Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Manatın əvvəlki məzənnəyə qayıdacağı inandırıcı deyil” - Vahid Əhmədov


“Manatın əvvəlki məzənnəyə qayıdacağı inandırıcı deyil” - Vahid Əhmədov“Son günlər gedən proseslər bizim xeyrimizədir. Xüsusilə neftin bahalaşması və dolların müəyyən qədər yumşalması müsbətə doğru irəliləyişdən xəbər verir”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov son günlər manatın və neftin qiymətinin bahalaşmasını şərh edərkən deyib.

O qeyd edib ki, bunlar Azərbaycan üçün çox önəmlidir:

“Əlbəttə, proses davam etsə, daha yaxşı olar. Amma nəzərə almaq lazımdır ki, bu ayın sonunda daha bir neft ixracatçısı bazara daxil ola bilər. İran neftinin dünya bazarında yer alması neftin qiymətinə müəyyən qədər təsir edə bilər. Neftin və manatın məzənnəsinin bahalaşması bir-birilə bağlı məsələlərdir. Neft nə qədər bahalaşacaqsa, manat da bir o qədər bahalaşar və ehtiyat variantlar çox olar”.

İqtisadçı-deputat prosesin uzunmüddətli olacağına şübhə ilə yanaşıb:

“Qiymət stabil qalmır, gah ucuzlaşır, gah da bahalaşır. Düşünürəm ki, neftin qiyməti 70 dollar səviyyəsinə qədər qalxacaq. Amma hər şey may ayının sonunda altılıq dövlətlərin İranla əlaqədar bağlayacaqları sazişdən asılı olacaq. Sazişdən sonra İran neftinin dünya bazarına çıxarılması məsələsi öz həlini taparsa, müəyyən qədər problem yarana bilər. Yeni bir neft ölkəsi dünya bazarına çıxacaqsa, qiymətdə müəyyən qədər dəyişiklik ola bilər. Bunun alınıb-alınmayacağını zaman göstərəcək”.

Deputat onu da vurğulayıb ki, manat əvvəlki dəyərinə qayıda bilməz: “Neftin qiyməti bahalaşacağı təqdirdə, biz ehtiyatlarımızı daha da gücləndirəcəyik. Amma manatın əvvəlki məzənnəyə qayıtması inandırıcı deyil”.

Gülşən RAUFQIZI


0 0



Şərhlər (Facebook)