Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Azercelli sevmirəm”: Mobil operatordan kütləvi imtina - Etirazlar başladı


Azərbaycanın ən böyük mobil operatorlarından biri olan Azercell tanınmış blogger, ictimai fəal Bəxtiyar Hacıyevin Çin istehsalı olan 18 ədəd qoruyucudan ibarət Yeni il hədiyyəsinə hədiyyə ilə cavab verib.

BakuPost.az xəbər verir ki, şirkət ondan narazı olan müştərisinə üstünə rəngli helium şarlar bağlanmış və üzərində "Azercell” logosu olan çamadan göndərib. Qarşılıqlı hədiyyələşmə prosesindən sonra sosial şəbəkələrdə Azercellə qarşı "Azercelli sevmirəm” haştaqı ilə kampaniya başladılıb.
AntiAzercell kampaniyasına qoşulan mobil operatorun keçmiş və indiki müştəriləri şirkətin xidmətlərindən olan narazılıqlarını dilə gətiriblər. Mobil operatorun onillik müştəriləri belə "Azercelli sevmirəm” haştaqına dəstək verərək nömrələrini başqa operatora daşıdığını bildiriblər.

Haştaqla yazılmış statuslardan bəzilərini təqdim edirik:

Rəsul Həsənov: "Söhbət mobil operatorlaradn düşübsə elə mən də #AzercelliSevmirəm . Elə Bakcell-i də. Hər ikisindən istifadə edirəm. Spam mesajlarla bağlı çox mübahisələrim olub. Yüksək qiymətlər, aşağı keyfiyyət, hələ rouminqdən heç danışmağa dəyməz.

Mobil operatorlar ölkədə texnologiyanın inkişafına dəstək olmalıdır deyə bir əfsanə eşitmişik. Biz isə gic-gic spamların əlində qalmışıq”.

Vüsal Məmmədov: "Mən nəinki #Azercellisevmirem, hətta deyərdim ki, nifrət edirəm. 1 ay öncə Litvada olanda mənə gələn, lakin çatmayan zənglərə görə balansımdan pul silirdilər.

Hələ qəpik oğurluğuna "Value Added Services" (VAS) adı qoyulub və Portuqaliyadan gələn şirkətin boynuna atmaqlarını demirəm”.

Müşfiq Şükürov: "Hər üç operator insanların ciblərini virtual oğruların üzünə açır. Sonra həyasızca deyirlər ki, "yəqin özünüz abunə olmusunuz". Bir dəfə hiddət dolu status da yazmışdım bu barədə (hədəf onda Nar mobile idi). Odur ki, #azercelliSevmirem mən də”.

Həsən Həsənov: "#Azercellisevmirəm, istifadə olunmayan ikitərəfli bağlı olan nömrədə bbm-i açıq saxlayıblar, neçə ay 20 manatdan borclandırmışdılar məni”.

Ramin Həsənov: "Baxmayaraq ki, 14 ildir, Azercell-in muştərisiyəm, Azercellin müştəriyə qarşı yalançı diqqəti və biganə münasibəti yekunda ictimai qınağa səbəb oldu. Odur ki, #Azercellisevmirəm”.

Orxan Əsgərzadə: "#Azercellisevmirəm, çünki 311-lə başlayan nömrəmə heç nədən 50 manat dəyərində borc yazıb. Nə qədər çağrı mərkəzi ilə danışsam da, müştəri xidmətlərində sübüt eləsəm də, çarə olmadı”.

Pərviz Bağırov: "#Azercellisevmirəm, sevsəydim 2 gün əvvəl 15 il işlətdiyim nömrəni Bakcellə daşımazdım

Fərid Səfərli: "#Azercellisevmirəm. Çünki:

1. Rominqdə boynuma fantastik qiymət qoydular. Ən əsası da sonra sübut edə bilmirsən onlara.
2. İnternetleri zəif işləyir
3. Müştəri heç nə sübut edə bilmir, müştəri heç vaxt haqlı olmur. Adamı yola verirlər”.

Aysel Sultan: "Azercell həcmli operator Azərbaycan dilində olan mesajları niyə Azərbaycan əlifbası və doğru qrammatika ilə yazmır? Heç görməmişəm ki, alman operatorlarından gələn mesajlarda alman sözləri ingilis əlifbası ilə yazılsın. Dilimizdə savadlı və səlis yazmaq, istənilən xidmət göstərən təşkilat üçün prioritet olmalıdır! #AzercelliSevmirem”.

Zaur Xudiyev: "Baxmayaraq ki, hər iki nömrəm də Azercelldi, amma mən də #azercellisevmirəm.

İnternet tez-tez gedir, hərə dəfə də soruşanda deyir, nömrəni başqa telefonla yoxla. Özlərində heç vaxt günah görmürlər. Üstəlik metroda da pis gündədir”.

Or Cuvarlı: "Azercelldə çalışan dostların Bəxtiyar Hacıyevin etirazına cavablarını oxudum, belə başa düşdüm ki, bəziləri ümumiyyətlə heç bir şikayəti yaxın da buraxmaq istəmirlər. Xalqın mobil operatorlarla probleminin olduğunu bildiklərini bilməməzliyə vurmaqdansa, həll etmək üçün rəhbərliklərinə bir kiçicik eyham etsələr, daha çox hörmət qazanarlar, amma yox, biz axı çörəyimizlə oynaya bilmərik, şairin də dediyi kimi, millət necə tarac olur-olsun...”

Xatırladaq ki, Bəxtiyar Hacıyevlə Azercell arasındakı qalmaqalın yaranmasına səbəb şirkətin xaricdə olarkən çatmayan zəngə görə müştərinin balansından 18.2 AZN silməsi olub. Məsələni araşdırmaq üçün B.Hacıyev şirkətin müştəri xidmətləri ilə əlaqə saxlayıb, ofislərinə gedib, rəsmi Facebook səhifələrinə yazıb, lakin bir nəticə olmayıb. Bütün bunlardan sonra blogger məsələni sosial şəbəkə vasitəsilə ictimailəşdirib. Onun etirazına yüzlərlə insan dəstək olub və şirkətdən narazılığını ifadə edib.
“Azercelli sevmirəm”: Mobil operatordan kütləvi imtina - Etirazlar başladı


0 0



Şərhlər (Facebook)