Azərbaycan İnformasiya Agentliyi (AİA)


Naxçıvanın Ali Məhkəməsi həm də konstitusiya məhkəməsidir


Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ali Məclisə noyabrın 1-də keçirilmiş seçkinin nəticələrini təsdiq edib. 45 seçki dairəsi üzrə seçkinin nəticələrini bütövlükdə təsdiqləyən qərarın sonuncu bəndinə görə, qərar qətidir, onu heç bir orqan ləğv edə, dəyişdirə və yaxud rəsmi təfsir edə bilməz.
Azərbaycanda Konstitusiya Məhkəməsinin qərarları bu cür hökmlə bitir. Naxçıvan Ali Məhkəməsinin Azərbaycan Konstitusiya Məhkəməsinin qərarı gücündə hökm verməsi nədən irəli gəlir?
Transparency.az bildirir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Ali Məhkəməyə geniş səlahiyyətlər verir. Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, həm də Naxçıvan Muxtar Respublikasının ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.
Naxçıvan Muxtar Respublikasında konstitusiya nəzarətini təmin etmək də Ali Məhkəməyə həvalə olunub. Ali Məhkəmə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Ali Məclisinin, Nazirlər Kabinetinin, öz sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sorğusu əsasında bu məsələləri həll edir:
- Naxçıvan Muxtar Respublikasının qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu;
- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına uyğunluğu.
Naxçıvan Muxtar Respublikasında konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin səlahiyyətindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.


0 0



Şərhlər (Facebook)