Azərbaycan İnformasiya Agentliyi (AİA)


Akif Çovdarov agentlərə xərclənən pullar haqda danışdı


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi general Akif Çovdarov istintaqa ifadəsi zamanı agentura şəbəkəsi, bu şəbəkəyə ayrılan pulların kimin göstərişi ilə və necə xərclənməsi ilə bağlı suallara cavab verib
Məlum olduğu kimi, həbsdə olan general və onun rəhbəri olduğu idarənin digər 3 əməkdaşına qarşı irəli sürülən ittihamlardan biri də külli miqdarda mənimsəmədir.
Belə ki, ittihama görə, Akif Çovdarov və onun idarəsinin 3 əməkdaşı - polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov dövlət büdcəsindən agentura şəbəkəsinə xərclənməsi məqsədi ilə ayrılmış külli miqdarda vəsaiti mənimsəyiblər.

DTX-nın 2 milyon 917 min manatlıq iddiası


Bununla bağlı olaraq da Dövlət Təhlükəsizlik Xidməti (DTX) Çovdarov və digərlərinə qarşı mülki iddia ilə çıxış edib. Adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinə DTX da tərəf kimi qoşularaq zərərçəkmiş kimi tanınmasını istəyib. MTN-nin ləğvindən sonra yaradılan qurum agentura şəbəkəsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan 2 milyon 917 min manat pulu Çovdarov və digərləri tərəfindən mənimsənilərək şəxsi məqsədləri üçün xərcləndiyini bildirir və həmin məbləğin təqsirləndirilən şəxslərdən alınaraq DTX-ya ödənilməsini tələb edir.

Bəs Akif Çovdarov bu epizod üzrə nə deyib?

Musavat.com Çovdarovun istintaqa bu epizod üzrə verdiyi ifadəni əldə edib. General istintaqa ifadəsində müvəqqəti cəlb olunmuş şəxslərə pul mükafatlarının verilməsi məsələsində maddi məsul şəxs olduğunu təsdiqləyib.
O bildirib ki, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN Maliyyə İdarəsinin kassasından pul götürülməsi üçün keçmiş nazir Eldar mahmudovun adına raportla müraciət edib, sonradan isə öz idarəsinin əməkdaşlarına vəkalətnamə verib. Həmin əməkdaşlar da pulları götürüb və müvəqqəti cəlb olunmuş şəxslərə veriblər.
Çovdarov: "Agentlərlə tam məxfi rejim şəraitində..."
A.Çovdarov istintaq zamanı ona təqdim edilmiş 32 ədəd raportlardakı imzaların özünə məxsus olduğunu təsdiqləyib. O deyib ki, əməliyyat təminatı məqsədilə müvəqqəti cəlb olunmuş şəxslər barədə baş idarədə heç bir məlumat yoxdur. Heç bir rəsmiyyətdə də əks olunmayıb. Onun sözlərinə görə, agentlərlə tam məxfi rejim şəraitində əməkdaşlıq edilib və mükafatlandırılan şəxslərə pullar verilərkən məxfiçilik qaydalarına görə onlardan heç bir qəbz alınmayıb.
Əməliyyat başa çatdıqdan sonra həmin agentura hissəsi ilə bağlı bütün məlumatların aktlaşdırılaraq məhv edildiyini qeyd edən Çovdarov əlavə edib ki, MTN əməkdaşları Səlim Məmmədova, Akif Əliyevə və Ramin Hüseynova vəkalətnamələri özü verib. Həmin vəkalətnamələr MTN-in Maliyyə İdarəsindən pulların götürülməsi məqsədilə verilib.
Çovdarov avans-hesabatlardakı imzaların da özünə məxsus olduğunu təsdiqləyib. General deyib ki, həmin hesabatlardakı əməliyyat tədbirlərinin hamısı olub və həyata keçirilib. Həbsdəki general əməliyyat tədbirlərinə müvəqqəti cəlb olunmuş şəxsləri tanımadığını, onlarla görüşmədiyini söyləyərək, bu işlərlə rəisi olduğu baş idarənin əməkdaşlarının məşğul olduğunu deyib.

Əcnəbi agentlərə də pul verilib...

Dindirilmə zamanı işçiləri Akif Əliyev, Səlim Məmmədov və Ramin Hüseynov tərəfindən götürülmüş 920.000 manat, 455.000 dollar və 790.000 avro məbləğində pul vəsaitlərinin ona verilmədiyini deyən Çovdarov bir daha qeyd edib ki, həmin pullar avans-hesabatlar yazılaraq müvəqqəti cəlb olunmuş şəxslərə təhvil verilib. O, müvəqqəti cəlb olunmuş şəxslərin yalnız Azərbaycan vətəndaşları yox, həmçinin əcnəbilər də olduğunu vurğulayıb.
Akif Çovdarov ifadəsində onu göstərib ki, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün rəhbərlik etdiyi idarə tərəfindən əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə, faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara və etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 dollar və 790.000 avro məbləğində pul vəsaitlərinin təyinatı üzrə xərclənməyərək ələ keçirilməsi yalandır. Çovdarov həmçinin həmin məbləğin sabiq nazir Eldar Mahmudova və sabiq nazir köməkçisinə verilmədiyini də bildirib.
Qeyd edək ki, DTX-nın Akif Çovdarov və digərlərindən tələb etdiyi 2 milyon 917 min manat, istintaq zamanı generaldan soruşulan 920 min manat, 455 min dollar və 790 min avrodur. Mülki iddia zamanı DTX 455 min dolları və 790 min avronu manatın həmin zamankı (mülki iddianın məhkəməyə təqdim etdiyi zamana) məzənnəsi ilə tələb edir.


0 0



Şərhlər (Facebook)