Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin Azerbaycaninfo.az- verdiyi məlumata görə, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşmışdır. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.
Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması işlərinə 2008-ci ildə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrası ilə başlanılmışdır. Bu layihə çərçivəsində 3 ədəd subartezian quyu qazılmış, sugötürücü kamera, xlorator binası və 2000 kubmetr tutumu olan su anbarı inşa edilmişdir. Eyni zamanda 2 km uzunluğunda magistral su xətti çəkilərək mövcud şəbəkə ilə birləşdirilmiş, yeni laboratoriya binası, nasos stansiyası, “Ağdaş Sukanal” TSC üçün inzibati bina və istehsalat bazası inşa edilmişdir. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılmışdır.
Ağdaş şəhərinin su və kanalizasiya infrastrukturu tamamilə yenidən qurulması 2012-ci ildə icrasına başlanılmış “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində həyata keçirilir. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusu qazılmışdır. Layihəyə uyğun olaraq şəhərdə 141 kilometr uzunluğunda su şəbəkəsi yaradılmış, 5200 ünvana birləşmə verilmişdir. İndiyədək 4521 abunəçi smart sayğaclarla təmin olunmuş və bu istiqamətdə işlər davam etdirilir.
Bununla paralel olaraq şəhərin kanalizasiya sistemləri də yenidən qurulur. İnşası nəzərdə tutulan 127 km-lik kanalizasiya şəbəkəsinin tikintisi tam başa çatmaq üzrədir. Ağdaş şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və hər birinin məhsuldarlığı sutkada 12500 kubmetr olan iki çirkab sutəmizləyici qurğuda həyata keçiriləcəkdir.
Qeyd edək ki, Ağdaş şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri 1950-60-cı illərdə yaradılmışdır. Türyançayın yatağında yaradılmış drenaj qurğusu uzun illər boyu sel və daşqınlara məruz qaldığından istismar imkanlarının böyük bir hissəsini itirmişdir. Paylayıcı su şəbəkəsi ilə Ağdaş şəhərinin 26130 nəfər əhalisinin təqribən yarısının normal su təchizatını aparmaq mümkün olmuşdur. Ağdaş şəhərində 1960-1965-ci illərdə tikilmiş 18 km uzunluğunda kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşmüşdür
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir


0 0



Şərhlər (Facebook)