Azərbaycan İnformasiya Agentliyi (AİA)


Zaqatalada etirazlar başladı: Əhali soyuqdan donur


Zaqatalada etirazlar başladı: Əhali soyuqdan donur

İcra başçısı Mübariz Əhmədzadənin isə italyan dizaynerə 200 min avroya çəkdirdiyi layihə əsasında təkcə pəncərəsi 150 min manat olan 5 milyonluq villa tikdirdiyi iddia edilir

Zaqatala sakinləri yerli məmurların özbaşınalığı və üzləşdikləri problemlərdən bezərək etirazlara hazırlaşır. Bu barədə məlumatı JAM.AZ-a rayon sakinləri veriblər.

Onların bildirdiyinə görə, etiraza səbəb Zaqatalanın başçısı Mübariz Əhmədzadə və müavini Elman Ramazanovun idarə edə bilməməsidir. «Zaqatala qışda çox soyuq olur. Odunun bir maşını 1000 manat olduğundan insanların maddi imkanı çatmır ki, onu alsın. Ona görə də, evlərini fındıq qabığı ilə isidirlər. Fındıq zavodlarından isə qabığın hər maşını 300 manata satılır. Onu da güclə əldə etmək mümkün olur».

Əksər kəndlərdə təbii qazın olmadığını bildirən sakinlər qeyd edirlər ki, əhalinin problemlə üzləşdiyi, dərdinə əlac axtardığı bir vaxtda Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə ümumi sahəsi 1 hektar olan ərazidə 5 milyon manatlıq villa tikidirir. «İşləri gizli şəkildə görürlər. Hətta usta və fəhləni də Bakıdan gətiriblər ki, Zaqatala sakinlərinin məsələdən xəbəri olmasın. Mübariz Əhmədzadə Avropa səfəri zamanı villasını İtalyan memara çəkdirib və bunun üçün 200 min avro pul verib. İndi isə villasını Bakıdan gəlmiş məşhur firma inşa edir».

Zaqatalılar maraqlı iddialarla da çıxış edirlər. Onların sözlərinə görə, Mübariz Əhmədzadənin evinin pəncələri bu yaxınlarda gətirilərək, yerinə bərkidilib və bunun üçün 150 min manat pul xərclənib. Pəncərənin belə bahalı olmasının səbəbi isə onların güllə keçirmədiyi ilə izah edilir.

JAM.AZ-a yazılı məlumat göndərənlər qeyd edirlər ki, Zaqatalada zəlzələdən zərər çəkən evlərin təmiri də dayandırılıb və bir çoxları ümumiyyətlə, təmir edilməyib. «Sakinlərin evlərinin təmiri üçün Bakıdan göndərilən tikinti materialları Mübariz Əhmədzadənin villasında istifadə olunur. Çünki Fövqəladə Hallar Komissiyasının sədəri, həm də icra başçısının müavini Elman Ramazanov hər şeyi onlar üçün edir».

Bu əsnada sakinlər onu da deyirlər ki, son günlər Müsavat Partiyasının yerli təşkilatına üzv olanların sayı sürətlə artmağa başlayıb. Belə ki, partiyanın yerli təşkilatı rayonda baş verənlərdən rahatlıqla istifadə edərək, insanları öz tərəfinə çəkməyi bacarır. «Onlar ağıllıdırlar və camaata müraciət edirlər ki, qışda insanlar evlərini qızdırmaq üçün fındıq qabığı axtardığı halda, icra başçısı 5 milyonluq villa tikdirir. Eyni zamanda, Elman Ramazanovun özbaşınalıqlarından da bəhs edildiyində narazılıq daha da körüklənir və Müsavata üzv olmaq üçün müraciət edənlərin sayı artır».

Qarşı tərəfi də dinləməyə hazırıq.


0 0



Şərhlər (Facebook)