Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səbaildə polislər mükafatlandırıldı


Səbaildə polislər mükafatlandırıldı

2 İyul – Azərbaycan Polisi günü ilə əlaqədar Səbail Rayon Polis İdarəsində Səbail Rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyəti və polis idarəsinin şəxsi heyətinin iştirakı ilə təntənəli toplantı keçirilmişdir.
Toplantını açıq elan edən Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov qeyd etmiş ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində Müstəqil Azərbaycanın polis orqanları yaradıldı.
Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Əli İbrahimov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizin polis orqanlarının inkişafındakı xidmətlərindən, milli kadrların yerişdirilməsindən danışaraq bildirmişdir ki, məhz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ulu öndərin siyasətinin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə polisin maddi texniki bazası daha da möhkəmləndirilmiş, ona olan diqqət daha da artmışdır. Əlamətdar bayram münasibəti ilə polis işçilərini təbrik edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili İşlər Nazirliyinə diqqət və qayğısından danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir və tam məsuliyyətlə deyə bilərik ki, bu gün polis Azərbaycan Respublikasında nümunəvi xidmət göstərir, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.
Eldar Əzizov bildirmişdir ki, bu gün qonşu dövlətlərdə yaşanan gərgin siyasi-iqtisadi vəziyyətə baxmayaraq Azərbaycan öz mövqelərini dahada möhkəmlədir və buna görə də Prezident cənab İlham Əliyev Azərbaycan xalqının layiqli lideri kimi tanınır.
Natiq Səbail Rayon Polis İdarəsinin fəaliyyəti, paytaxtın mərkəzi rayonu, bir çox yerli və beynəlxalq tədbirlərin keçirildiyi, sakinlərimizin və çoxsaylı qonaqların sevimli gəzinti və istirahət yeri olan Səbail rayonunda asayişin, insanların təhlükəsizliyin qorunması, neqativ hallara yol verilməsinin, müxtəlif təxribatların qarşısının alınması istiqamətindəki işlərdən danışmış, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə Səbail Rayon Polis İdarəsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.


0 0



Şərhlər (Facebook)