Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sabah bələdiyyə seçkiləri keçiriləcək


Sabah bələdiyyə seçkiləri keçiriləcək

Əvvəlki illərə nisbətən bu dəfə namizədlərin sayı daha çoxdur; iddialılar seçkiqabağı ciddi qanun pozuntularının olduğunu deyirlər

Dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Bu, müstəqil dövlətçiliyimiz tarixində sayca 4-cü bələdiyyə seçkisidir. 118 seçki dairəsinin 1607 bələdiyyəsinə 15 min 35 üzv seçilməlidir. MSK bəyan edib ki, bələdiyyə seçkiləri üçün 4 milyon 976 min 302 seçki bülleteni çap ediləcək. 37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib. Bu, keçən bələdiyyə seçkilərindəki namizədlərdən 7 min nəfər artıqdır.

Keçən seçkilərdə orta hesabla hər bələdiyyə üzvlüyünə 2 namizəd vardısa, bu il orta hesabla 2,5 namizəd var. 300 nəfərə qədər namizəd qeydə alınandan sonra namizədlikdən imtina edib. İndiyə qədər 10 minə qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçinin olacağı gözlənilir. Ümumilikdə 30 partiyanın üzvü bələdiyyə üzvlüyünə namizəddir. Ən çox namizədi qeydə alınan partiya YAP-dır.

Qeyd edək ki, seçkiqabağı namizədlərə imza vərəqələrinin verilməsində və qeydiyyat prosesində ciddi problemlərin olması üzə çıxdı. Xüsusilə, müxalif partiyaların namizədləri bu problemlərlə üzləşdilər. Təsadüfi deyil ki, seçkilərdə iştirak edən partiyaların iddiaçılarının əksəriyyətinin namizədliyi qeydə alınmadı. Məhz bu səbəblər ucbatından ölkəmizin əsas aparıcı partiyaları seçkilərdən kənarda qaldılar. Müsavat və AXCP-nin daxil olduğu Milli Şura birmənalı olaraq, seçkilərdə rəsmi şəkildə iştirakdan imtina etdilər. Amma bununla belə üzvlərinə sərbəstlik verdilər. Bütün bu baş verən qanun pozuntuları seçkilərə olan inamı azaldır.

Müsavat başqanının müavini, partiyanın seçkilərlə bağlı MSK-dakı səlahiyyətli nümayəndəsi Elman Fəttah bu seçkinin də əvvəlkilərdən fərqlənməyəcəyini bildirdi: “Seçki əvvəlkilərdən pis mənaya doğru fərqlənəcək. Seçki ilə bağlı qanun pozuntuları kütləvi xarakter daşıyır. Hazırda bölgələrdəyəm. Masallıda partiyamızın iki namizədi var. Onların əhali ilə görüşünə şərait yaradılmır. Bununla bağlı MSK-ya müraciət olub. Reaksiya yoxdur. Hakimiyyət seçkilərin təbliğat-təşviqatında maraqlı deyil. Seçkinin diqqətdən kənar keçməsində maraqlıdırlar. Müəyyən qədər buna nail olublar. Əhalinin seçkilərə etimadı yoxdur. Seçki tamamilə sönük, qanun pozuntuları ilə müşahidə olunur. Qazaxdan bizə məlumat daxil oldu ki, DSK protokolların nümunələrini verməkdən imtina edir. Surətlərini isə açıqca verməyəcəklərini deyirlər. Bununla seçkidən bir neçə gün sonra saxtalaşdırılmış yeni protokol surətlərini namizədlərə təqdim etməyi düşünürlər. Seçki yerli icra nümayəndələrinin tam nəzarətində olan prosesə çevrilib. Bu qayda ilə də davam edir. Bütün bunlar seçki günü bu halın pik nöqtəyə çatacağından xəbər verir. Yalnız hakimiyyətin namizədlərinin bələdiyyə üzvü olmaqlarını rəsmiləşdirəcəklər”.

Seçkilərdə aktiv şəkildə iştirak edən Ümid Partiyasının 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədi, qurumun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Tamilla Qulamı seçicilərlə görüşlərdə problem yaşamadıqlarını söylədi: “Hazırda namizədlərimizin seçicilərlə görüşlərində heç bir problem yoxdur. Hər namizəd aid olduqları ərazilərdə təbliğatlarını aparırlar. İndiyə qədər bir çox seçici ilə görüşmüşəm. Açığı, seçkilərə maraq olduqca azdır. Hamı saxtakarlıqla seçkilərin müşahidə olunacağını düşünür. Bacardığım qədər onlarda inam yaratmağa çalışıram. Bəzilərində bu inam oyandı. Onlara deyirəm ki, seçkilərə getməsəniz, adınıza olan bülletenlər boş qalacaq. Bu da saxtakarlığa rəvac verəcək. Ərk etdiyim insanlara axşam saatlarında səs vermələrini demişəm. Nəticələr açıqlananda şahid olmaları üçün. Hər məntəqədən müşahidəçim olacaq. Bu seçkilərə nədənsə çox ümid edirəm. Jurnalistlər və müşahidəçilər olarsa, yəqin ki, saxtakarlığa bir o qədər getməzlər. Seçkilərə marağın az olması hakimiyyət üçün də normal hal deyil”.

Partiya yetkilisi seçkilərdə ciddi təzyiqlərlə üzləşdiklərini də qeyd etdi: “Bələdiyyəyə partiyamızın 4000-ə yaxın namizədi var idi. Lakin təzyiqlər nəticəsində əksəriyyəti iddiasını geri götürdü. Buna görə partiya olaraq, seçkilərə 138 namizədlə qatılırıq. Biz efir vaxtından da məhrum olduq. Bildiyiniz kimi, 900-dən artıq namizədimiz olardısa, pulsuz efir vaxtı qazanacaqdıq. Bu seçkilər ümidləri doğrultsa, növbəti seçkilərə stimul verəcək. Aktivlik nə qədər yüksək olsa, bir o qədər saxtakarlıq az olacaq. Bütün seçiciləri 23 dekabrda seçkilərdə iştiraka səsləyirəm”.

KXCP sədrinin müavini Xəzər Teyyublu dekabrın 21-də namizəd olduğu Nərimanov seçki dairəsində son təbliğat görüşü keçirdiyini dedi: “Ümumilikdə seçki mühiti olmadı. Ciddi təzyiqlərlə üzləşdik. Seçki bitəndən sonra mövqeyimiz olacaq. Əksər partiyaların iştirak etmədiyi seçkiyə getdik. Ölkəmizin çox dairələrində namizədlərimiz oldu. Şəxsən namizəd olduğum Nərimanov dairəsində məndən başqa seçicilərlə görüş keçirən olmadı. Nə saxtakarlıq olsa, tədbirlərimizi görəcəyik, əlimizdən gələni edəcəyik”.


0 0



Şərhlər (Facebook)