Azərbaycan İnformasiya Agentliyi (AİA)


Elmar Vəliyev daha bir rayonu nəzarətə götürür


Azerbaycaninfo.az təqdim edir. Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov Ağcabədi rayonuna icra başçısı gətirilir
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Sirr deyil ki, cənab Vəliyev Gəncə ilə yanaşı əvvəllər icra başçısı olduğu Yevlax rayonuna, eləcə də Bərdə və Tərtər rayonlarına nəzarət edir. Bu rayonların icra başçıları onun dəstəyi sayəsində bu mövqeyə yüksəliblər. Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov Elmar Vəliyevin yanında 2005 -2006 –cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006 -2011 –ci illərdə Yevlax şəhər İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. Vidadi Rzayev 2004-2005-ci illərdə Yevlax şəhər icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini olmuş, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə 2006-cı ildən 2012-ci ilədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatında başçının şəhər təsərrüfatı üzrə müavini-şöbə müdiri vəzifəsində işləmişdir. Göründüyü kimi bu üç icra başçısı bir zamanlar Elmar Vəliyevin tabeliyində işləyiblər. Bundan başqa bu şəxslərin Elmar Vəliyevlə qohum olmalarlı haqqında da məlumat var. Məsələn, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi Rzayev Elmar Vəliyevin həyat yoldaşının əmisi oğlu və qaynı Nazim İsayevin qayınatasıdır. Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədovun atası əslən Ağdam rayonundan olsa da anası Elmar Vəliyevin mənsub olduğu nəsildəndir. Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla Elmar Vəliyevin anaları xalaqızıdır. Bu qohumluq əlaqələri öz yerində, onların irəli çəkilmələrində əsas səbəb Elmar Vəliyevə olan sədaqətləridir.
Artıq üç rayona öz kadrlarını icra başçısı qoydurmağa nail olan Elmar Vəliyevin daha bir rayonu nəzarətə götürməyə hazırlaşdığı haqqında məlumat var. Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumata görə, Elmar Vəliyev Ağcabədi rayon icra hakimiyyətinə özünün kadrını,Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovu təyin etdirmək ərəfəsindədir. İdarə rəisinin artıq müvafiq prosedurlardan keçdiyi, yalnız icra başçısı təyin olunması ilə bağlı sərəncamın qaldığı iddia olunur.
İlyas Səfərovun bu yöndəki çabaları ilə bağlı əlimizdə maraqlı məlumatlar var. Bununla bağlı cənab Səfərovun mövqeyini öyrənməyə çalışdıq. İdarə rəisi “nə istətəyirsiniz, gedin onu da yazın” şəklində “münasibət bildirməklə”, icra başçısı təyin olunacağı haqqında məlumatları nə təkzib, nə də təsdiq etdi. İlyas Səfərovun Elmar Vəliyevlə sonradan qohum olması haqqında da məlumat var. Bu qohumluq və İlyas Səfərovun Elmar Vəliyevə həmişə sədaqətli olması idarə rəisinin icra başçılığına gedən yolunun əsas səbəbi hesab olunur. Əgər İlyas Səfərovun təyinatı reallaşarsa, o zaman Elmar Vəliyev Tərtər, Bərdə və Yevlaxla yanaşı Ağcabədi rayonunu da nəzarətə götürmüş olacaq.xeberinfo.com


0 0



Şərhlər (Facebook)