. Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun məlumatlarına görə, 1992-ci ildə Çin 24 ədəd "Su-27"yə 1 milyard dollar ödəyərək bu təyyarələrdən alan ilk ölkə oldu. İki ölkə arasındakı ən böyük ticarət anlaşması isə 1996-cı ildə Rusiyanın Çinə 200 ədəd "Su-27" istehsal etmək üçün icazə verən lisenziyası ilə bağlı olub. 2004-cü ildə 105 "Su-27" istehsal etdikdən sonra Çin ehtiyaclarını ödəmədiyi üçün razılaşmanı ləğv edib. Üç il sonra isə Çinin öz döyüş reaktivi olan "J-11B"ni sərgiləməsi Rusiyanın narahatlığını artırıb. Çin inkişaf etməkdə olan ölkələrə rus mühərriki daşıyan ucuz "JF-17" təyyarələrini satmaq istəyir. Çin Rusiyanın "MiQ-29" döyüş reaktivinə rəqib olan bu təyyarələri Azərbaycana satmağı planlaşdırır. Misir isə Rusiyanın "MiQ-29"larının əvəzinə Çinin 10 milyon dollar daha ucuz olan "JF-17" təklifinə müsbət baxır. Çinin müştəriləri arasında Hindistan ilə güc tarazlığını qorumaq istəyən Pakistan da var. "JF-17" döyüş reaktivləri üçün Şri-Lanka, Banqladeş, Venesuela, Nigeriya, Mərakeş və Türkiyə də növbədədir. Pekinin silah satması ABŞ-ı da narahat edir.

Tahir TAĞIYEV


0 0



Şərhlər (Facebook)