Azərbaycan İnformasiya Agentliyi (AİA)


Avropa “Avstriya təhlükəsini” yayındırdı, amma...


Qoca qitədə ifrat sağın güclənməsi tendensiyası ildən-ilə artır, Avstriyada sağlar məğlub olsa da, Fransa, Almaniya və Hollandiyada seçkilər olacaq
Avstriyada keçirilən prezident seçkilərində 72 yaşlı Aleksandr Van Der Bellen qalib gəlib. İlkin nəticələrə görə, müstəqil namizəd, bioloq Bellen səslərin 53, ifrat sağçı namizəd, 45 yaşlı Hofer isə 46 faizini qazanıb.
Qeyd edək ki, Avstriyadakı seçkilər son zamanlar Avropada ifrat sağın yüksəlişi ilə eyni zamana təsadüf edib. Məsələ burasındadır ki, apreldə keçirilən seçkilərin birinci mərhələsində Hofer qalib gəlmişdi. Mayın 22-də ən çox səs toplayan iki namizəd arasında seçkinin ikinci mərhələsini isə Van der Bellen udsa da, Hoferin Azadlıq Partiyası seçkidə prosedur pozuntularına görə şikayət verib təkrar seçkilərə nail olub.
Avstriyada ifrat sağçı Azadlıq Partiyası 1950-ci illərdə keçmiş nasistlər tərəfindən yaradılıb. Ölkədə mərkəz sağ populyar olsa da, zaman-zaman Azadlıq Partiyası da seçkilərdə sürpriz nəticələr göstərir. Məsələ, 1999-cu ildə də Azadlıq Partiyasının namizədi qalib gəlsə də, sonradan Avropanın siyasi basqıları nəticəsində seçkinin nəticələri ləğv olunub. İndi isə həm Avropada, həm də Amerikada (ABŞ) ifrat sağın güclənməsi Avstriyada da sağçıların hakimiyyətə gələcəkləri ilə bağlı ümidlərə səbəb olmuşdu. Bu səbəbdən də bir çox müşahidəçilər seçkilərdə sağçıların qalib gələcəyini proqnozlaşdırırdı. Ancaq gözlənilənin əksinə olaraq seçkilərin qalibi solçu, Yaşıllar Partiyasının keçmiş üzvü Van der Bellen qalib gəldi. Bellen iqtisadiyyat üzrə professordur.
Qeyd edək ki, seçkinin nəticələri Avropa Birliyi ölkələrində də məmnuniyyətlə qarşılanıb. Məsələ ondadır ki, AB Avstriyada sağçıların hakimiyyətə gəlməsi ehtimalından narahat idi. Bu, qitədə ciddi siyasi təsir qoya biləcəkdi. Baxmayaraq ki, Avstriya Avropada nisbətən kiçik ölkədir, amma Hitlerin doğma vətənindəki siyasi radikalizm narahatlıq doğururdu. Avropa Şurasının prezidenti Donald Tusk, Fransa prezidenti Fransua Olland və Almaniya baş nazirinin müavini Siqmar Qabriel seçkidə qalib gəlmiş Belleni təbrik edib, Qabriel bu seçkini “sağçı populizmə qarşı həssasiyyətin açıq bir qələbəsi” adlandırıb.
Amma Avstriyada seçkilərdə sağçıların uduzması hələ son deyil. Gələn il Avropada sağın parlaq dönəmini yaşadığı Fransa, Hollandiya və Almaniyada seçkilər olacaq. Axır illərdə hər üç ölkədə sağ sürətlə populyarlaşır. Miqrant axını, Fransada və Belçikada baş verən terror aktları və iqtisadi geriləmələr sağçı siyasətçilərin tərəfdarlarının sayının artmasına səbəb olub. Fransada ötən il keçirilən yerli seçkilərdə ilk dəfə Mari Le Penin partiyası səslərinin sayını 25 faizə qədər artıra bilib.
Trampın ABŞ prezidenti seçilməsinin, dünyanın digər nöqtələrində olduğu kimi, Avropada da ifrat sağın güclənməsinə səbəb olacağı ilə bağlı proqnozlar vardı. Ancaq Avstriya seçkiləri göstərdi ki, vəziyyət tam olaraq nəzarətdən çıxmayıb. Aydın məsələdir ki, sağın ifrat yüksəlişi Avropanın ənənəvi dəyərlərinə təhdid yaradır. İslamafobiya, millətçilik, miqrasiya əleyhinə çağırışlar İkinci Dünya savaşından sonra formalaşmış Avropa dəyərlərini zərbə altına qoyur.
Ancaq o da var ki, artıq proses çox sürətlə gedir. İlk dəfə Macarıstan kimi Şərqi Avropa ölkələrindən başlayan tendensiya indi Avropanın “köklü” ölkələrini də təhdid edir. Hələlik Avropa özünü toplayaraq Avstriyada seçkinin nəticələrinə təsir edə bildi, ancaq artan sağ tərəfdarlığı gələn il Almaniya və Fransa kimi ölkələrdə özünü seçkilərdə “sınayacaq” və bu zaman mütərəqqi Avropanın yeni ifrat sağ dalğasından necə qoruyacağı hələlik məlum deyil.


0 0



Şərhlər (Facebook)