Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şəkidə 11 il əvvəl törədilmiş qətlin üstü açıldı


Şəkidə 11 il əvvəl törədilmiş qətlin üstü açıldıBaş Prokurorluq 11 il əvvəl törədilmiş cinayət haqda məlumat yayıb

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Şəkidə baş verən cinayətlə bağlı birgə məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində uzun müddət bağlı qalmış daha bir ağır cinayətin açılması təmin edilib.

Belə ki, 20 yaşlı Şəki şəhər sakini Xəyalə Mövsümovanın 2004-cü il oktyabrın 10-da xəbərsiz itkin düşməsi faktı üzrə müxtəlif fərziyyələr ətrafında çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

2013-cü il sentyabrın 27-də Şəki şəhəri, B.Vahabzadə küçəsindəki yarımçıq tikilinin zirzəmisində insan skeleti aşkar edilib. Keçirilmiş kompleks məhkəmə-tibbi-kriminalistik və digər ekspertizaların rəyləri ilə həmin skletin Xəyalə Mövsümovaya məxsus olması müəyyən edilib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluğun bilavasitə rəhbərliyi və nəzarəti altında Şəki rayon polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində X.Mövsümovanı qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhərində yaşayan əvvəllər dəfələrlə məhkum olunmuş 1982-ci il təvəllüdlü Ramil Salamov 2015-ci il aprelin 4-də şübhəli şəxs qismində tutulub.

Aparılmış istintaqla müəyyən edilib ki, R.Salamov 2004-cü il oktyabrın 10-da tanışı X.Mövsümovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən öldürmək məqsədilə adı çəkilən yarımçıq tikiliyə gətirib. Onu boğaraq qəsdən öldürüb.

R.Salamov cinayətin izlərini itirmək məqsədilə bir gün sonra yenidən həmin yerə gələrək meyiti basdırmaqla gizlədib və əynindəki paltarları da çıxararaq zibillikdə yandırıb.

R.Salamov 2015-ci il aprelin 5-də Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)