Azərbaycan İnformasiya Agentliyi (AİA)


Psixi sağlamlığımızın qeydinə qalmağı uşaqlıqdan öyrənməliyik


Psixi sağlamlığımızın qeydinə qalmağı uşaqlıqdan öyrənməliyik
Müəllif: Aytəkin Hüseynli, Azərbaycan Sosial İş İctimai Birliyinin Sədri, Vaşinqton Universitetinin Sosial İş Üzrə Doktorantı

Azərbaycan Sosial İş İçtimai Birliyi olaraq, son dövrlərdə yeniyetmələr arasında geniş yayılan sui-qəsdlərə cavab olaraq, 2018-ci ilin fevral ayından başlayaraq, Böyük Britaniyanın BEARR Trust Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 3 orta məktəbdə yeniyetmə, onların valideynləri və müəllimləri arasında psixi sağlamlıq maarifləndirməsi adlı layihə həyata keçirdik. Layihənin məqsədi həm uşaqlara, həm onların valideynlərinə və də onların müəllimlərinə yeniyetmələrin arasında yaş dövrü zamanı baş verən psixoloji dəyişikliklər və bunlardan irəli gələn psixoloji problemlər haqqında məlumat verildi. Eyni zamanda tədbirdə iştirak edən yeniyetmələrə bildirildi ki, hər hansı bir problemləri olduğu zaman məktəblərində olan psixoloqlar ilə danışsınlar. Yeniyetmələrin valideyn və müəllimlərinə isə tövsiyyə edildi ki, uşaqlarda psixoloji narahatlıqlar müşahidə etdikdə mütləq psixoloq və digər əlaqədar mütəxəssislərə yönəltsinlər.

Psixi sağlamlıq təkcə kasıb təbəqənin deyil varlı və ya bütün təbəqələrin problemidir. İnsanın fiziki bədəni xəstələndiyi kimi psixikası da xəstələnə bilər bu da heç bir gəlirə, təbəqəyə baxmır. Görüdüyünüz kimi Hollivud ulduzları arasında da intiharlar olur. Azərbaycana gəldikdə isə vətəndaşının bu günkü həyat tərzində məni ən çox narahat edən problemlərdən biri də insanların psixoloqa deyil, falçıya həkimə yox, türkəçarə üsulla müalicə edən ara adamlarına üz tutmalarıdır. Bunun ilkin səbəblərindən biri ümumi anlayış olaraq, yəni elmi tədqiqat aparmadan, çox hallarda cahillik, təhsilsizlik və savadsızlıq ilə əlaqələndirmək olar. Sovet dövründə insanlar rasional yanaşmaya üstünlük verərək elmin yeniliklərinə inanırdılar və qanun tərəfindən bütün bunlara ciddi nəzarət olduğundan çox az halda falçı və türkəçarə müalicə edənlərə rast gəlinərdi. İnsan psixologiyası elədir ki, nəyə inanıb fikrini ona yönlədərsə, hətta bir daş parçasının onun arzularının gerçəkləşməsində böyük rolu olub uğur gətirəcəyinə inanarsa həmin arzusu gerçəkləşəcək. Arzusu reallaşmış hər kəs isə düşünəcək ki, həmin o daşda ilahi möcüzə var və anlamaq istəməyəcək ki, istəyinin gerçəkləşməsində sadəcə onun güclü fikri, inam və ümidi rol oynayıb.

Psixoloq, psixiatr və kiliniki sosial işçilər hansı ki, psixi sağlamlıqla məşğul olurlar bizim kimi ölkələrdə azlıq təşkil edirlər. Dünya Səhiyyə Təşkilatında aparılmış araşdırmalara əsasən inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr müqayisədə əhali başına düşən psixoloq sayına görə bizim ölkə də daxil olmaqla inkişaf etməkdə olan ölkələr 170 faiz geridədir. Düzdür bizim cəmiyyətdə savadlı psixoloq və psixiatrlarımız var. Amma bu say o qədər də çox deyil. İkinci məsələ isə bizim insanların psixi sağlamlıqla bağlı məlumatlarının az olmasıdır. Başqa ölkələrə nisbətən bu sahə bizdə yeni bir sahə hesab olunur. Sovet dövüründə bir çox sosial elmlər Stalinin yaratdığı “Qara siyahı” ya daxil olunmuşdu. Psixologiya, sosiologiya, sosial iş, ümumiyyətlə insan davranışını öyrənən elmlərin Qərbdə oluğu kimi tədrisi və inkişafı qadağan idi. Həmin dövrdə adi

insanlar arasında psixoloji böhranların geniş şəkildə olmaması və rahatlıq yaradan səbəb isə sosial problemlərin dövlət tərəfindən tənzimlənməsi idi. İnsanların məşğuliyyəti də çox idi və cəmiyyətdə onların hüquqlarını dəstəkləyən qanunlara bir əminlik var idi. Çünki sosial iqtisadi problemlər az idi. İşsizlik yox idi vətəndaşın ev problemlərinin həlli dövlət proqramlarında ən vacib məsələ idi.

O dövr üçün uşaq və gənclər siyasəti çox gözəl idi və məktəblər, universitetlər, həkim müayinə və müalicəsi ümumiyyətlə insanların yararlandığı bütün xidmətlər pulsuz idi. Uşaqların sağlam ruhda böyüməsi üçün daimi tədbirlər var idi ki, onların boş vaxtlarını doldururdu. İşıqlı gələcək ideologiyası uğrunda yeniliklər sorağında çox maraqlı proqramlar və öhdəliklər qoyulmuşdu. Sabaha inamla böyüyən uşaqlar bir növ ümidsiz olmurdular, özünə az qapanma olurdu və bu da onlar arasında psixi sağlamlıq problemlərin geniş olmamasına səbəb olurdu.

Bizim cəmiyyətimizdə vətəndaşlarımızın psixoloqa müraciət etməməsinin bir neçə səbəbləri var. Bunlardan biri bizim cəmiyyətdə “Psixoloq” sözünün düzgün qavranmamasıdır. Özünə qapanmış birinə “Psixoloqa get” dedikdə çox sərt reaksiya verərək ”Mən dəli deyiləm” deyə cavab verir. İnsanlarda əsaslı şüur dəyişikiliyi olmalıdır. Psixoloqa “dəli” həkimi kimi yanlış yanaşma anlayışını götürmək lazımdır. Bu stiqmanı qırıb tabunu götürmək üçün icma əsaslı, yəni hər bir kənddə, qəsəbədə, rayonda və şəhərdə ödənişsiz və ya çox ucuz psixoloji xidmətlər göstərilməli, milli səviyyədə psixi sağlamlığın əhəmiyyəti haqqında maarifləndirmə kompaniyası aparılmalı, təhsil müəssisələrində xüsusilə də yeniyetmələr arasında intiharları önləmək üçün maarifləndirmə tədbirləri olmalıdır. Psixi sağlamlığın əhəmiyyəti cəmiyyətimizdəki insanların şüurunda demək olar ki, yox səviyyəsindədir. Məlumatsızlığın azlığı insanları psixi sağlamlıq dedikdə ciddi psixi problemli insanı eyniləşdirməyə gətirir ki, bunu da yalnız milli səviyyədə bütün cəmiyyəti maarifləndirməklə aradan qaldırmaq olar. Psixi sağlamlıq insanların sosial durumun yaxşı olması ilə dəyərləndirilir. İnsanların hər birinin psixi sağlamlığında nə isə ola bilər. Həmin vaxt falçıya, türkəçarəyə deyil psixoloqa müraciət etmək lazımdır. Bu sahədə insanlara əlçatan olan xidmətlərə əsaslanan maarifləndirmə işi aparılmalıdır. İnsanlar bilməlidir ki, həkimə getmək lazım olduğu kimi psixoloqun, sosial işçinin yanına getməlidir falçının yox. Falçının verəcəyi yalançı ümidə arxayın olub gözləmək əvəzinə psixoloqa müraciət edən insan öz probleminin ciddiliyini dərk edib onun həlli yollarını axtarmaqla yanaşı qəlbində böyütdüyü problemlərin çox xırda və cılız olduğunu anlayar. Lakin psixoloq xidmətləri ödənişli olduğu üçün hər kəs bu xidmətlərdən yararlana bilmir. Bunun üçün hər bir yerdə məktəblərdə, bağçalarda, sosial müdafiə mərkəzlərində pulsuz psixoloq xidmətləri təşkil olunmalıdır. Məktəblərdə psixoloq kabinetlərinin fəaliyyəti gücləndirilməlidir və mütləq ailələri də bura yönəltmək lazımdır ki, uşaqda baş verən bütün dəyişikliklər barədə mütəmadi olaraq əlaqə saxlasınlar. Bir işə tələb olmadıqda həmin sahə düzgün inkişaf etmir. Gəlin etiraf edək ki, psixoloq mərkəzləri yalnız mərkəzi şəhərlərdədir. Kəndlərdə və rayonlarda, bölgələrdə psixoloq xidmətlərinin vəziyyəti necədir? Yəqin ki, çox zəifdir. Ona görə də əsasən rayon və kəndlərdə bu xidmətlər təşkil olunub pulsuz psixoloq mərkəzləri açılmalıdır.

Bəzi adamlar elə düşünür ki, insanların maddi cəhətdən ehtiyaclarının qismən də olsa ödənilməsi onların probleminin həlli deməkdir. Çətin həyat şəraitində olan insan və ailələrə hərtərəfli yardım olunmalıdır: həm maddi,həm mənəvi. Əslində insanın mənəvi ehtiyacının ödənilməməsi daha dərin fəsadlar törədir. Ailə həyatındakı uğursuzluqların, boşanmaların, intiharların başlıca səbəbi həmin insanların dərdini, problemini heç kimlə bölüşüb paylaşmaması, vaxtında peşəkar psixoloq köməyinə müraciət etməmələri və ağıllı və faydalı məsləhət almamasından yaranır. Bizdə qərar verənlər, problemi həll edən məsul şəxslər elə düşünürlər ki, kiminsə ehtiyacını ödəmək üçün ona pul və ərzaq yardımı etməklə böyük dəstək oldular. Düzdür, ehtiyacı olan insana maddi yardım olunmalıdır. Lakin həmin insanlara psixoloji dəstək verməklə onların öz güvən hisslərini bərpa edərək onlara yaşamağa yeni stimul verməklə özləri də bu qayğılardan azad olub daha mühüm məsələlərin həlli ilə məşğul olarlar.

Hal-hazırda yaşadığım Amerika cəmiyyətində psixologiya sahəsi o qədər inkişaf edib ki, vətəndaşlar ən xırda hesab olunan problemlə üzləşdikdə psixoloqa müraciət edirlər. Bütün məktəb və universitetlərdə pulsuz xidmət göstərən Psixi sağlamlıq mərkəzləri var. Oradakı elanların hamısı psixi sağlamlıq haqqındadır. İmtahan stresslərinin öhdəsindən gəlmək üçün ipucları, məsləhətlər yazılır. Adi həyatda insanların rastlaşa biləcəyi bütün məsələlərin öhdəsindən gəlmək üçün gündəlik bacarıqlar tədris edir və yaranan kiçik psixoloji böranların dərin travmaya çevrilməməsi üçün mütləq psixoloqa müraciəti təşviq edirlər.



0 0



Şərhlər (Facebook)