Azərbaycan İnformasiya Agentliyi (AİA)


Prezidentdən dünyaya mesaj: “Açıq ölkə, azad media və demokratiya...”


Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Azərbaycanın bundan sonrakı demokratik inkişafı ilə bağlı aparılacaq siyasətindən danışıb.

Məlumdur ki, hər seçki ərəfəsi xüsusilə Azərbaycana dost olmayan qüvvələr və onların əlaltıları ən müxtəlif üsullarla ölkənin demokratiya sahəsində uğurlarına ləkə gətirməyə çalışırlar. Qusmanla müsahibədə də prezident İlham Əliyev bu məsələlərlə bağlı geniş danışıb.

Prezident deyib ki, Azərbaycan dünya üçün açıq ölkədir: “Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik”.

Dövlət başçısı səmimi şəkildə etiraf edib ki, “əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik”.

Prezidentin bu fikirləri daha çox diqqət çəkir: “Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb”.

Dövlət başçısı vətəndaşı nəzarəti ilə bağlı çağırışlarını da yada salıb: “Bizim hələ inkişaf etdirməli olduğumuz istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etmək istərdim. Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik”.

Cəmiyyətin radikallaşması ilə bağlı risklə toxunan dövlət başçısı “potensial baxımdan bütün müsəlman ölkələrində bu cür təhlükə var” deyə, bildirib. İ.Əliyev əlavə edib ki, əsas məsələ hökumətin, cəmiyyətin buna necə münasibət bəsləməsi, cəmiyyətin vəziyyəti, onun bu ideyanı qəbul edib-etməməsidir: “Buna görə biz çoxdan başa düşmüşük ki, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil. Biz bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idik və buna nail olduq. Biz bu məkanı özümüzün fəal hərəkətlərimizlə məhdudlaşdırmalıyıq”.

Dövlət başçısı müsahibədə ölkə idarəetməsində nəzarət mexanizminin mühüm olduğunu qeyd edib: “Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”. Müsahibəsində dövlət başçısı qarşıdakı illərdə idarəetmə sisteminin təkmilləşdiriləcəyini söyləyib.


0 0



Şərhlər (Facebook)