Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanın Beren Saatı Mələk Heydərova danışdı: “Ailəmi yaradıcılığıma qurban vermərəm”


Azərbaycanın Beren Saatı Mələk Heydərova danışdı: “Ailəmi yaradıcılığıma qurban vermərəm”
Söhbət...


Bugünkü həmsöhbətim kifayət qədər cazibədar və istedadlı gənc aktrisa Mələk xanım Heydərovadır. Xatırladım ki, Mələk xanım aktrisalıqla yanaşı, ədəbiyyat sahəsinə də olduqca böyük maraq göstərir. Gün ərzində bir neçə kitabı eyni anda oxumaq fitri bacarığı ilə yanaşı, intellektual xanım həm də yazıçılıqla məşquldur. Bu yaxınlarda onun “Bizdə qadın” kitabı işıq üzü gördü. Kitab statistik- sosial rəylərə əsaslanan mövzulara dairdir. Bu barədə müsahibim özü danışır.
- Ümumiyyətlə, fədakar Azərbaycan qadınını zirvədə görürəm. Qadın mənim üçün o qədər kövrək duyğula malikdir ki, İnanın ki, həyatda hər bir şeyi qadınla bağlayıram. Qadın gözəllikdir, gücdür, dayaqdır, sevgidir. Və qadına qarşı haqsızlıqla barışmıram. İlk kitabım “Bizdə qadın” adlanır. Bu sosial mövzuya dair kitabdır. Lakin gələcəkdə istərdim roman yazam. Dəqiq deyə bilərəm ki, romanımın qəhrəmanı da məhz qadın olacaq. Artıq bunu indidən ehtimal etmişəm. Qeyd etdiyim kimi, qadına, dünyadakı bütün qadınlara qarşı həssasam və hətta təbiətin özünü belə qadınla müqayisə edirəm.

- Mələk xanım, söylədiniz ki, qadınları duyursunuz. Onların əzab- əziyyətlərini də hiss edə bilrsinizmi?

- Bəli. Dərhal hiss edirəm. Qarşımda əyləşən qadın kifayət qədər şən görünə bilər. Lakin, onun gözlərindən süzülən kədər nəzərimdən qaçmır.

- Yəqin, özünüz də az əzabla qarşılaşmamısınız...

- Olduqca böyük əziyyətlərim olub. Hardasa iki il bundan əvvəl özümə söz verdim. Bir daha ağlamayacağım barədə qəti fikrim məni ayağa qalxaraq, həyata yenidn başlamağıma təkan verdi. İnanın ki, olduqca böyük əziyyətlərdən keçdim. Həyatımda olmazın nankorluq və saxtakarlıqları ilə qarşılaşdım. Lakin, indi artıq başqalaşmışam. Ətrafa, mühitə, iinsanlara daha bəsit yanaşıram.

- Saxtakarlıq daha çox harda özünü biruzə verib; sənət yoldaşları, yoxsa şəxsi həyatda?

- Hər iki sahədə haqsızlıqla qarşılaşmışam. Üzumə gülənlərin arxamca danışıqları dəfələrcə qulaqlarıma çatıb. Amma bir gözəl müsbət cəhətim var; heç bir zaman gedib kiməsə bildirmərəm ki, onun barəmdə səsləndirdiyi və ya düşündüyü fikirlərdən xəbərdaram. Elə el arasında demişkən mən də gülə- gülə “yola verirəm” həmin şəxsi.

- Mələk adınızı sizə kim verib?

- Anam. Qeyd edim ki, babamın anasının adı da Mələk olub. Əslində isə anama bu ad yuxuda söylənilib. Təsəvvür edin ki, hələ mən doğulmamış, anam qəribə bir yuxu görür. Görür ki, bir mələk gəlib qonur onun çiyninə və anama söyləyir ki, onun qızı olacaq, adını isə Mələk qoysun ki, mələklər qədər rəhimli olsun və onlara bənzəsin. Və beləcə mən doğuldum (gülür).

- Harda doğulub boya- başa çatmısınız?

- Əslən Qəbələ şəhərindənəm. Lakin, 1989- cu il, mart ayının 31- də Bakı şəhərində dünyaya göz açmışam. Özümü həm qəbələli, həm bakılı hesab edirəm.

- Mələk xanım, niyə məhz aktrisalıq sənətini seçdiniz?

- Üçüncü kursa qədər Xəzər universitetində təhsil aldım. Elə üçüncü kursdan sonra hesab etdim ki, artıq sənətə başlamalıyam. Bu istək, bu sevgi daxilimdə o dərəcədə güclü idi ki, təhsilimdən uzaqlaşaraq, filmlərdə çəkilməyə başladım.

- Sizin aktrisalıqla yanaşı, telelayihələrdə yer alaraq, aparıcılıq etmək kimi qabiliyyətinizdən də xəbərdarıq.

- Bəli. Hal- hazırda Space telekanalının efirində yayımlanan “Mənim dəcəl balam” verilişinin aparıcısıyam. Uşaq verilişi aparmaq mənə xüsusi zövq verir. Onu da vurğulayım ki, Space telekanalının rəhbəri Vaqif Mustafayevin dəvəti ilə bu işə başladım və Vaqif müəllim tanınmış rejissor, istedadlı yaradıcı şəxs olmaqla yanaşı, həm də gözəl insan peşəkar müəllimdir. Karyeramda onun təşəbbüsü müsbət izlər qoyub.

- Hal- hazırda hər hansı filmə dəvətlisinizmi?

- Açığı, Ramin Hacıyevin rejissorluğu ilə yer aldığım “Ailəcanlı” serialı məni vaxt məhdudiyyəti ilə üz- üzə qoyur. Sözügedən serial komediya janrındadır və Xəzər telekanalında yayımlanır. Serialdakı obrazım olduca maraqlıdır.

- Sizə hansı obraz həvalə olunub?

- Mən varlı və yaşlı bir kişinin xanımı obrazını canlandırıram. Təbii ki, gəncliyimi və gözəlliyimi bu kişinin zahiri görünüşünə deyil, puluna qurban vermiş hesab olunuram. Hər cür vasitə ilə də çalışıram ki, bir ayağı gorda olan yaşlının bütün mirası mənə qalsın. Təsəvvür edin ki, kişinin də özümlə həmyaş övladları var (gülür)!
Ümumiyyətlə, serial çəkilişləri olduca çox zaman aparır və bu baxımdan, filmlər haqqında hələ ki düşünməyə macal tapmıram. Amma gələcəkdə maraqlı bir film obrazı təklif olunarsa, mütləq bu barədə düşünəcəm.

- Ürəyinizcə olan və arzusunda olduğunuz hansı obraza Mələk xanım “yox” deməz?

- İnanın ki, ən böyük arzum “BOMJ”- evsiz- eşiksiz səfili canlandırmaqdır. Mən insan əzabını o qədər qəlbdən yaşayıram ki, bu obrazı layiqincə canlandıracağıma inanıram. Əgər səfil insan həyatını filmdə canlandırmaq təklifi ilə qarşılaşsam, dərhal razılaşaram.

- Bu cür qaynar və ciddi cədvəl ilə planlaşdırılmış yaradıcılıq həyatında Mələk xanım öz şəxsi həyatına vaxt tapırmı?

- İnandırım sizi ki, vaxt azlığından özümə zaman ayıra bilmirəm. Yorğun oluram. Həftədə bir dəfə güc- bəla ilə dostlarla oturub dincəlməyə zaman ayırıram. Şəxsi həyatıma isə ümimiyyətlə zaman qalmır.

- Şəxsi həyat demişkən, bilirəm ki, subaysınız.

- Bəli.

- Ailə quracağınız insanda hansı xüsusiyyətlər sizi valeh edə bilər və həyat yoldaşı olaraq seçəcəyiniz bəydə görünüş sizin üçün əhəmiyyətlidirmi?

- Əvvəllər zahiri görünüşə üstünlük verirdim. Hər zaman düşünürdüm ki, ailə quracağım insan yaraşıqlı olmalıdır. Lakin, indi tam başqa düşüncədəyəm. İnsanın məni anlaması, mərhəmətli və vicdanlı olmağı ilə yanaşı, eyni zamanda mənə hörmət və ehtiram göstərməyi əsasdır. Bir sözlə, daxili gözəllik axtarışındayam. Bu prinsip məni dost və rəfiqə seçimimdə də müşahidə edir.

- Bir çoxları sizi Türkiyənin məşhur kino- aktrisası Beren Saata bənzədir.

- Bəli (gülümsəyir). Bu haqda mənə çox deyilib.

- Kifayət qədər məşhur ulduza bənzərliyiniz və uzun illər film və seriallarda yer almağınız dünya film nümayişlərinə niyə yol açmır?

- Mən qətiyyətlə vurğulayıram ki, zaman gələcək, Hollivud filmlərində yüksək qonorarlı aktrisa kimi yer alacam. Bunu tam əminliklə söyləyirəm. Bilmirəm bir, iki və ya beş ilə; amma bu arzum mütləq reallaşacaq! Qeyd edim ki, film yaradıcılığında ilk addımlarımı məhz tanınmış insanlarla birgə çalışmağımla başladım. Bu iş isə hər kəsə qismət olmur! Umumiyyətlə həyatda hər bir arzuma çatmışam. Təsəvvr edin ki, ilk film çəkilişim Osman Albayrakın “Oğurlanmış arzular” serialından başladı. Doğrudur, burda da mənfi obrazı canlandırırdım, lakin çəkilişlər seyr edənlər tərəfindən olduqca müsbət və maraqla qarşılandı. Uşaq vaxtlarımdan sevdiyim türk akrisası ilə eyni səhnəni bölüşəcəyim isə heç vaxt ağlıma gəlməzdi. “Çalıquşu” filmindən tanıdığımız və Fəridə obrazı ilə daha çox məşhurluğa imza atan, bir zamanlar Türkiyə gözəli seçilən məşhur Aydan Şener ilə “Həkimlər” serialında yer aldım.

- Yəqin ki, buna çox sevinirdiniz.

- Əlbəttə. Təsəvvür edin ki, biz filmin qala gecəsində yenidən onunla bir araya gəldik. O, olduqca səmimi və sadədir. Öz gözəlliyini indiyə qədər qoruyub saxlayıb. Baxmayaraq ki, həddindən artıq çox siqaret çəkirdi (gülür) amma, türk xanımlarının əksəriyyəti bu vərdişə meyillidir və bu hal onlarda normal hesab olunur.

-Gələcəkdə ailə sahibi olduqda, övladınıza hansı qadağaları qoyardınız və sənətə bağlılığı olsa mane olmazdınız ki?

- Nənəmin bir sözü vardı. Deyirdi ki, uşaq nanəcibdir. Mən gələcəkdə övladım dünyaya gəldikdə, on səkkiz yaşından sonra onu sərbəst buraxacam. Onsuzda uşağı valideyn tərbiyyəsindən sonra ikinci formalışdıran mühitdir. İstədiyin qədər tərbiyyə edə bilərsən; əgər övladının düşdüyü və ya düşəcəyi mühit qənaətbəxşdirsə, bu onun həyatının da firəvan olmasına zamindir.

- Bir çox gənc aktrisalar Merilin Monronu özlərinə kumir seçir. Bu haqda düşüncəniz?

- Vallah, mən Merilin Monronu asılı, depressiyadan əziyyət çəkən və yüksək yuxugətirici həblərin həddindən artıq qəbulu nəticəsində dünyasını dəyişən bədbəxt qadın kimi təsəvvür edirəm. Bəzən olur ki, sosial şəbəkələrdə Merilin Monronun paylaşımları ilə ətrafa ismarıc göndərən tanınan və ya adi xanımların paylaşımıları ilə qarşılaşıram. Axı Merilin Monro kim olub? Bədbəxt, taleyi üzünə gülməyən, daim özünə və ətrafdakılara sıxıntı və gərginlik gətirən zavallı insan! Bu cür uğursuz bir insan axı hansı ifadə ilə arxasınca xöşbəxt kütlə səsləyə bilər? Heç cürə!

- Ən çox sevdiyiniz Azərbaycan filmi?

- İki- üç il bundan əvvəl Elçin Musaoğlunun “Nabat” dram- filminə dəvət aldım. Film festival üçün nəzərdə tutulmuşdu. İnanın ki, bu çəkiliş məni o qədər valeh edib ki, mən o filmdən sonra heç bir film qalasına qatıla bilmirəm. “Nabat” filmində son kdrlarda iyirmi dəqiqəlik qadının canavarla qarşılaşma səhnəsi var ki, bu yerdə hər kəs alqış sədaları yüksəldirdi, mən isə dayanmadan göz yaşı axıdırdım. Nabat müasir filmlər içərisində zənnimcə ən uğurlu və ən səviyyəli filmdir.

- Hansı rəngləri sevirsiniz?

- Al- əlvan rəngləri çox sevirəm. Qırmızı, yaşıl təbiət rəngləri sevdiyim çalarlar içərisindədir. Ümumiyyətlə, onu qeyd edim ki, insan var ki, yağışlı hava onun əhval- ruhiyyəsinə təsir edir, mən isə bu cür hava şəraitində hüzünlənmirəm. Daha çox kitab oxuyuram, öz üzərimdə daha çox çalışıram, həyatın dinamikliyi və axıcılığına baş vururam.

- Həzin səsiniz var. Film dublyaji və ya qiraətə münasibətiniz necədir?

- Təklif olarsa, böyük məmnuniyyətlə razılaşaram. Qeyd edim ki, dəfələrlə şeir səsləndirmişəm. Peşəkarlar müsbət qarşılayıblar.

- Oxuculara müraciətiniz?

- Sözüm güclü və yenilməz Azərbaycan qadınınadır. Mən hələ indi özümü tapmışam. Sırf mənəvi dünyamla qarşılaşmışam. İstərdim ki, siz də özünüzü tapasınız. Güclü və qüvvətli olasınız. Heç bir zaman təslim olmayasınız. Mənim aləmimdə Azərbaycan qadını; güvvətli əsgər anasıdır, gözəl həyat yoldaşıdır, baxımlı və zövqlü xanımdır, an başlıcası isə zərif və hər zaman sevgiyə, mərhəmətə, ülvi, isti, nəvaziş dolu ailə ocağına və qayğıya ehtiyacı olan qadındır... Azərbaycan qadını elə sözün əsl mənasında ƏSL QADINDIR...

Aynur Nurlu



0 0



Şərhlər (Facebook)