Azərbaycan İnformasiya Agentliyi (AİA)


Vergi borcunu ödəməyən vergi ödəyiciləri həbs olundu


Azerbaycaninfo.az təqdim edir. Vergilər Nazirliyi vergi borclarının ödənilməsinə məsuliyyətsiz yanaşan, vergi orqanlarının dəfələrlə müraciətinə baxmayaraq vergi öhdəliklərini yerinə yetirməyən vergi ödəyiciləri barədə daha sərt inzibati tədbirlər görür. Son günlərdə borclu vergi ödəyicilərinə qarşı görülən belə tədbirlərdən biri də bəzi vergi ödəyicilərinin inzibati qaydada həbs olunmasıdır. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Vergi borclarının məcburi alınması idarəsi ilə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin keçirdiyi birgə tədbirlər nəticəsində dövlət büdcəsinə yaranmış borc məbləğlərini vaxtında ödəmədiklərinə görə, Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr tarixli qərarları ilə vergi ödəyiciləri Ağayev Habil Ağamoğlan oğlu 5 gün, Əsgərov Rövşən Müseyib oğlu isə 3 gün müddətində inzibati qaydada həbs olunmuşdur.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Belə sərt inzibati tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına və onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaqdır.Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır.
Analitik-informasiya şöbəsi


0 0



Şərhlər (Facebook)