Azərbaycan İnformasiya Agentliyi (AİA)


Mərkəzi Neftçilər Xəstəxanasında soyğunçuluq baş alıb gedir


Mərkəzi Neftçilər Xəstəxanasında soyğunçuluq baş alıb gedir
Dövlət tibb müəssisəsi olmasına baxmayaraq, xəstəxanada pasientlərə açıq şəkildə qiymət “oxunur”. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub.
Səhiyyə Nazirliyinin dövlət tibb ocaqlarında pulsuz xidmət barədə sərəncamına rəğmən, Neftçilər Xəstəxanası rüşvət koloniyasına çevrilib. Edilən şikayətlərə görə, Ultra Səs Müayinəsi (UZİ) hər yerdə 20 manat olduğu halda, bu tibb mərkəzində xəstələri soğan qabığı kimi soyub 40 manat tələb edirlər.
Müraciət edən şikayətçilər deyirlər ki, eyni müayinəyə görə ikiqat pul istənilir. Bu isə həm qanunsuzluq, həm soyğunçuluqdur. Bu faktla bağlı redaksiyaya qiymət cədvəli təqdim olunub. Qeyd edilir ki, xəstəxananın qapısından baş həkimin otağına qədər pul paylayıb, çıxmalısan.
Səhiyyə ocağı dövlət müəssisəsi olsa da, nə səhiyyə nazirinin, nə də prezidentin qərarlarına hörmətlə yanaşılır. Xəstəxanada isə nə müalicə, nə də müayinə ödənişsiz həyata keçirilir. MNX-nın baş həkimi tibb personalının qarşısında şərt qoyub ki, heç bir vətəndaşdan məcburi pul alınmasın.
Əgər kimdənsə şikayət gəlsə, işdən azad edəcək. Ancaq elə bir sistem təşkil olunub ki, vətəndaş rüşvət vermədən nə qəbula düşə bilir, nə də müayinə oluna. Girişdə hər kəs qeydiyyata düşə bilmək üçün 20-25 manat ödəyir.Yalnız neftçi ailələri üçün istisnadır. Qalan vətəndaşlar xəstəxanada 25 manat ödəməmiş qəbula düşə bilmirlər. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir. Amma bu sərəncam quru sözdən o yana keçməyib.Tia.az. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


0 0



Şərhlər (Facebook)