Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Sədərək”də ticarətçilərə 30 faizlik güzəşt


Sahibkar: “Hər kəs istədiyi malı gətirib, burada ucuz qiymətə mağaza götürüb sata bilər”
“Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi burada çalısan ticarətçilərdən alınan yerpulunu 30 faiz civarında azaldıb. Bu barədə musavat.com-a “Sədərək”də çalışan sahibkar Şamil Məmmədov məlumat verdi. O qeyd etdi ki, ölkə prezidenti İlham Əliyevin sahibkarlara, ticarətçilərə diqqət və qayğının artırılması ilə bağlı verdiyi göstəriş və tövsiyələrdən sonra “Sədərək” rəhbərliyi burada çalışan ticarətçilər üçün daha əlverişli mühit yaradılması üçün addımlar atıb:

“İlk olaraq bazar rəhbərliyi yerpulunu mağazadan və onun harada yerləşməsindən asılı olaraq 25-30 faizlik güzəştlərə getdi. Həmçinin burada özəl mülk sahibləri də mağazaya görə icarə haqqını 30-50 faiz endiriblər. Bundan sonra ”Sədərək"də biznes mühiti daha da canlanıb. Faktiki olaraq ölkənin digər bütün ticarət mərkəzlərində çalışan ticarətçilər bura üz tutmağa başlayıblar".

Biznesmen dedi ki, o, əvvəllər “Binə” Ticarət Mərkəzində çalışıb: “Məni bir biznesmen kimi orada az qala məhv etmişdilər. Qazanc bir yana, əlimdə olan maya da batırdı. Bazar rəhbərliyi rüsumları, yerhaqqını azaltmaq əvəzinə, son bir ildə 50 faizədək bahalaşdırıb. Ona görə də ”Binə"də qalmaq mümkün deyil. Faktiki olaraq bu bazarın rəhbərliyi sahibkarları soymaqla məşğuldur. Bu səbəbdən pul qazanmaq, biznesini inkişaf etdirmək istəyənlər “Sədərək”də yaradılan münbit şəraitdən yararlanaraq, bura gəlirlər".

Sahibkar dedi ki, əgər gömrük rüsumları da nisbətən azaldılarsa, həmçinin vergi tutmalarında müəyyən güzəştlər olarsa, bu, sahibkarların toparlanmasına və ticarətin canlanmasına stimul verəcək: “Əgər qeyd edilən bu güzəştlər reallaşarsa, iş adamları qısa müddət ərzində ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verə bilərlər. Əgər əvvəllər ticarətçi monopolistin qorxusundan ölkəyə mal gətirə bilmirdisə, alver etməyə ucuz məkan tapmırdısa, indi bu maneələr aradan qalxıb. Hər kəs istədiyi malı gətirib, ”Sədərək"də ucuz qiymətə mağaza götürüb orada sata bilər".


0 0



Şərhlər (Facebook)