Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycan Ordusu xalqımıza qələbə sevinci bəxş etdi


Azərbaycan Ordusu xalqımıza qələbə sevinci bəxş etdi

Azərbaycan Ordusu xalqımıza qələbə sevinci bəxş etdi
Bu gün Azərbaycan əsgəri mükəmməl və möhtəşəm bir mənəvi dəstəklə əhatə olunub.
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Aprelin 2-dən başlayaraq Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq, qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir.
Daha dəqiq desək, Azərbaycanın silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Əslində, bu gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistanın separatçı rəhbərliyi zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, “qüdrətli və məğlubedilməz erməni ordusu”nun imicini reklam etməklə siyasətdəki yerlərini möhkəmləndirməyə çalışsalar da, yenə də Azərbaycan Ordusu onları zamanında yerlərində oturtdu və dərslərini verdi.

Hadisələrlə bağlı Ali Baş Komandan, ölkə Prezidenti tam heyəti ilə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib: “Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir”.
Ölkə Prezidenti, həmçinin bildirib ki, Ermənistan nə qədər ki, təxribatçı əməllərə əl atacaqsa, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”.
“Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”-deyən dövlət başçısı bildirib ki, bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar.
Ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyü üçün artıq çıxış yolunu geri çəkilməkdə görüb. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə də bir daha Azərbaycan Ordusunun gücündən, xüsusilə də təmas xəttində öz üstünlüyünü daha da möhkəmləndirməsindən danışıb: “Erməni işğalçılarının bu təxribatlara əl atması birinci dəfə deyil. Mən dəfələrlə demişəm ki, onlar işğal olunmuş torpaqları daim öz nəzarətlərində saxlamaq istəyirlər, sülh istəmirlər, danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Bütün beynəlxalq, əxlaqi normaları pozublar, mülki əhaliyə atəş açırlar. Bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan-Azərbaycan sərhədində, Qazax istiqamətində təxribat törədiblər və hərbçilərimiz həlak olub. Bu hadisələr zamanı daima bizim kəndlərimizi atəşə tuturlar, mülki əhalidən həlak olanlar var. 300-ə yaxın evə ziyan vurulub. Onların hərəkətləri budur. Azərbaycan Ordusu, əsgərləri heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq”.

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu da əsassız deyil. Çünki Ermənistan daha çox tənəzzülə uğrayır. Dövlət başçısı çıxışlarında da dəfələrlə vurğulayıb ki, Ermənistan bu gün dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir: “Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Ona görə də Ermənistan rəhbərliyi öz xalqını aldatmaq məqsədilə cəbhədə dövri olaraq təxribatlar törədir, atəşkəsi gündə on dəfələrlə pozur. Bu isə tələb edir ki, Azərbaycan Ordusu gündən-günə möhkəmlənsin və daha da qüdrətli olsun. Biz buna nail oluruq”.
Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində silahlı qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayş etdirdilər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır.
Göründüyü kimi, artıq Azərbaycan öz qüdrətli, güclü ordusu ilə sözünü deyir və beynəlxalq aləm bunu dərk edir. Çox inanmaq istərdik ki, Azərbaycan Ordusunun məhz bu uğurlu blits-krikindən sonra, dünya birliyi xalqımızın ədalətli tələbini, eləcə də BMT-nin qəbul etdiyi dörd qətnamənin tez bir zamanda yerinə yetirilməsi qərarını dəstəkləyəcək və yerinə yetirilməsinin vacibliyini dərk edəcəklər.


Beyləqan suvarma Sistemləri idarəsinin rəisi,
Ələmşad Məmmədquliyev



0 0



Şərhlər (Facebook)