Azərbaycan İnformasiya Agentliyi (AİA)


Heyvan iti bıçaqla kəsilmirsə, ətdəki faydalı ferment itir


Son zamanlar Bakıda, hətta bölgələrdə də qəssablar və ya qəssab olmayan insanlar tərəfindən küçədə, yol kənarında diri heyvanların bağlanılıb, sonra kəsilərək satılması halları baş alıb gedir. Çox vaxt sosial şəbəkələrdə insanlar yerə axıdılan qandan, antisanitariyadan, heyvanların orada bağlanan heyvanların gözü qarşısında kəsilməsindən yazaraq onların ağladığını iddia edir, belə hallara etiraz edir. Bəziləri isə istehza ilə yanaşaraq "heyvan nədir, ağlamaq nədir, onlar heç nə başa düşmür” deyə düşünür.

Düzdür, insanlar təzə kəsilmiş ətin keyfiyyətinə, faydasına əmindir. Amma bilmək lazımdır ki, əgər heyvanı kəsən qəssab bıçağı iti deyilsə, o, heyvanın başını boynundan düzgün ayırmırsa, o ət bizim üçün nəinki faydalı deyil, hətta zərərlidir.

Bu barədə Medicina.az-a açıqlama verən həkim, naturopat Füzuli Hüseynov insanları ət seçimində bir daha diqqətli olmağa çağırıb.

"Halal, düzgün heyvan kəsimində istər iribuynuzlu heyvan, istər qoç kəsimdən əvvəl yaxşı saxlanmalı, rahat olmalıdır. Yəni onu ac, susuz saxlamaq və ya çəkisi artsın deyə çoxlu duz, su vermək olmaz. Heyvanı kəsərkən bıçağı ona göstərmək, bir heyvanı digərinin qarşısında kəsmək, heyvanı döymək, vurmaq, qorxutmaq qəti olmaz. Heyvan digərlərindən ayrılıb, kəsim yerinin arxasına aparılmalı, gözü bağlanmalı, bıçaq çox iti olmalıdır. Əgər heyvan iti bıçaqla, düzgün kəsilibsə, həmin ətdə peroksidaza fermenti olur. Bu ferment ətin dadlı, keyfiyyətli olması üçün önəmlidir. Əgər peroksidaza yoxdursa, ətin çox az hissəsi insanın hüceyrə qılafından hüceyrə içinə keçib, onu qidalandıra bilir. Bir sözlə, peroksidazası olmayan əti nə qədər yesək də, qarnımızı şişirtməkdən başqa bir işə yaramaz.

Mən bu haqda çox savadlı, təcrübəli insanlardan, qəssablardan soruşmuşam. Heyvanın yanında başqa heyvan kəsiləndə, kəsimdən öncə heyvan qorxanda ətdə peroksidaza fermenti azalır. Bu barədə peyğəmbərdən də hədislər var. Bıçağı heyvan yanında itiləmək onu bir neçə dəfə öldürmək deməkdir. Deməli o heyvanın əti ölü və faydasız ətdən başqa bir şey deyil”.

Həkim ət alarkən onun kəsim yerinə də diqqət yetirməyi məsləhət görür:

"Bakıda var belə yerlər: ət kəsimi yeri ayrı olur, satış yeri ayrı, heyvanlar ayrı saxlanılır. Mən özüm də yol kənarında dediyim qaydalara riayət etməyən qəssablardan ət almıram. Sexlərdə və ət istehsalı müəssisələrində ət kəsimi qaydaları yaxşıdır, amma onların da yemində hormonlar olduğundan dadsız və zərərlidir. Sadəcə ət kəsimi ilə məşğul olan insanlara demək istərdim ki, heyvanı halallıqla, düzgün kəsmək savabdır və o ətin millətimizə də faydası olar”.


0 0



Şərhlər (Facebook)