Azərbaycan İnformasiya Agentliyi (AİA)


İqtisad Universiteti korrupsiya girdabında


İqtisad Universiteti korrupsiya girdabında
Rektor Ədalət Muradov rüşvəti “mərkəzləşdirib”
Redaksiyamıza yeni daxil olan məlumatlarda Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yer almış neqativ hallardan bəhs edilir. Əslində bu ali təhsil müəssisəsinin fəaliyyəti artıq uzun müddətdir ki, müxtəlif qalmaqallar və korrupsiya hallarının baş verməsinə dair iddialarla tez-tez mətbuatın gündəminə gətirilir. Nəhayət 2014-cü ilin mart ayında Ədalət Muradovun ADİU-nun yeni rektoru təyin olunmasından sonra bir çoxları bu söz-söhbətlərin səngiyəcəyini təxmin edirdi. Lakin hadisələrin inkişafı nəinki mövcud problemlərin həll olunmadığını, əksinə onların bir qədər də dərinləşdiyini göstərdi. Bu xüsusda aldığımız məlumatlarda Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq ADİU-da yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir. Belə ki, məlumatlara görə yeni rektor təyinatı ilk növbədə ADİU-ya çoxsaylı tələbə transferləri ilə əlamətdar oldu. Hətta belə bir təəssürat yaranmışdı ki, sanki bu transferlər öz icrası üçün sadəcə Ədalət Muradovun rəhbərliyə gəlməsini gözləyirmişlər. Bundan dərhal sonra da tələbə transferlərinin yeni qiymətləri “açıqlandı”. Mənbələr bildirirlər ki, hazırda ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir. Daha sonra məlumatlarda bildirilir ki, Ədalət Muradovun rektor vəzifəsinə təyin olunmasından sonra baş vermiş diqqətəlayiq hadisələrdən biri də universitetdə təcili həyata keçirilən təmir işləri oldu. Mənbələr xüsusi olaraq qeyd edirlər ki, əslində bu təmirə heç bir ehtiyac yox idi. Elə görülən işlər də daha çox tör-töküntü yaradıb, sonradan ətrafın yenidən səliqəyə salınması təəssüratı yaratmış oldu. Nəticədə isə bu məqsədlər üçün ayrılmış külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirildi. Daha sonra mənbələr ADİU-da tətbiq olunan yeni qaydalar barədə müəyyən açıqlamalar verirlər. Bu xüsusda məlumatlarda bildirilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Məsələn, məlumatlarda bu gün ADİU-da fakültə dekanlarının ayda 2000 manat məbləğində “əmək haqqı” aldıqları qeyd olunur. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb. Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib. Buna görə də imtahanlara görə və digər prosedurlar üçün təyin olunmuş “qiymətlər” artıq konkret rəqəmlərdə ifadə olunurlar. Bildirilir ki, bu gün ADİU-da dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilmişdir. Digər tərəfdən isə ADİU-ya işə qəbul məsələləri də artıq ciddi korrupsiya əməlləri ilə müşayiət olunmaqdadır. Qeyd etmək lazımdır ki, bu barədə məlumatlar ölkənin bir çox mətbu orqanlarında da yayımlanmaqdadır. Belə ki, bu yaxınlarda yayımlanmış məlumatada universitetin keçmiş məzunlarından biri tərəfindən ADİU-ya işə qəbul olunmaq üçün müəllimlərdən birinə 4000 manat məbləğində rüşvət verildiyi iddiası irəli sürülmüşdü. Açıqlamalar görə rüşvətin alınması faktı 2014-cü ilin aprel ayında, yəni Ədalət Muradovun rektor təyin olunmasından az sonra baş verib. Öz növbəsində pulu alan müəllim də şikayətçi ilə telefon danışıqları zamanı ona bildirib ki, bütün məbləği birbaşa rektora təhvil verib...http://bizimdovr.az/
Materiallarda irəli sürülən bütün itthamlara qarşı ADİU-nun rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.


0 0



Şərhlər (Facebook)