Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Qiyamçı diplomatlar” rütbələrindən məhrum edildilər


“Azərbaycanın Niderland Krallığındakı səfirliyinin sabiq konsulu Nahid Cəfərov və Avstraliyadakı səfirliyinin keçmiş katibi Anar Həsənov Xarici İşlər Nazirliyinin qərarı ilə diplomatik dərəcədən məhrum ediliblər”.Bu açıqlama Cebhe.info-ya XİN mətbuat xidmətindən verilib. Xatırladaq ki, Anar Həsənov 2015-ci il sentyabrın 7-də işlədiyi səfirlikdə korrupsiya hallarının baş verməsi barədə açıqlamalar yaydıqdan sonra tutduğu vəzifədən azad edilmiş, barəsində cinayət işi qaldırılmışdı. Lakin Anar Həsənov Azərbaycana qayıtmaqdan imtina edərək Avstraliyadan siyasi sığınacaq istəyib.Nahid Cəfərov da bu il sentyabrın 12-də tutduğu vəzifədən azad edilib və Bakıya - Xarici İşlər Nazirliyinə dəvət olunub. O isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib. Hər iki hadisə İslam Əməkdalıq Təşkilatının Avropa Birliyindəki sabiq səfiri Arif Məmmədovun hakimiyyətə etiraz olaraq müxalifətə keçməsindən sonra növbəti “diplomatik qiyam” hesab olunurdu. Prezident İlham Əliyevin 2015-ci il noyabrın 13-də verdiyi sərəncamla Arif Məmmədov səfir vəzifəsindən geri çağırılıb və diplomatik rütbəsi ləğv edilib. XİN-in verdiyi məlumatda qeyd edilir ki, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri dərəcəsinin verilməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olduğundan səfirlərin geri çağırılması və müvafiq dərəcədən məhrum edilməsi də dövlət başçısının səlahiyyətinə aiddir: “Ona görə də Arif Məmmədovun diplomatik dərəcəsi Azərbaycan prezidenti tərəfindən ləğv edilib. Digər səfirlik əməkdaşlarının diplomatik ranqları isə XİN tərəfindən verilir. Diplomatik Xidmət haqqında” Qanunun tələblərinə əsasən Anar Həsənov və Nahid Cəfərov diplomatik ranqlarından məhrum ediliblər”. Qeyd edək ki, “Diplomatik Xidmət haqıında” Qanunun 11.2 maddəsinin yeni variantı belə qəbul olunub: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər".


0 0



Şərhlər (Facebook)