Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda xəstəyə böyrək köçürüldü


Azerbaycaninfo.az təqdim edir. Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatı həyata keçirilmişdir. 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürüldü. Övladına 2-ci dəfə həyat verən anadan - donordan böyrək alınma əməliyyatı Azərbaycanda ilk dəfə olaraq endoskopik (retroperitonoskopik) üsulla icra edilmişdir. Hal- hazırda donorun (ana) və xəstənin (oğul) ümumi vəziyyəti qənaətbəxşdir. Əməliyyatda ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun başcılığı ilə klinikanın baş həkimi dos.Asiman Həsənov, həkim-cərrah Ruslan Məmmədov, həkim-uroloq Fikrət Əhmədov, nefroloq Orxan Quliyev, anestezioloq Cavid Paşayev və digər tibb personalından ibarət heyət iştirak etmişdir. İstanbul Bilim Universitetinin professoru Barış Akın ATU-da icra edilən bu ilk orqan köçürülməsi əməliyyatında yaxından iştirak edərək dəstək olmuşdur.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olmuş, hər ikisinə şəfa diləyərək tezliklə sağalıb yaxınlarına qovuşmalarını arzulamışdır.
Qeyd etmək lazımdır ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mütəxəssislərin çalışdığı tibb müəssisəsidir.
Günel Aslanova,
ATU-nun mətbuat katibi
Bakıda xəstəyə böyrək köçürüldü
Bakıda xəstəyə böyrək köçürüldü


0 0



Şərhlər (Facebook)