Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ölkə bankları müflislik həddində


Ekspertlər adları sadalayır- təhlükə ciddidir, 42 bankdan az qala 30-u hesabatını gizlədir...
Ölkə banklarının durumu kritikdir. Son olaraq “Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib. Musavat.com xəbər verir ki, bu barədə bankın qanuni nümayəndəsi, vəkil İradə Cavadova facebookda yazıb. Onun sözlərinə görə, bankın müflis olması ilə bağlı Mərkəzi Banka müraciət göndərilsə də, müraciətə hələ baxılmayıb.
“Mərkəzi Bank ”ciddi" arqument gətirərək bankla bağlı qərarın uzadılmasına müvəffəq olmuşdur. Mərkəzi Bankın bu marağını anlaya bilmirik. Bizə müraciət edən (və etmək istəyən) əmanətçilərin nəzərinə çatdırırıq ki, sənədləşmə işləri dekabrın 24-nə qədər davam edəcək. Mərkəzi Bankın qərarından asılı olaraq məhkəməyə müraciət olunacaq" deyə, hüquqşünas yazıb.
Qeyd edək ki, “Bank of Azerbaijan” 1993-cü ilin dekabr ayının 1-dən fəaliyyət göstərir. 2004-cü ildə bank öz təşkilati-hüquqi strukturunu dəyişərək Açıq Səhmdar Cəmiyyətə çevrilir. 2006-cı ildə səhmdarların ümumi iclasında bankın adının “Bank of Azerbaijan” ASC adına dəyişdirilməsi haqda qərar qəbul edilib. Bankın 16 filialı, 3 şöbəsi, 29 bankomatı və 500 POS-terminalı var.
Ekspert Əkrəm Həsənov musavat.com-a bildirib ki, növbədə bir neçə bu cür bank var: “”Bank of Azərbaycan" artıq iki ilə yaxındır ki, əmanətləri qaytara bilmir. Bu baxımdan “Nikoil Bank”ın müflis olacağı gözləniləndir. Bu, həm də ondan irəli gəlir ki, onun Rusiyadakı ana bankı “Uralsib” müflis kimi vəziyyətdədir. Ümumən isə hesabatlarını gizlədən hər bir bank müflislik təhlükəsi ilə üzləşmiş hesab edilə bilər. Sadəcə, ola bilər ki, son anda ona kimsə kömək etsin. Digər namizəd “Bank VTB”dir (Azərbaycan), çünki Mərkəzi Bankın kapital tələbini pozur, bir neçə aydır 50 milyon manat əvəzinə heç 40 milyonu yoxdur. Digər əsas da odur ki, onun da ana bankı VTB Rusiyada çox ağır vəziyyətdədir indi. Düzdür, ola bilər ki, Rusiya dövləti onu hələlik xilas etsin, amma inanmıram ki, Azərbaycan VTB-nin xilasına pul ayırsın. Bununla belə, digər banklar da müflisliyə çox yaxındır. Sadəcə, bunu ona görə bilmək çətindir ki, 42 bankdan az qala 30-u hesabatını gizlədir".
Ekspert Samir Əliyev qeyd edib ki, “Bank of Azerbaijan”da uzun müddətdir problemlər var. Bank vətəndaşların əmanətlərini qaytarmır: "Bank müflis olanda, sığorta hadisəsi baş verir və vətəndaşlar pullarını Əmanətlərin Sığortalanması Fondundan götürə bilirlər. Amma bank işləyib pulu qaytara bilmirsə, bu, sığorta hadisəsi deyil. İndi vətəndaşlar 30 min manatdan artıq olmamaq şərti ilə öz əmanətlərini geri ala biləcəklər, yerdə qalanlaırn taleyi sual altında qalacaq. Əslində Mərkəzi Bank həmin bankın lisenziyasını vaxtında geri almalı idi. Görünür, artıq bankı xilas etmək mümkün deyil". Ekspertin sözlərinə görə, bank sektorunda vəziyyət pisdir, kritikdir: “Bir neçə bankın tezliklə bağlanması gözləniləndir. Söhbət ən azı 4-5 bankdan gedir. Əslində Mərkəzi Bank tədbir görməlidir. Mərkəzi Bank bankların onun tələblərini yerinə yetirməsi səviyyəsini yoxlamalıdır”.


0 0



Şərhlər (Facebook)