Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əmziklərin tərkibindəki maddələr uşaqlarda xərçəngə səbəb ola bilərmi?


Ümumdünya Səhiyyə Təşkilatının açıqlaması narahatlığa səbəb olub
Xəyalə Sadıqova
Ümumdünya Səhiyyə Təşkilatı uşaqlar üçün istehsal olunan əmziklər və su şüşələrinin tərkibindəki “PDA” maddəsinin xərçəng xəstəliyinə yol aça biləcəyini açıqlayıb. Belə ki, avtomobil şinlərinin təkrar emalından əldə olunan maddənin tərkibində civə və arsen aşkar olunub. Hansı ki, bu maddə rezin əlcəklər, hava yastıqları, uşaq üçün oyuncaqlar, əmziklər və yemək şüşələrinin istehsalında istifadə edilir.
ABŞ, Kanada, Fransa və Danimarka kimi ölkələrdə istehsalı dayandırılan əmzik və plastik məhsullar həzm sistemi, immunitet sistemi pozuqluğu, ürək və xərçəng xəstəliklərinin yaranmasına zəmin hazırlayır.
Azərbaycanda da geniş istifadə olunan bu cür məhsullar əmziklər, yemək şüşələri onların sağlamlığı üçün real təhlükədir. Bəs görəsən, valideynlər körpələri üçün istifadə etdikləri məhsulların keyfiyyətindən nə qədər əmindirlər? Ölkəmizdə istifadə olunan plastik və rezin uşaq məhsulları xarici, yoxsa yerli istehsaldır? Azərbaycanda bu amillərdən qaynaqlanan xəstəlik aşkar edilibmi?

“Bazarda keyfiyyətsiz məhsul təklif edən sahibkarlar araşdırılır”

Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Zaman-Azərbaycan”a açıqlamasında uşaqlar üçün istifadə olunan əmziklərin xarici ölkələrdən gətirildiyini bildirdi: “Uşaqlar üçün istifadə olunan bu cür məhsullar Azərbaycana xarici ölkələrdən gətirilir. Bu bazar idxal hesabına formalaşır. Bizə bu məhsullar əsasən Türkiyə, Çin, Rusiya, MDB və Avropa ölkələrindən gətirilir və bunların arasında keyfiyyətli olanları da, olmayanları da var. Təbii ki, bazarda keyfiyyətsiz məhsul təklif edən sahibkarlar araşdırılır və onların fəaliyyəti məhdudlaşdırılır”.
Fazil Talıblının sözlərinə görə, bu məhsulların istifadəyə yararlı olub-olmaması laboratoriya şəraitində yoxlanılır: “Onlardan nümunə götürülür və əgər bu məhsulun keyfiyyəti standartlara cavab vermirsə, həmin sahibkar barəsində müvafiq orqan tərəfindən ölçü götürülür. Lakin onu qeyd edim ki, bununla bağlı indiyə qədər bizim komitəyə heç bir şikayət daxil olmayıb. Bu da onu deməyə əsas verir ki, satılan məhsullar arasında keyfiyətliləri üstünlük təşkil edir”.
“İri topdansatış mərkəzlərində keyfiyyətsiz məhsullara daha çox rast gəlinir”
Komitə səlahiyyətlisi bir maraqlı məqama da toxundu: “Fürsətdən istifadə edib, istehlakçılara bildirmək istəyirəm ki, uşaqlar üçün istifadə olunan məhsulları alarkən bu sahədə ixtisaslaşmış obyektlərə müraciət etsinlər. İri topdansatış mərkəzlərində və ticarət obyektlərində bu cür məhsulların qeyri-qanuni yolla satışına daha çox rast gəlinir. Bu o deməkdir ki, sözügedən məhsullar sertifikatlaşdırılmadan satışa çıxarılır və sağlamlıq üçün təhlükəlidir”.
“Əmzik 1 yaşdan sonra uşaqlarda dişlərin deformasiyasına səbəb olur”
Pediatr Aytəkin Əbilova isə qəzetimizə müsahibəsində qeyd etdi ki, 1 yaşdan sonra uşaqların əmzikdən istifadəsi dayandırılmalıdır: “Əgər körpə südəmər dövrdə əmzikdən istifadə edirsə, onun üçün bir zərəri yoxdur. Lakin bir yaşından sonra əmzik uşaqda dişlərin deformasiyasına gətirib çıxara bilər. Buna görə də valideynlər 1 yaşdan sonra uşaqları bu vərdişdən uzaqlaşdırmalıdırlar”.
Pediatrın sözlərinə görə, ölkəmizdə uzun illərdir əmziklərdən istifadə olunur, lakin indiyədək hər hansı bir xəstəlik müşahidə edilməyib.


0 0



Şərhlər (Facebook)