Azərbaycan İnformasiya Agentliyi (AİA)


Barama istehsalçılarına yaş baramanın hər kiloqramına görə 5 manat subsidiya veriləcək


Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsi müəyyən edilib.

Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarını AZƏRTAC-a şərh edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı tərəfindən cari ildə respublikada barama istehsalının ən azı iki dəfə artırılması barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezidentin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Görülmüş tədbirlər nəticəsində 2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində çəkdikləri zəhmət hesabına istehsal etdikləri məhsulun müqabilində 600 min manata yaxın gəlir qazanıblar.

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli Sərəncamı baramaçılığın və ipəkçiliyin inkişafına dair dövlət dəstəyinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etməklə sahənin inkişafına əlavə stimul verib. Dövlətimizin başçısının “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və 2016-cı il tarixli 16 noyabr Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə tut (çəkil) tinglərinin alınması üçün 600 min manat, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə 163 min manat vəsait ayrılıb.

Respublikda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının möhkəmləndirilməsinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında 1,5 milyon ədəd tut tingləri tədarük edilib və bölgü əsasında ödənişsiz qaydada 37 rayona paylanılıb. Bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib.

“Dövlətimizin başçısının tapşırıqları və barama istehsalçılarının stimullaşdırılması, tut ipəkqurdunun yem bazasının möhkəmləndirilməsi hesabına 2017-ci ildə brama istehsalının təxminən 120 tona çatdırılması nəzərdə tutulur. Cari ildə qarşıya qoyulmuş hədəflərə çatmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hibrid ipəkqurdu toxumunun (sənaye qrenası) alınaraq respublikaya gətirilməsi və kümçülərə ödənişsiz olaraq paylanmasını təşkil etmək məqsədilə tender elan olunub. Əldə edilmiş hibrid ipəkqurdu toxumunun (sənaye qrenası) barama istehsalı ilə məşğul olmaq istəyən istehsalçıların müraciəti əsasında rayonlar üzrə bölgü əsasında paylanılması planlaşdırılır. Bununla yanaşı, respublikada barama toxumçuluğunun inkişaf etdirilməsi ipəkqurdunun damazlıq və sənaye toxumlarının istehsalının təşkili üçün müvafiq infrastrukturun yaradılmasına yeni başlanıldığını nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasının beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması istiqamətində də işlər davam etdirilir”, - deyə İ.Cümşüdov diqqətə çatdırıb.


0 0



Şərhlər (Facebook)