Azərbaycan İnformasiya Agentliyi (AİA)


Eyvaz Hüseynov: ən stajlı icra başçısının gerçəkliyi


Eyvaz Hüseynov: ən stajlı icra başçısının gerçəkliyi
Azərbaycanın ən stajlı icra hakimi olan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Mövsüm oğlu Hüseynov 15 fevral 1959-cu ildə Xocavəndin Muğanlı kəndində anadan olub. 1976-cı ildə Kuropatkin kənd orta məktəbini bitirib.1976-1981-ci illərdə Politexnik İnstitutunda təhsil alıb. Həmin institutun Elektron hesablayıcı maşınları fakültəsini bitirərək, mühəndis–sistemotexnik ixtisasına yiyələnib. Bakı Radio Zavodunda mühəndis, Xocavəndin Muğanlı kənd Səməd Vurğun adına kolxozda baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaradıb, həmin dəstənin komandiri olub. Qarabağ döyüşlərində iştirak edib.“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvü, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse–prezidentidir. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.
Eyvaz Hüseynov özünü mətbuatda “zəmanəmizin qəhrəmanı”, “Qarabağın xilaskarı” kimi təqdim edən İbad Hüseynovun qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsinin iştirakçısıdır. Onlar öz doğulduqları torpağı qorumaq kimi borclarını yerinə yetirdikləri üçün çox “göydən” gedirlər. Bu, sanki borc deyil, bütün xalqın boynuna qoyulan minnət yüküdür. Eyvaz Hüseynov 22 illik icra başçısı kimi Xocavənd camaatına bir xeyir verməsə də qardaşı İbad Hüseynovu “Zəmanəmizin Atillası” kimi təqdim etməyə nail olub. İbad Hüseynov haqqında çəkilən “Əsgər” filmi, xalq artisti Flora Kərimovanın “Qəhrəman İbad“ klipi də icra başçısının qardaşının qəhrəmanlığını gözə soxmağa hesablanıb. Ən azından İbad qarnına qumbara bağlayıb erməni tankının altına atılmaqla 54 nəfər döyüşçümüzün həyatını xilas edən Etibar İsmayılovdan daha çox qəhrəman deyil. Sadəcə Etibarın, Fred Asifin qardaşı icra başçısı olmadığı üçün haqqında filmlər, kliplər çəkilmədi.
Xocavəndlilər isə Eyvaz Hüseynovun daim veteranlığını gözə soxmaqla biznesini inkişaf etdirdiyini deyir. Xocavənd özünümüdafiə dəstəsinin komandiri olması E.Hüseynova yüksək vəzifələr uğrunda mübarizədə müəyyən imtiyazlar qazandırıb. Uzun illlərin icra başçısı postu bu adamda “Xocavəndin yiyəsi” fikirini yaradıb. Elə yerli camaata yuxarıdan aşağı münasibəti də bunun nəticəsidir.Eyvaz Hüseynov o icra başçılarındandır ki, fəaliyyətdə olan orta məktəbin binasını dağıdıb, yerində qoyunlarına ferma tikdirib. E.Hüseynovun “Qaçqınkom”un rəhbəri Əli Həsənov tərəfindən dəstəkləndiyi deyilsə də bu barədə dəqiq faktımız yoxdur.Bir hissəsini erməni işğal edib taladığı Xocavəndin qalan hissəsini də Hüseynov qardaşları şəxsi maraqları uğrunda talayırlar.Badamdardakı “Army market” və “Ural” MMC-də Hüseynov qardaşlarına məxsusdur.E.Hüseynov Əmralılar, Kuropatkin, yeni Xocavənd, Xocavənd Kənd və başqa qəsəbə və kəndlərin nəzdində sənəd üzərində fəaliyyət göstərən, amma özü olmayan uşaq bağçalarının adına yerli maliyyə idarəsindən hər il yuz min manatlarla vəsait ayırtdırır. Əslində isə adı olub, özü olmayan uşaq bağçaları birbaşa Eyvaz Hüseynovun öz şəxsi təşəbbüsü ilə yaradılıb və heç bir fəaliyyət növü yoxdur. Ancaq sənədlərdə bağçaların bütün şəxsi heyətinin hətta normativdən daha çox uşağın adının yazıldıgı görünür.Qeyd edək ki, Eyvaz Hüseynov Xocavənd camaatının problemlərini bir kənara atıb, qardaşı İbadın erməni terrorçusu Monte Melkonyanın başını kəsdiyini sübut etməyə çalışır. Belə yerdə deyirlər, dirini unudub, ölüyə ağlayır…
Xocəvənd sakinlərindəndən cumhuriyyet.az-a daxil olan məlumata görə E.Hüseynov tez-tez paytaxta səfər edir və bu səfərlər heç də Rayon İcra Hakimiyyətinin illik, altıaylıq, rüblük, aylıq hesabatlarını Prezident Administrasiyasına təqdim etmək üçün deyil.


0 0



Şərhlər (Facebook)